Mingəçevir şəhərində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilən “Gənclər həftəsi”nin ilk günlərindən etibarən bir-birindən maraqlı tədbirlərin şahidi oluruq. Şəhərin aktiv, sosial fəaliyyətlərlə məşğul olan gəncləri Mingəçevir Gənclər Evində toplaşaraq öz bilik və bacarıqlarından birgə istifadə etməklə müvəffəqiyyət yolunda əmin addımlar atırlar.
“Azərbaycan müəllimi” olaraq bu silsilə tədbirlərin gedişində onların uğur hekayələrini, eyni zamanda Gənclər Evinin bu uğurlardakı rolunu daha yaxından araşdırmağa çalışdıq.
İlk olaraq, gənclərin təltifetmə mərasimində iştirak etdik və bu bizə ölkənin gələcək ümidləri olan fəal və bacarıqlı gənclərlə tanış olmağa imkan yaratdı. Düşünürük ki, hər bir uğurlu gəncin arxasında dəqiq hədəflər, zəhmət və dözümlülük dayanır. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və şəhərin müxtəlif təhsil müəssisələrinin rəhbərlərinin mərasimə qatılması, gənclərə dəstəyin gözəl nümunəsidir. Onların tədbirdə iştirakı, gənclərin nailiyyətlərinin nə dərəcədə dəyərli və diqqətəlayiq olduğunu bir daha təsdiqlədi
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov Gənclər Evinin bu modellər əsasında fəaliyyət göstərməsinin bütövlükdə bölgədə gənclərin daha fəal, yaradıcı və ictimai həyatda nüfuz sahibi olmalarına xidmət etdiyini bildirir. Onun fikrincə, Gənclər Evi gənclərin yalnız bilik və bacarıqları ilə kifayətlənməyərək, sosial və mədəni sahələrdə də təşəbbüslərlə çıxış etmələrinə zəmin yaradır. Azad Gözəlov vurğulayır ki, bu yanaşmalar təkcə bölgə gənclərinin deyil, bütövlükdə ölkənin gənclər siyasətinin əsas prinsiplərindən biri olan inklüzivlik və dayanıqlı inkişaf məqsədlərini dəstəkləyir.
Rəsmi hissənin ardından baş tutan konsert proqramı isə tədbirə başqa bir rəng qatdı. Tələbələrin öz istedadlarını tamaşaçıların qarşısında sərgiləməsi, sənətin gənclər üçün həm yaradıcılıq, həm də özünüifadə vasitəsi olması baxımından çox önəmlidir. Məktəbdə öyrəndikləri nəzəri biliklərdən əlavə, gənclər bu cür konsert və mədəni fəaliyyətlər vasitəsilə təşəbbüskarlığı, komanda içində işləməyi və ictimaiyyət qarşısında sərbəst çıxış etməyi də mənimsəyirlər.
Ertəsi gün keçirilən “Zəka Arenası” intellektual yarışında isə 9-11-ci siniflərdən 70 şagirdin biliyini sınaması, yarışın əhatə dairəsini və əhəmiyyətini göstərirdi. Salondakı gərginlik və həyəcan, gənclərin bu yarışı nə qədər ciddiyə aldığını, qalib olmaq üçün necə canla-başla səy göstərdiklərini hiss etdirirdi. Biz, müəllimlər də bu yarışda iştirak etməklə, onların bilik səviyyəsini müşahidə edir, həmçinin məktəb mühitində verilən təhsilin real bilik yarışmalarında öz əksini necə tapdığını görürdük. Bu cür intellektual tədbirlər, şagirdlərin analitik düşüncə tərzini inkişaf etdirməklə yanaşı, bir-biri ilə rəqabət aparma və uğur qazanma istəyini də stimullaşdırır.
Bu tədbirlərdən sonra Gənclər Evini daha dərindən tanımaq istəyi bizi mərkəzin gənc əməkdaşı Pənah Kərimovla görüşdürdü. O, səmimi halda söhbətə başlayıb Gənclər Evinin məqsədləri və iş prinsiplərindən danışdı.
Gənclər Evinin fəaliyyət istiqamətləri və sosial xidmət modelləri
Pənah Kərimovun sözlərinə görə, Mingəçevir Gənclər Evi gənclərə, ilk növbədə, müasir əmək bazarının tələblərinə uyğun bacarıqları aşılayaraq onların karyera imkanlarını genişləndirməyə çalışır. Mərkəzdə müxtəlif təlim proqramları, seminarlar və debat klubları təşkil olunur ki, burada iştirak edən hər bir gənc həm öz sahəsi üzrə praktiki təcrübə toplayır, həm də ünsiyyət, liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirir. Bura gələnlər uğurlu layihə yazma, karyera planlaması, innovativ texnologiyalardan istifadə, xarici dillərdə sərbəst danışmaq kimi bilikləri mənimsəməklə yanaşı, ictimai layihələrdə də könüllü iştirak edərək sosial məsuliyyət və təşəbbüskarlıq keyfiyyətlərinə yiyələnirlər. Pənah Kərimov vurğulayır ki, hər bir gənc Gənclər Evində təkcə peşəkar deyil, həm də fərdi və sosial cəhətdən inkişaf edərək, gələcəkdə daha rəqabətqabiliyyətli mütəxəssisə çevrilir və cəmiyyət üçün faydalı vətəndaş rolunu həyata keçirə bilir.
Bu modellərin uğurlu tətbiqində Gənclər Evində dərnək rəhbəri kimi fəaliyyət göstərən Hümay Baxışovanın xüsusi rolu var. O, gənclərlə “conversation” və “cinema club” adlı görüşlər təşkil etməklə onların dil biliklərini artırmağa yönəlmiş mühit formalaşdırır. Onun sözlərinə görə, xarici dildə danışmaq və filmləri orijinalda müzakirə etmək gənclərin dil vərdişlərini sürətlə inkişaf etdirir. Eyni zamanda, H.Baxışova gənclərə xaricdə təhsil imkanlarından faydalanma yollarını da göstərir, onlarla məsləhətləşmələr aparır və öz təcrübəsini paylaşır. Beləliklə, mərkəz sadəcə yerli mühitdə deyil, beynəlxalq imkanlar baxımından da gənclərə yol açır.
Eyni zamanda, mentorluq və “peer-to-peer” modeli sayəsində təcrübəli mütəxəssislər, könüllülər və yaşıdlar arasında ünsiyyət və bilik mübadiləsi mühiti yaradılır, bu isə gənclərin layihə və ideyalarını daha inamla reallaşdırmalarına, bir-birinin uğur hekayələrindən öyrənmələrinə şərait yaradır. Mərkəzin həyata keçirdiyi layihə əsaslı yanaşma isə sosial, mədəni və təhsil sferalarında çoxsaylı tədbirləri əhatə edir. Beləliklə, hər bir gənc maraqlandığı sahədə təcrübə qazanır, fərdi ideyasını gerçəkləşdirmək şansı əldə edir və məsuliyyət, təşəbbüskarlıq kimi keyfiyyətlərini möhkəmləndirir.
Bundan əlavə, mərkəzin fəaliyyətində əhatəli sosial dəstək modeli xüsusi yer tutur. Gənclərin psixoloji sağlamlığı və peşə yönümlərində ən böyük dayaqlarından biri isə Gənclər Evinin psixoloqu Aynaz Quliyevadır. Onunla söhbətimiz zamanı öyrəndik ki, mərkəzə gələn gənclər müxtəlif psixoloji dəstək metodlarından yararlanaraq özgüvənlərini möhkəmləndirir, peşə seçimində daha məqsədyönlü olmağı öyrənirlər. A.Quliyeva vurğulayır ki, gənclərin karyera imkanlarının genişlənməsi, onların bilik və bacarıqlarının artması ilə birbaşa əlaqəlidir. Bu səbəbdən, Gənclər Evində təlimlər, qrup məsləhətləri və fərdi konsultasiyalar təşkil edilir. Burada gənclər, ilk növbədə, özünəinam qazanır, qarşılaşdıqları sosial və akademik problemləri daha soyuqqanlı şəkildə həll etməyi öyrənir, komanda işində və gələcək karyera addımlarında daha cəsarətli olurlar.
A.Quliyevanın fikrincə, gənclər müxtəlif layihələrə qoşulmaqla həm təşkilati, həm də yaradıcı bacarıqlarını inkişaf etdirir, peşəkar mütəxəssislərdən öyrənir və psixoloji dəstəklə motivasiyalarını yüksəldirlər. Onlar burada yeni dostlar qazanır, ictimai fəaliyyətlərdə könüllü şəkildə çalışaraq həyat təcrübələrini zənginləşdirirlər. Ən əsası isə, qarşılarına daha böyük hədəflər qoymağa cəsarət edirlər.
Burada fərqli sosial qruplardan olan gənclərin, xüsusən də assosial davranışlı və psixoloji çətinliklərlə qarşılaşan şəxslərin mərkəzə inteqrasiyasına xüsusi diqqət ayrılır. Psixoloji məsləhət xidmətləri, sosial fəaliyyətlər, könüllülük proqramları və digər dəstək mexanizmləri sayəsində bu gənclərin cəmiyyətə sağlam və aktiv şəkildə qoşulması təmin olunur. Bu model, hər bir gəncin ehtiyaclarına cavab verən, onları cəmiyyətə faydalı fərdlər kimi yetişdirən hərtərəfli dəstək sisteminin əsasını təşkil edir.
Pənah Kərimov deyir ki, onların əsas hədəfi gəncləri sadəcə akademik biliklərlə təmin etmək deyil, həm də sosial, mədəni və psixoloji baxımdan dəstəkləməkdir. Onun sözlərinə görə, mərkəz gəncləri layihələrin hazırlanmasından tutmuş həyata keçirilməsinə qədər bütün mərhələlərə cəlb edir və beləliklə, onlar liderliyi, təşəbbüskarlığı və komanda içində işləməyi öyrənirlər. Hər bir fəaliyyət modeli gənclərin ehtiyaclarına uyğun qurulur, çünki onların ideyalarını yaşatmaq ən vacib amildir. Məhz bu yanaşma gənclərin könüllü olaraq mərkəzə qoşulmasına və “mən də nələrsə edə bilərəm” fikrini qazanmasına stimul yaradır.
Gənclərin həyata keçirdiyi layihələr arasında “GÜCLÜ QADIN” layihəsi xüsusilə seçilir. Layihənin müəllifi Mingəçevir Dövlət Universitetinin təşəbbüskar tələbəsi olan Səkinə Adıgözəlzadə Gənclər Evinin ona necə dəstək verdiyini belə ifadə edir: “İlk dəfə könüllü fəaliyyətlə mərkəzə qoşulanda, içimdə çoxlu ideyalar olsa da, onların gerçəkləşməsinin çətinliyindən çəkinirdim. Gənclər Evi bizə geniş resurs təqdim etməklə yanaşı, psixoloji dəstək də olur. Təlimlərdə komanda qurmağı, layihə yazmağı və ictimaiyyətlə əlaqə saxlamağı öyrəndim. “GÜCLÜ QADIN” layihəsinin Gənclər Fondunda qalib olmasında məhz buranın payı böyükdür. Çünki ideyanın formalaşmasından fonda təqdim edilməsinə qədər hər addımda təcrübəli mütəxəssislər və mentorlar mənə yol göstərdilər”.
Debat oyunlarının peşəkar təlimçisi, gənc natiq Səbinə Əliyeva isə Gənclər Evini öz çıxışlarının möhkəm bünövrəsinə çevirənlərdəndir. İllər öncə mərkəzdə iştirak etdiyi debat dərslərinin həyatında dönüş nöqtəsi olduğunu deyir: “Ünsiyyətdə bir qədər çəkingən idim. Lakin debat proqramları mənə daha sərbəst danışmağı, məntiqi dəlillər irəli sürməyi və insanları öz arqumentlərimə inandırmağı öyrətdi. Burada yalnız texniki bacarıqlar yox, həm də ümumi dünyagörüşüm formalaşdı. Qısa müddətdə qarşıma çıxan imkanları dəyərləndirib öz təlim qruplarımı yaratdım. İndi isə gənc debatçılarla işləyir, onların çıxışlarını dinləyəndə keçdiyim yolu xatırlayıram və bütün bunlara görə Gənclər Evinə minnətdaram.”
Mingəçevir STEAM Mərkəzində çalışan Müşfiq Tarıverdiyev danışır ki, STEAM sahəsində irəliləmək üçün mütəxəssislərlə tanışlıq və həmçinin müasir yanaşmalarla tanış olmaq vacibdir. Onun fikrincə, Gənclər Evində təşkil olunan seminarlar və layihə əsaslı dərslər sayəsində proqramlaşdırma və mühəndislik biliklərini dərinləşdirmək, daha da önəmlisi, onları praktik sferada tətbiq etmək istiqamətində motivasiya qazanmaq mümkün olub. M.Tarverdiyev əlavə edir ki, gənclər texnoloji biliklərlə yanaşı, burada komanda qurma, xırda uğurlardan belə ilhamlanma və yanlışlıqlardan qorxmadan yenidən cəhd etmə vərdişlərinə yiyələnirlər.
Mingəçevir Dövlət Universitetinin müəllimi və peşəkar təlimçi Şəbnəm İslamova da Gənclər Evinin çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirir. O deyir ki, dərs dediyi tələbələr arasında mərkəzin aktiv üzvləri olanlar qrup tapşırıqlarında daha konstruktiv fikir bildirir, qarşıya çıxan problemləri həll etmək üçün müxtəlif yanaşmalar təklif edirlər. Şəbnəm İslamovanın fikrincə, gənclər burada gündəlik dərslərdə öyrəndiklərini real layihələrdə sınaqdan keçirir, həm əməkdaşlıq, həm də liderlik potensiallarını ortaya qoyurlar. Bir müəllim kimi, onların yolunu asanlaşdırmaq və texniki biliklə yanaşı sosial inkişafa da yönləndirməyin səmərəsini Gənclər Evinin fəaliyyəti sayəsində hər gün müşahidə edir.
Gənclər Evinin ortaya qoyduğu bu dəyərlər bütünlükdə Mingəçevir şəhərinin gənclərinə yalnız təhsil, sosial və mədəni sferalarda deyil, həm də şəxsiyyət kimi formalaşmalarında böyük dəstək verir. Təltifetmə mərasimləri, intellektual yarışlar, müxtəlif seminar və konsert proqramları, psixoloji təlimlər və könüllü layihələr, hamısı birlikdə gənclərin ünsiyyət, özünəinam və inkişaf platformasına çevrilir. Burada gənc ikən əldə olunan bilik və dəyərlər sonrakı karyeralarında onlara yol yoldaşı olur.
Söhbətimizin sonunda Pənah Kərimov bildirir ki, Gənclər Evi üçün ən vacib uğur meyarı, mərkəzdə yetişən gənclərin gələcəkdə cəmiyyətdə aparıcı mövqe tutması, öz sahələrində fərqlənməsi və daha böyük layihələrə imza atmasıdır. O vurğulayır ki, mərkəzin komandası davamlı olaraq yeni ideyalar axtarır, gənclərin potensialını müasir dövrün tələbləri ilə uzlaşdırmağa çalışır. Bu istiqamətdə atılan hər addım isə Mingəçevirin gənclər paytaxtı kimi formalaşmasına yol açır.
Mingəçevir Gənclər Evinin bütün bu çoxşaxəli fəaliyyətləri nəticəsində gənclər, yalnız akademik deyil, həm də sosial və psixoloji baxımdan güclü şəxsiyyətlərə çevrilir. Buraya gələn hər kəs layihə hazırlamaq, kino müzakirələrinə qatılmaq, psixoloji dəstək almaq, xaricdə təhsillə bağlı məlumatlar əldə etmək və daha bir çox fürsətdən istifadə etmək imkanı qazanır. Gənclər Evi, beləliklə, onların bilik, bacarıq və dünyagörüşünün artırılmasında unikal platforma rolunu oynayır.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)