Süni intellektin inkişafı sayəsində müəllimliyin peşə olaraq, ortadan çıxma təhlükəsi var.
Bu sonun gecikdirilməsi üçün müəllimlərin peşə bacarıqları inkişaf etdirilməlidir. Amma necə?
Təhsil İnstitunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyevanın fikrincə, artıq günlərlə üzərində düşündüyümüz bir sualın cavabını süni intellekt bizə verir. Həmin sualı süni intellektə müəllimlər kimi, tələbələr, hətta şagirdlər də ünvanlaya verər: “Müəllim rəqəmsal bacarıqlarını inkişaf etdirərək süni intellektdən daha səmərəli yararlana bilər. Nəzərə alaq ki, süni intellektdən təhsilalanlar da istifadə etməyi bacarır. Sual yaranır: Əgər insanlar özləri öyrənə, axtardığı sualın cavabını özü tapa bilirsə, təhsilverənə nə ehtiyac var? Onda onlar niyə hər gün müəssisəyə gəlməlidirlər?”
Şagirdi, tələbəni təhsil məkanına gətirən əsas amil müəssisənin öyrətdikləri olmalıdır
N.Mehdiyeva cəmiyyətə, dünyaya lazım olan təhsil müəssisəsini belə təsvir edib:
“Təhsil müəssisəsi, sadəcə, idraki bacarıqlar formalaşdırıb onu inkişaf etdirmir, həm də emosional intellekti gücləndirir. 20-30 il əvvəl birgə işləməkdən danışırdıqsa, dünya indi birgə yaşamaqdan danışır. Məktəb də məhz birgə yaşamağı öyrətməlidir”.
Bəs müəllim? Müəllim nəyi öyrətməlidir?
N.Mehdiyeva qeyd edib ki, təhsil səviyyəsindən asılı olmayaraq, bütün təhsilverənlər eyni işi görür, hamısının məqsədi öyrətməkdir:
“Ancaq öyrədərkən öyrənəni düşündürürmü, yoxsa öyrənmə prosesində, sadəcə, məlumat ötürür? Ümumi orta və peşə təhsili müəssisələrindən Təhsil İnstitutuna belə suallar gəlir:
Niyə mən şagirdə hansısa mövzu üzrə konspektləşdirilmiş mətn yazdıra bilmərəm? Burada pis nə var ki? Cavab veririk ki, nəyi və niyə yazdırdığınız çox önəmlidir. Biz yazdırdığımız mətndə, sadəcə, informasiya ötürürük, yoxsa mənbə veririk? Yazmaq çox vacib bacarıqdır, amma onu formalaşdırmağın başqa yolları var”.
Həmin yollardan danışarkən N.Mehdiyeva bildirib ki, verilən mənbələri araşdırıb öz qeydləri əsasında yazmaq tələbi təhsilalanda tədqiqatçılıq bacarığı formalaşdıra bilər:
“Amma bir öyrənənə ötürdüyümüz məlumatı yazdırıb əzbərlətmək nə cəmiyyətə, nə dövlətə lazımdır. Çünki bu yolla istədiyimiz kadrı formalaşdıra bilməyəcəyik. İndi müəllimlər daha çox “dərsi öyrən, gəl danış” metodundan istifadə edirlər. Bu metoddan çox istifadə edilsə də, onun səmərəli olmadığı, danışıq bacarığı formalaşdırmadığı təsdiqini tapıb. Şagirdin nəyi danışdığı çox önəmlidir. O, əzbərlədiyi məzmunu, yoxsa düşündüyünü danışır? Əzbərlədiyini danışırsa, bu, danışıq bacarığı formalaşdırmır. Bugünkü təhsilimiz üçün bu yol səmərəlidirmi? Bunu düşünmək lazımdır”.
Öyrədən olmaq üçün fasiləsiz öyrənməlisən
N.Mehdiyevanın sözlərinə görə, rəqəmsal, planlaşdırma, proqnoz vermə, situasiyanı təhlil edib onun əsasında qərar vermə bacarıqlarının olması, öyrənəni motivasiyada saxlaya bilmək müasir müəllimlər üçün çox önəmlidir:
“Müasir tələblər müəllimdən başqa cür öyrənməyi tələb edir. Eşitdiklərimizi orda da unuduruqsa, inkişafdan söhbət gedə bilməz. Ona görə örənməyimiz üçün ən yaxşı yer konfrans tipli tədbirlərdir. Müzakirələrdə insan özü üçün sual çıxarırsa, peşəkar inkişaf baş verir”.
N.Mehdiyeva hesab edir ki, peşəkar inkişafın ən səmərəli yollarından biri də təlimlərdir:
“Təlimlər yeganə peşəkar inkişaf imkanı kimi dəyərləndirilsə də, seminarlar, konfranslar, tədris səfərləri, dəyimi masalar da yaxşı öyrənmə məkanıdır. Amma müəllim üçün ən yaxşı öyrənmə məkanı çalışdığı təhsil müəssisəsidir. Orada elə öyrədici imkanlar var ki, başqa yerdə ələ düşməz: müəllimin müəllimlə əməkdaşlığı, onların biri-birinin dərsini dinləməsi, müəllimlərin biri-biri ilə dərsini müzakirə etməsi, biz bunu hətta öz aramızda “dərsin qeybətini etmək” də adlandırırıq”.
Dərsə verilən rəy faydalı oldumu?
Mərkəz direktorunun sözlərinə görə, söhbət tənqid etməkdən yox, nə qədər konstruktiv rəy verə bilməyimizdən gedir:
“Öyrənmək lazım olan bir neçə vacib məsələ var. Biz nəyi öyrədirik? O şagirdə lazımdırmı? Öyrədilərkən öyrədilirmi, yoxsa öyrənməsinə şərait yaradılır? Verdiyimiz rəy şagird və ya tələbənin öyrənməkdə çətinlik çəkdiyi məqamı ona göstərirmi? O, nəyi düz etmədiyini başa düşdümü? Yaxud müəllimin öz dərsi ilə bağlı aldığı rəy onun üçün nə qədər faydalı oldu. Məsələn, müəllim öz müəllim yolldaşından, ya da məktəbin rəhbərindən rəy alır. Dərs dinləmədən sonra verilən rəy destruktivdirsə, müəllimə boşluğun harada olduğuna, onu necə doldura biləcəyinə dair səmərəli yol göstərmirsə, o rəy heç lazım deyil, belə bir rəy verib insanların könlünü qırmağa ehtiyac yoxdur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)