
"Azərbaycan müəllimi" qəzeti, 11 sentyabr 1960-cı il, №79
Azərbaycan müəllimlərinin IV qurultayının keçiriləcəyini eşidib sevindim və bu qurultayla əlaqədər olaraq estetik tərbiyə haqqında öz mülahizələrimi yazmağı lazım bildim. Məlum olduğu kimi, böyüməkdə olan ganc nəslimizin estetik tərbiyəsi indiki dövrdə mühüm məsələlərdən biridir. İncəsənət və ədəbiyyatı hamı bilməlidir. Vəzifəsindən, rütbəsindən asılı olma yaraq ölkəmizdə bütün adamlar, demək olar ki, ədəbiyyat və incəsənətə böyük maraq göstərirlər. Bəstəkarlarla, yazıçılarla, rəssamlarla əlaqə saxlayır və məktublaşırlar. Musiqi isə daha populyardır və incəsənətin ən fəal növüdür. Musiqini sevməyən adam tapılmaz. Xüsusilə gənclik dövründə musiqini dinləməyə böyük həvəs yaranır və bu, olduqca təbii bir haldır. Lakin bazi adamlar musiqiyə bir əyləncə vasitəsi kimi baxırlar. Bu, qətiyyən düz deyildir. Musiqi yalnız əyləncə yox, nəcib duyğular oyadan, incə, gözəl hisslər gətirən, insanı mənəvi cəhətdən yüksəldən, xəyalları coşduran, fikirlərə qanad verən ən gözəl tərbiyə vasitəsidir. Çaykovskinin, Raxmaninovun, Motsartın, Baxın, Ştrausun, Verdinin, Ü.Hacıbəyovun və başqalarının musiqisini dinləyin, nə qədər gözəl və xoş duyğular insanın qəlbini fəth edir. Görkəmli sənətkarlar həmişə öz əsərlərində yüksək bəşəri hissləri, dövrün, həyatın mühüm və ciddi məsələlərinə cavab verən böyük ideyaları tərənnüm etmişlər.
Məhz uşaqları, yeniyetmələri və gəncləri elə tərbiyə etmək lazımdır ki, musiqi onların həyatından ayrı olmasın, həyata, mübarizəyə səsləsin, çətin anlarda bir kömək vasitəsinə çevrilsin. Bir sözlə, bizim yeni nəsli yüksək zövqlü, həssas duyğulu, nəcib ruhlu adamlar kimi yetişdirməkdə musiqinin rolundan geniş istifadə etmək lazımdır. Bu, çətin, lakin şərəfli vəzifə, heç şübhəsiz, orta məktəb müəllimlərinin üzərinə düşür. Mən cəsarətlə deyərdim ki, bu, təkcə bir nəğmə müəlliminin və yaxud özfəaliyyət dərnəyinin rəbbarının yox, bütün müəllimlərin vəzifəsidir. Bəziləri etiraz edə bilərlər ki, belə şey ola bilməz. Ədəbiyyat müəllimi, tarix müəllimi hara, musiqi hara. Əlbəttə, məsələyə belə yanaşmaq düzgün deyildir. Uşaqları musiqiyə həvəsləndirməkdə, maraq oyatmaqda, istiqamətt verməkdə, dünyagörüşlərini artırmaqda müəllimlərin rolu çox böyükdür. Bir misal çəkim. Tutalım ki, ədəbiyyat müəllimi Füzulinin yaradıcılığını keçir. Əgər o, təkcə proqram materialını öyrətsə, dərslikdən əlavə şagirdlara yeni bir məlumat verməsə, məncə, bu dərsi keyfiyyətli saymaq olmaz. Bu zaman müəllim hökmən şagirdləri Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasına aparmalıdır və bu opera haqqında onlara məlumat verməlidir. Bu ikitərəfli əhəmiyyət kəsb edir, bir tərəfdən şagirdlər ədəbi materialı dərindən öyrənir, digər tərəfdən musiqini dinləyirlər. Məgər bunun faydası azdır? Yaxud Puşkini keçərkən "Yevgeni Onegin" operasına baxmaq ancaq xeyir gətirər. Opera teatrı olmayan rayon və kəndlərdə isə müəllimlər radiodan geniş istifadə edə bilərlər. Məsələn, yenə Füzulidən “Şəbu-hicran yanar canım” şeirini keçərkən bəstəkar Cahangir Cahangirovun gözəl bəstələnmiş "Füzuli" kantatasından danışmamaq, radioda bu kantataya qulaq asmamaq olarmı? Müəllim hökmən bunu etməlidir.
Müasir Azərbaycan şairlərinin yaradıcılığını keçərkən ədəbiyyat müəllimi onların şeirlərinə bəstələnmiş mahnılardan geniş istifadə edə bilər. Tarix müəllimi də tarixi mövzularla əlaqədar olan müxtəlif musiqi əsərlərinə uşaqlarda maraq oyatsa, dərsin keyfiyyətini artırmazmı? Bütün bunların isə faydası çox böyükdür. Əlbəttə, bu misalların sayını artıra bilərdim. Uşaqlar ilk dəfə nəğmə ilə bağçada, daha sonra məktəbdə tanış olurlar. Bu tanışlıq çox sadədir. Müəllim əvvəl uşaqlara mahnının mətnini, sonra isa melodiyasını öyrədir, bütün sinif isə həmin mahnını xorla oxuyur. Lakin bəla burasındadır ki, məktəblərimizdə dərs deyən nəğmə müəllimlərinin əksəriyyətinin musiqi təhsili yoxdur. Hətta bəziləri bir-iki mahnı bilir, bununla da kifayətlənir, şagirdlərə heç nə öyrətmirlər. Hətta elə müəllimlər də vardır ki, oxumağı belə bacarmırlar.
Eşitdiyimə görə, bir çox məktəblərdə nəğmə dərsləri "sükut" içində keçir. Buna dözmək olarmı? Məncə, həyatımızın inkişaf etdiyi belə bir dövrdə bu vəziyyətə son qoymaq lazımdır. Azərbaycan məktəblərində nəğmədən dərs deyən müəllimlərin savad məsələsini bir daha nəzərdən keçirmək, musiqi təhsilli yoldaşlardan istifadə etmək. musiqi məktəbləri ilə, mədəniyyət evləri və klublarla sıx əlaqə saxlamaq xüsusilə vacibdir.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai məktəb üçün müəllim hazırlayan fakültəsində tələbələrə musiqi təhsili verilir. Məncə, bu təhsil məhdud olmamalıdır. Geniş, hərtərəfli məlumat alan. musiqinin sirlərinə bələd olan gələcək müəllimlərə, eyni zamanda musiqinin tədrisi metodikası da öyrədilməlidir. O zaman məktəblərimiz hazırlıqlı müəllimlərlə təmin edilə bilər. Mən belə hesab edirəm ki, şəhər və rayonlardakı musiqi məktəblərində də musiqinin tədrisi metodikası ayrıca bir fənn kimi keçilməlidir.
Çox yaxşı olar ki, konservatoriyada ibtidai məktəb müəllimləri üçün təkmilləşdirmə kursları təşkil edilsin. Belə kursların əhəmiyyəti çox böyükdür. Bu kurslarda çətinlik çəkən nəğmə müəllimlərinə lazımi praktik və metodik yardım göstərilər. Kənd məktəblərində dərs deyən müəllimlər üçün isə rayon musiqi məktəblərində, yaxud rayon mədəniyyət evlərində belə təkmilləşdirmə kurslarına böyük ehtiyac var.
Fikrət ƏMİROV
Azərbaycan SSR xalq artisti, bəstəkar
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər