Bütün xəbərlər
21 dekabr, 13:49

Bakının düz mərkəzində yerləşən Namiq Axundov adına 1 nömrəli tam orta məktəb el arasında “Yəhudi məktəbi” kimi tanınıb. Onun məzunları sırasında tanınmış həkimlər, mühəndislər, hərbçilər və sair peşə təmsilçiləri var.  

Bu məktəbi “köhnə” adlandırmağı xoşalmırlar, “qədim məktəb” deyirlər. Bakının düz mərkəzində - Nizami küçəsi ilə Lev Tolstoy küçəsinin kəsişməsində (Lev Tolstoy 187) yerləşir. Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin binası 1896-cı ildə məhz tədris üçün inşa edilib.

Tatar qızları üçün açılan məktəb 

Məktəb binasının maraqlı tarixçəsi var. 1896-ci ildə Bakı şəhər tədris işləri üzrə himayədar M.Zavadski mesenat Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət edərək tatar qızları üçün xüsusi məktəb binasının tikilməsinə 150 000 rubl vəsaitin  ayrılmasını xahiş edib. Bu sənəd o zaman Baryatinski küçəsində Lalayevlərə məxsus evdə yerləşən notariat kontorunun notariusu Aleksey Evqrafyeviç tərəfindən təsdiq olunub. Maarifpərvər təkliflərin tərəfdarı olan xeyriyyəçi tatar qızları üçün məktəb binasının tikintisinə lazım olan məbləği ayırıb. Beləliklə, Tağıyevin vəsaiti hesabına tikilən bina 4 sinifli şəhər gimnaziyası kimi fəaliyyətə başlayıb. II özəl Bakı Qızlar Gimnaziyası bu binada fəaliyyət göstərib. O zaman məktəb Gimnaziçeskaya 119 ünvanda yerləşib. 

Gimnaziyaya ilk olaraq Sofya İvanovna Vald rəhbərlik edib. 17 nəfərdən ibarət müəllim heyəti məktəbdəki 10 sinifdə oxuyan qızların təlim-tərbiyəsi ilə məşğul olub. 

1903-cü ildə isə özəl gimnaziya dövlət tərəfindən idarə olunmağa başlanıb. Qızlar məktəbinin fəaliyyəti 1917-ci ilə kimi davam edib.  

Milli hərbi kadrların hazırlanmasına verilən töhfə  

Təhsil müəssisəsi 15 dekabr 1921-ci ildə rəsmi olaraq Azərbaycan Hərbi Gimnaziyası kimi fəaliyyətini davam etdirib. Bu zaman məktəbin yalnız oğlanlardan ibarət 137 şagirdi olub. Demək olar ki, şagirdlərin çoxu Bakı və Gəncə fəhlələrinin övladları idi. Yalnız bir qismi Azərbaycanın rayonlarından gəlmiş kəndli uşaqları idi.  Gimnaziyada xüsusi sinif otaqları, idman zalları vardı. Hərbi məktəbin yataqxanası isə indiki Həzi Aslanov küçəsində yerləşən Zabitlər evində idi. 

1924-cü ildə gimnaziya fəaliyyətini yeni adla - Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi kimi davam etdirir. 

Hərbi məktəb olduğuna görə Mərkəzi Komitənin sədri Mircəfər Bağırov buranı ciddi nəzarətdə saxlayır. 

1941-1945-ci illərdə isə məktəbin binasında hərbi hospital yerləşib. 

1 nömrəli orta məktəb 1953-cü ildən bu günə kimi orta məktəb olaraq fəaliyyət göstərir. 1960-cı illərin axırlarında təhsil müəssisəsinə İkinci Dünya müharibəsində həlak olmuş, məktəbin zabit məzunu Namiq Axundovun adı verilib.

Landaunun oxuduğu məktəb

Məktəbdə müxtəlif illərdə təhsil alan şagirdlər arasında sonradan elm, təhsil və digər sahələrdə məşhurluq qazanan insanlar olub. Elə təkcə görkəmli fizik, Nobel mükafatçısı, nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr vermiş, yəhudi əsilli Lev Landaunun bu məktəbdə təhsil alması təhsil müəssisəsinin adını tarixləşdirib. Landau 1921-ci ildə bu təhsil müəssisəsini bitirəndə 13 yaşı varmış. Universitetə yaşı çatmadığından Bakı İqtisadiyyat Texnikumuna qəbul olunub. 14 yaşında ikən Bakı Dövlət Universitetində təhsil almağa başlayıb. 1924-cü ildən sonra görkəmli alimin gələcək həyatı Leninqradla və Avropa ölkələri ilə bağlı olub. Fizik 1962-ci ildə Nobel mükafatına layiq görülüb.

Məktəbin adlı-sanlı şagirdləri və məzunları arasında həmçinin görkəmli kinorejissor Eldar Quliyev, Moskvada yaşayan jurnalist və tərcüməçi Mixail Qusmanın da adı var. Hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, xarici işlər nazirinin müavini Samir Şərifov, “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımov da bu məktəbdə təhsil alıblar. Məktəbdə oxuyan şagirdlərin və məzunların siyahısında tanınmış həkimlər, mühəndislər, hərbçilər və s. peşə təmsilçilərinin adları var. Hazırkı direktoru Elida Rzayeva da vaxtilə bu məktəbin məzunu olub. 

50 məzunun 42-si ali məktəblərə qəbul olub 

Məktəbin kitabxana müdiri Zemfira Useynova deyir ki, təhsil ocağı vaxtilə el arasında “Yəhudi məktəbi” kimi də tanınıb: “Məktəb şəhərin mərkəzində yerləşib. Bu ərazilərdə də yəhudilər çox yaşayıb. Onlar uşaqlarını bu məktəbə gətirirdilər. Sonradan köçüb getsələr də, indi də Bakıya gələndə mütləq məktəbə baş çəkir, sinif otaqlarını gəzirlər”. Z.Useynovanın sözlərinə görə, hazırda da məktəb yüksək tədris keyfiyyəti ilə fərqlənir. Məsələn, keçən il məktəbi bitirən 50 məzunun 42-si ölkəmizdə və xaricdə ali məktəblərə qəbul olub.

Məktəbin təqaüddə olan biologiya müəllimi Valiyə İsmayılova bu təhsil ocağında 50 il çalışıb. Yuxarıda adları qeyd olunan tanınmış şagird və məzunların hamısına dərs deyib: “Mən məktəbə çalışmağa gələndə direktor Aron Davidoviç Vizir idi.

Göndərişlə gəldiyim üçün heç bir sorğu-sual etmədən məni işə qəbul etdi. 17 yaşım vardı. Əvvəlcə dəstə rəhbəri, sonra müəllim, daha sonra dərs hissə müdiri kimi çalışdım. Bu məktəbdə azərbaycanlılar, yəhudilər, ruslar və ermənilər oxuyurdu. Şəhərin mərkəzində olduğu üçün demək olar ki, bütün dövlət xadimlərinin, məşhur insanların övladları bu məktəbdə təhsil alırdı. O cümlədən, Azərbaycanın tanınmış soylarından - Ləmbəranskilərin, Talışınskilərin, Vəzirovların övladları oxuyurdu. Uşaqlar arasında çox mehriban münasibətlər vardı. 

“Beynəlmiləl dostluq klubu” dünyanın bütün ölkələrində çalışan, işləyən azərbaycanlılarla əlaqə saxlayırdı. O vaxt məktəblər arasında bilik uğrunda rəqabət vardı. Bizim məktəbin də əsas göstəricisi bu idi. 100 məzun olurdusa, 95-i instituta qəbul olurdu”.

Keçmişlə bu gün arasında körpü

2012-ci ildə məktəbdə təmir işləri aparılıb və siniflərin yeri dəyişib. Təkcə geniş və hündür akt zalı olduğu kimi saxlanıb. Tarixi bina olduğundan fasadına toxunulmayıb. 

128 yaşlı məktəbin dəhlizlərini və sinif otaqlarını gəzdikcə təəssüf doğuran bir halla da rastlaşırıq: məktəbin tarixi və məşhur məzunları ilə bağlı hər hansı bir guşə yoxdur. Hazırkı təhsilalanlara məktəbin keçmiş şagirdləri və məzunları haqqında məlumat verən hər hansı materiallar gözə dəymir.

Məsələn, Nobel mükafatçısı Landaunun ilk uşaqlıq illərini yaşadığı evin divarında xatirə barelyefi vurulsa da, Bakı şəhərindəki küçələrdən birinə alimin adı verilsə də, Prezident İlham Əliyevin 2008-ci il yanvarın 22-də dahi fizikin 100 illik yubileyinin vətəni Bakı şəhərində keçirilməsi haqqında Sərəncamı olsa da, təhsil aldığı gimnaziyada alimin həyat və fəaliyyətini işıqlandıran bir guşəyə rast gəlmədik. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpağında dünyaya gəlmiş bu görkəmli alimin həyatı, yaradıcılığı və elmi fəaliyyəti hazırda məktəbdə təhsil alan şagirdlər, ümumiyyətlə, böyüyən nəsil üçün bir örnəkdir. 

Mənbə: Kaspi.az

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.