.jpeg)
Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbin IV “a” sinif şagirdlərinin buraxılış gecəsində zal dolu, səhnə hərəkətli idi. Səhnəciklər, rəqslər, mahnılar bir-birini əvəz etdikcə zal təlatümlənir, kiçik məktəblilərin səsi alqış sədaları altında gah zəifləyir, gah gurlaşırdı.
İlıq may günlərinin biri onlar üçün də vida günü oldu, bir sinfə, bir mərhələyə “əlvida” dedilər.

Valideynləri müəllimləri ilə birləşib onlara unudulmaz məzuniyyət tədbiri, Lənkəran Mədəniyyət Mərkəzinə dəvət edilən qonaqlara isə əyləncəli anlar yaşatdılar.
Səhnəyə çıxar-çıxmaz şəhidləri andılar, zalda onların ailələri, müharibənin acı nəticələrini həyatında hamımızdan çox hiss edənlər vardı. Qazilər və şəhid ailələrindən nümayəndələr zaldan onları izləyirdilər. Sadəcə onlar da deyildi. Rayon təhsil sektorunun rəhbəri Ağamməd Şənmədov, təhsil ictimaiyyətinin nümayəndələri, valideynləri, növbəti təhsil mərhələsində onlara dərs deyəcək müəllimləri qonaqlar sırasında idi.
.jpeg)
Özünəməxsus təqdimat
Onlar 30 nəfərdirlər. Hər biri IV sinfin buraxılış tədbirinin fəal iştirakçısı oldu. Hər biri öz sözünü özünəməxsus dedi. Sözə özlərini təqdim edərək başladılar. Özü də sadəcə ata-analarının qoyduğu adla yox, həm də müəllimlərinin çağırdığı adla təqdim etdilər. Hər biri özünə 4 il boyunca müəllimlərinin baxdığı gözlə baxdı. Məsələn, Nurfazə Əliyeva dedi müəllimi onu muncuğa bənzədərək ya “Muncuğum” deyə çağırıb, ya da “Nuruşum”. Nuranə Abışlı “Gözlərim zeytun kimi qaradır deyə müəllimim məni “qara Zeytunum” çağırıb”, - dedi. Rza Məliklinin dediyinə görə, xətti qarmaqarışıq olduğu üçün müəllimi ona “Ərəb şeyxi” adı verib. Mirmusa Musazadə Birləşmiş Ərəb Əmirlikləri haqqında maraqlı araşdırmalarına görə müəllimindən “Şeyx-ül Musa əl Musayi” ləqəbi, gözəl səs tembri, musiqi duyumu olan Aygün Əliyeva isə “Xalq artisti” adını alıb. Ayxan Axundov hər işi qüsursuz görməyə çalışır, ona görə müəllimi onu “Dəyərlim” deyə çağırıb. Dəcəl Uğur Əbilzadə deyir ki, müəllimi onu “Sinfin göz muncuğu” adlandırıb. Bu əzizləyici, onları öyən çağırışlar hər birinin ruhunu oxşayıb. Amma müəllimlərini arada acıqlandırıblar da. Bax, onda müəllimlərinin dəyişən səs tonu, adlarının üzərinə qoyduğu vurğu özlərini yığışdırmalarına bəs edib. Onu da Rəsuldan öyrəndi hər kəs. Hər zaman “Rəsul müəllim” çağrılan Rəsul Həsənli birdən-birə müəlliminin “Rəsul!!!” deyə səslənişindən anlayır ki, nəyisə düz eləmir.
Onlar vətənpərvərdirlər
Bu 4 ildə müəllimlərindən çox şey, ən önəmlisi, vətəni sevməyi öyrəniblər. Sevgiləri himn səsləndiyi andan hiss olundu. Budur, ilk notlarda hər biri əlini sinəsinə qoyub oxumağa başlayır.
.jpeg)
Vətəni sevirlər, çünki onu yaxşı tanıyıralr. Bunu da hazırladıqları səhnələr, şeirlər, musiqilər, rəqslərlə isbat etdilər. Məsələn, tarixlə böyük bağ qurub, keçmişə bilgilərlə, araşdırmalarla bağlanıblar. Buraxılış tədbirlərinə “Tarixdən gələn səslər bizi gələcəyə səslər” adını da təsadüfən seçməyiblər. Bunu tamaşaçı səhnəyə çıxan İokio babanın əynindəki sehirli xalatla keçmişə səyahəti zamanı gördü. Gördü ki, məktəblilər tarixi keçmişlərindən nə qədər məlumatlıdırlar. Məsələn, şagirdlər Qazan xanın diyarına düşdü, Dədə Qorqudla qarşılaşdılar. Elşad Abasəliyevlə Renat Hümmətzadənin oynadığı bu səhnəcikdə keçmişini artıq öyrənməyə başlayan balacalar gələcəklərinə sahib çıxmağa hazır olduqlarını, Dədə Qorqudun əmanətini qoruyacaqlarını bəyan etdilər.
Sonra səhnəyə Bəyim ağa Cavanşir, Xurşudbanu Nətəvan çıxdı, onların xeyriyyəçi əməllərindən danışıldı, tamaşaçı “Uzundərə” rəqsinin tarixçəsini, adının haradan gəldiyini rəqsi ifa edən Nurfazə Əliyeva ilə Rəsul Həsənlidən öyrəndi.

Şagirdlər səhnədə ən müasir tariximizin şanlı səhifələrini də vərəqlədilər, Vətən müharibəsini, savaş qəhrəmanlarını da yad etdilər. Gah “Döyüşə gedər igidlər” oxuyub ruhları pərvazlandırdılar, gah da şəhid xanımı ilə müsahibədə hər kəsin gözünü yaşartdılar. Şəhid Taleh İsmayılovun həyatından, qəhrəmanlığından bəhs edən məktəblilər sözü şəhid xanımına verəndə bəlli oldu ki, uşaqların səhnə fəaliyyətləri hər kəsi olduğu kimi, onu da kövrəldib. Başqa yol yox idi, özü də ibtidai sinif müəllimi olan Gülay xanım məktəblilərə sözünü elə ağlaya-ağlaya dedi: “Bu səhnədən sonra danışmaq çox çətindir. Onlar böyüdükcə Talehin xatirəsi də onların ürəyində böyüyəcək”.
Şəhid Vüqar Heydərovun atası, uşaqların “məktəbimizin canlı əfsanəsi” deyə təqdim etdikləri qazi Emin Quliyevin ürəkləri titrədən çıxışı məktəblilərin gələcəyimizə sahib çıxacağına inam ifadə etdi.
Problemi həlletmə bacarıqlarını məharətlə göstərdilər
Səhnədə uşaqlar sərbəstdirlər. Problemlə qarşılaşanda çaşıb qalmır, bir-birilərini vəziyyətdən çıxarırlar. Məsələn, əl mikrofonu işləməyən məktəbli səhnəcikdə sözlərinə mikrofonsuz davam etməyə qərar vermişdi ki, yoldaşları ona alternativ variant təklif etdilər, işarə ilə onu səhnənin mərkəzindəki mikrofona yönləndirdilər. Üstəlik, bununla bağlı kənardan hər hansı tövsiyə, işarə almadan.
.jpeg)
Səhnədə sərbəst göründülər görünməsinə, amma tamaşaçının onların ürəyindəki çırpıntıdan, həyəcanını sakitləşdirmək üçün səhnə arxasında göstərilən səylərdən xəbəri olmadı. Məsələn, hər işi mükəmməl görməyə çalışan Ayxan həyəcanını da sonuna qədər yaşadı. Bu zaman da səhnə arxasında uşaqlara dəstək olmağa çalışan valideynlərə böyük iş düşdü, Ayxanı toparlamaq, həyəcanını azaltmaq üçün əllərindən gələni etməli oldular.
“Dərd”lərinə gülməyi də bacarırlar
Uşaqlar səhnədə “Böyük summativ”, “kiçik summativ”, “monitorinq”ə də münasibət bildirib böyük dünyalarında yer alan kiçik “dərd”lərini də dilə gətirdilər. Tamaşaçılara göstərdilər ki, çətinliklərinin öhdəsindən gəlmə qabiliyyətləri inkişaf edib, lazım gələrsə, ən böyük “dərdləri”nə gülməyi də bacarırlar.
Yeri gəlmişkən, 10 nömrəli məktəbin dördüncülərinin- bundan nə qədər başlarının bəlası kimi danışsalar da - monitorinq nəticələri ürəkaçandır. Artıq 2 monitorinqin nəticələri bəllidir və rayon üzrə ilk 20-likdə qərar tutublar.
.jpeg)
Başqa nə öyrəniblər? Səhnədə “Doğruluq”, “Ədalətlilik”, “Sadiqlik”, “Qayğıkeşlik” kimi böyük dəyərlərə də sahib olduqlarını bəyan etdilər. Onlar öz hüquqlarını müdafiə etməyi öyrəniblər. Valideynləri deyir ki, nəinki öz hüquqlarını bilir, hətta yeri gələndə, ata-analarını da müdafiə edirlər. Onlar ədalətli olmağı, qayğıkeşliyi öyrəniblər və öyrəndiklərini məharətlə tətbiq edirlər. Məsələn, Muhəmməd Nemətlinin valideyni Natəvan xanım deyir ki, onun oğlu çox qayğıkeşdir: “Özündən balaca iki qardaşı var, onların qayğısına qalır. Bu əlavə məsuliyyət onun dərslərində uğur qazanmağına mane olmur. Özü də olimpiada qalibidir. 1-11-ci sinif şagirdlərinə riyaziyyat biliklərini sınağa çəkmək və inkişaf etdirmək imkanı verən FMO - Fermat Riyaziyyat Olimpiadasında II yeri tutub”.
Valideyn Səyalı Əliyeva səhnə arxasındadır. Qızı Nurfazə Əliyeva və onun sinif yoldaşlarının böyük bir tədbirin öhdəsindən uğurla gəldiklərini deyir: “Rayonumuzdan sayılıb-seçilən şəxslər qonağımız oldu. Hər birinə əyləncəli anlar yaşatdığımızı düşünürük.

Son bir ayda intensiv məşq etdik, hazırlaşdıq. Biz də müəllimləri ilə birlikdə çalışdıq. Elə səhnə arxasında da boş dayanmadıq. Uşaqlar özləri də çox ağıllıdırlar, yaxşı hazırlaşıblar və bizim yönləndirməyimizə ehtiyac duymadan hər biri öz üzərinə düşən vəzifəni icra etdi. Biz, sadəcə, onların işini sürətləndirməyə, daha tez geyinib-soyunmalarına, həyəcanlananda sakitləşdirməyə kömək etdik. Amma inanın ki, həyəcanlarını belə idarə etməkdə mahir idilər.
Məsələn, Ayxan Axundovun səhnə arxasında həyəcandan ürəyi belə bulanırdı, amma səhnədə bunu hiss etdirməməyə, sakit görünməyə çalışdı. Qızım Nurfazə Əliyeva tədbirin aparıcılarından biri idi. O, bu tədris ilindən qatılıb sinfə və artıq aparıcı yerlərdən birini tutub. İlk günlər bir az çətinliyi olsa da, qısa müddətdə uşaqlarla qaynayıb-qarışdı. İndi onlarla birlikdə böyük uğurlara imza atır”.
Müəllim-şagird bağı
Şagirdlər “Bizim sinfimiz” oxuyub özlərini, “Müəllim ömrü” ilə də müəllimlərini öydülər. Bilirsinizmi, dördüncülərin öydükləri Samirə müəllim kimdir?

Samirə Dadaşova 1988-ci ildən, yəni 19 yaşından müəllimdir, əvvəlcə Lənkəranın Boladı kənd 1 nömrəli tam orta məktəbində, sonra Osman Mirzəyev adına qarışıq tipli uşaq evində çalışıb. Artıq 33 ildir ki, 10 nömrəli tam orta məktəbin müəllmidir. Bu il məktəbin 8-ci buraxılışı ilə vidalaşır. Sertifikatlaşdırma prosesinin uğurlu müəllimlərindəndir. 54 balla adını ən yaxşı müəllimlər siyahısına yazdıra bilib.
O, yaxşı müəllim kimi, sadəcə, sertifikatlaşdırma nəticəsi ilə tanınmır. Şagirdləri ilə aralarında qurduqları şirin bir bağ var və bu bağ onlar böyüdükcə qopmur. Məsələn, müəllimlərinin 8-ci buraxılışına artıq VIII sinifdə oxuyan 8 şagirdi də qatılıb və hələ də müəllimlərinin gözünə eyni sevgi ilə baxdıqlarını deyirlər.
S.Dadaşova buraxılışlarının hamısını təntənə ilə yola salıb. 4 ildir ki, bərabər olduğu şagirdlərini də təntənə ilə yola salarkən özünəməxsus davranışları diqqətimizi çəkdi. O, uşaqlara kənardan hər hansı işarə vermədən, onları istiqamətləndirmədən, hər hansı müdaxilə etmədən təşkil etdiyi tədbiri sonuna qədər tamaşaçılarla bərabər izlədi. Yetirmələri də onun kimi sərbəstdirlər. Gözlərini müəllimindən ayırmayan, ondan işarə gözləyən məktəblilərdən çox fərqlənirdilər. Bu da o deməkdir ki, onlar düzgün yetişdirilib, müstəqil fəaliyyət göstərməyi, özünə güvənməyi öyrəniblər.
İndi bunu başqaları öyrənəcəklər. Onlar da buradadırlar. Samirə Dadaşovanın məktəbəhazırlıq qrupunun uşaqları estafeti almaq üçün bəzənib-düzənib hazır vəziyyətdə sıralarını gözləyirdilər. Ən maraqlı anlardan biri də dördüncülərin səhnədə hazırlıq qrupunun balaca şagirdlərinə istiqamət verməyi oldu. Bir neçə nəfər onların səhnədə hərəkətini tənzimlədi, bir nəfər isə səhnədə olan körpə davamçılarında aşağıdan istiqamət verdi, musiqiyə uyğun hərəkətləri xatırlatdı. Balacalar onlardan böyük məktəblinin hərəkətini olduğu kimi təkrarladılar və səhnədə möhtəşəm rəqs nümunəsi göstərdilər.
Bir qrup gedər, bir qrup gələr, amma məktəb unudulmaz
Beləliklə, bir-birini əvəz edən məktəblilər maraqlı, qürur dolu, əyləncili anlara imza atdılar. Onlar göstərdilər ki, müəllimlərinin sevgi dolu bağrı heç vaxt boş qalmayacaq, bir qrup gedəcək, onu başqa bir qrup əvəz edəcək.

Həyat da belə deyilmi?
Biri üçün son başqa birisi üçün başlanğıcdır. Tədris ilinin sonu, sadəcə, ayrılıq demək deyil, həm də başlanğıcdır. Məktəbəhazırlıq qrupu üçün ibtidai təhsil səviyyəsinin başlanğıcı olan o gün IV “a” sinfinin uşaqları ümumi orta təhsil səviyyəsinə addım atdı.
Uğurlarınız davamlı, yolunuz açıq olsun, əziz məktəblilər. Yeni tədris ilində, növbəti təhsil mərhələsində görüşərik.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər