Bütün xəbərlər
8 iyul, 13:04

Ulu Tanrı yurdumuzdan heç nəyi əsirgəməyib. Azərbaycan adlı məmləkətimizə həm yeraltı, həm yerüstü sərvətlərə, həm də onu bütün dünyada şöhrətləndirən böyük dühalar, şəxsiyyətlər, zəka sahibləri bəxş edib. O zəka sahibləri ki Azərbaycan elmini yüksəklərə qaldırmaqla, dünya elminə öz töhfələrini vermişlər. Elm aləmi bir qızıl üzükdürsə, onun dəyərli gövhərləri alimlərdir. Belə qüdrətli alimlərdən biri də elm tarixində qara qızılın mahir zərgəri kimi tanınan və bəşəriyyətin elm tarixinə adı qızıl hərflərlə yazılmış böyük Azərbaycan alimi, həmyerlimiz, qüdrətli zəka sahibi, elm karifeyi, böyük vətənpərvər gözəl qəlbli insan, akademik Yusif Məmmədəliyevdir.

Elmdə və həyatda yüksək zirvələr fəth etmiş, elmin şöhrət zirvəsinin uca pilləsinə güclü istedadı və titanik əməyi ilə yüksəlmiş dünyaşöhrətli alimimiz akademik Yusif Məmmədəliyevin bu il 120 illiyinin qeyd olunması bizdə böyük qürur və iftixar hissi oyadır.

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuş, yaşıllıqlar diyarı, bağlı-bağatlı Ordubad təbiəti də onun ilk müəllimi olmuşdur. Uşaqlıqdan incəqəlbli, həssas və həmişə fikirli görünən Yusif həm ailəsində gözəl tərbiyə almış, həm də torpağı şeirlə yoğrulan və böyük ədəbiyyatçıları ilə məşhur olan Ordubad mühitində ədəbiyyata və elmə xüsusi həvəs göstərmişdir. Dil öyrənməkdə xüsusi istedadı var idi. O uşaq yaşlarında vaxtsız həlak olan qardaşı İlyasdan fars, ərəb, türk dillərini, sonradan isə ingilis dilini də mükəmməl şəkildə öyrənib elmi məclislərdə bu dildə sərbəst çıxışlar etmişdi. Yusif Məmmədəliyev rus və alman dillərinə də yiyələnmişdir. Məhz uşaqlıqdan hər şeyə belə canlı maraq göstərməsi sayəsində Yusif Məmmədəliyev gələcəkdə ensiklopedik bilikli alim olmuşdur.

1918-ci ilin iyun ayında Ordubada daşnaqların basqını xəbərini eşidən Hacı Heydər kişi ailəsini böyük itki (oğlu İlyas Arazı keçərkən suda boğulur) və xeyli çətinlikdən sonra Təbrizə gətirir və iki ilə yaxın müddətdə orada yaşamalı olurlar.

Təbrizdə bu zaman Azərbaycanın qəhrəman oğlu Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə demokratik inqilab baş verir, gənc Yusif də alovlu vətənpərvərin çıxışlarını dəfələrlə dinləyərək xalqın azadlıq istəyinə hədsiz sevinirdi. Lakin mürtəce şah rejiminin qanlı cinayətləri, inqilabın amansızlıqla yatırılması gənc Yusifi çox mütəəssir edir. Bundan sonra onların ailəsi 1920-ci ildə yenidən Ordubada köçür.

Və doğma Ordubadda ilk addımlarını atır. Yerli inqilab komitəsinin xahişi ilə Y.Məmmədəliyev müəllim təyin edilir, ömrünün axırınadək müəllim amallı, müəllim vəzifəli qalır. Həm öz yaşıdlarına, həm də yaşlı adamlara dərs deyir. Sevinci də olur, yersiz dedi-qodular da. Ordubadda ilk qadın məktəbini də Y.Məmmədəliyev açır. 1923-cü ildə Bakıya gələn Yusif ədəbiyyatçı olmaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmaq istəyir, lakin kimyaya həvəsi və ona edilən tövsiyələri nəzərə alaraq kimyaçı sənətini seçir. Hələ tələbə ikən fərqləndiyinə görə, 1924-cü ildə Azərbaycan ziyalılarının I qurultayına nümayəndə seçilir və böyük məruzə ilə çıxış edir. 1926-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Gəncəyə təyinat alır. O, dərs dediyi uşaqlara kimyanı böyük həvəslə tədris edər və onlara belə nəsihət edərdi: “Özünüz də axtarın, araşdırın, təbiətdə açılmamış sirlər çoxdur. Daş-qaşla deyil, yalnız elmlə üstünlük əldə edə bilər, xalqımıza çox xeyir verərsiniz!”

Axtarış həvəsi, öyrənmək ehtirası Yusif Məmmədəliyevi 1929-cu ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsinə gətirir. Məşhur alim, akademik N.D.Zelinskinin tələbəsi olur. O gənc Yusifin istedadını görür, onu elmi işlə məşğul olmağa sövq edir. 1931-ci ildə MDU-nu bitirib Moskvanın kimya zavodlarının birində mühəndis işləyən Y.Məmmədəliyevin ürəyi isə daim vətəni Azərbaycanda idi. 1932-ci ildə o, indiki Azərbaycan Dövlət Aqrar Universitetinə kafedra müdiri təyin olunur.

Bir il sonra isə Bakıda indiki Neft-Kimya Prosesləri İnstitutunda işə başlayır ki, burada laborantlıqdan, kiçik elmi işçidən akademikliyə qədər şərəfli yol keçir.

1938-ci ildə MDU onun neft qazlarının tədqiqi sahəsindəki samballı işlərini görə, dissertasiyaya müdafiə etmədən ona kimya elmləri namizədi alimlik dərəcəsi vermişdi.

Y.Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla karbon tetra xlorid, metil xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir. Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirilmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.

Y.Məmmədəliyevə benzolu apropilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da İkinci Dünya müharibəsində aviasiyanın yüksək oktanlı yanacaqla təmin olunmasına kömək etmişdir.

Yusif Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür.

Xüsusilə Böyük Vətən müharibəsi dövründə Y. Məmmədəliyevin xidmətləri misilsizdir. Müharibənin başlanğıcında müdafiənin nəhəng tələbatlarını ödəmək tapşırığı Yusif Məmmədəliyevə həvalə olunur. Top mərmiləri və minaların hazırlanmasında partlayıcı maddələrin əsas komponenti olan toluol hasilatı prosesini ilk dəfə müəyyənləşdirib istehsalatda tətbiq etdirir.

Y.Məmmədəliyev sovet kimyaçıları sırasında ilk olaraq Dövlət Müdafiə Komitəsinin daha bir sifarişini qısa müddətdə yerinə yetirərək yüksək oktanlı benzin istehsalını təmin etdi. Bakıda bunun üçün dəyəri 12 milyon manat olan zavod tikildi.

1941–1944-cü illərdə Bakı neft ayıranları cəbhəyə 12 milyon 42 min ton yüksəkkeyfiyyətli benzin verdilər. Bu elmi rəşadətə görə Yusif Məmmədəliyev o dövr üçün yüksək mükafat olan Lenin ordeninə layiq görüldü. Y.Məmmədəliyevin elmi kəşfləri və ixtiraları alimlərini heyrətə gətirmişdi.

Akademik N.İ.Şuykin Yusif Məmmədəliyevi kimyada yeni istiqamət “Alkilləşmənin kralı” adlandırırdı. Böyük xidmətlərinə görə, 1942-ci ildə kimya elmləri doktoru və professor adını almışdı.

Y.Məmmədəliyev həm də istedadlı elm təşkilatçısı idi. Fitri təşkilatçılıq qabiliyyətinə malik idi. Y.Məmmədəliyevin istər akademiyamızın, istərsə də onun bir çox müəssisə və təqiqat institutlarının açılmasında misilsiz xidmətləri olmuşdur.

Məlumdur ki, Azərbaycanda akademiya qonşu respublikalara nisbətən gec – 1945-ci ildə açılmışdı. Bu da qabaqcıl ziyalıları Üzeyir Hacıbəyovu, Səməd Vurğunu, Y.Məmmədəliyevi, Mir Əsədulla Mirqasımovu, Mirzə İbrahimovu və bir çoxlarını narahat edirdi. Moskvadan akademikliyə namizəd olan kadrları və müxtəlif elmi-tədqiqat institutularını yoxlamaq üçün böyük bir komissiya gəlir. Nəhayət sorğu-sual meydanına bəstəboy Yusif Məmmədəliyev girir. Bir neçə saat davam edən sorğu-sual və müzakirələrdən sonra SSRİ EA-nın prezidenti Komarov elan edir ki, təkcə Yusif Məmmədəliyev kimi bir alimi olan respublikada akademiya açılmağa dəyər.

Beləliklə, Azərbaycanda Elmlər Akademiyası fəaliyyətə başladı. Y.Məmmədəliyev kimya sahəsində ilk akademik seçildi. Əslində o özü “canlı akademiya” idi. Həmin ildə böyük alim Neft İnstitutunu təşkil etdi və ilk direktoru oldu. 1947-ci ildə Azərbaycan EA-nın prezidenti seçildi. Onun elmi fəaliyyətində yeni daha məsuliyyətli və məhsuldar dövr başladı. Prezident olduğu 6 il ərzində (1947–1951 və 1958–1961) 20-dən çox azərbaycanlı alim Lenin və SSRİ dövlət mükafatına layiq görüldü.

1948-ci ildə onun təşəbbüsü ilə “Bilik” cəmiyyəti təşkil edildi. 1948–1950, 1958–1961-ci illərdə cəmiyyətin Rəyasət heyətinin sədri olmuşdur. Y.Məmmədəliyev 1951-1954-cü illərdə EA-nın fizika, kimya və neft üzrə akademik katibi işləmiş, 1954-58-ci illərdə ADU-nun rektoru olmuşdur.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Monqolustan və b. ölkələrdə çağrılan elmi qurultay, simpozium və konqreslərdə respublikamızı dəfələrlə təmsil etmişdir. Onun ADU-dakı nümunəvi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı” ordenlərinə layiq görülmüşdür. Bir çox elmi müəssisələrin və SSRİ-də ilk olaraq Sumqayıt Sintetik Kauçuk zavodunun tikilməsi məhz Y.Məmmədəliyevin adı ilə bağlıdır.

Y.Məmmədəliyev elmin, mədəniyyətin bütün sahələrinə böyük diqqət və qayğı göstərmişdir. Onun Şamaxı rəsədxanasını açmaq ideyası da maraqla qarşılanmışdı. Rəsədxananın avadanlığının bir çoxu isə böyük məbləğdə pulla xaricdən alınmalı idi. 1959-cu ildə Y.Məmmədəliyevin Almaniyaya rəsədxana üçün sifariş etdiyi böyük teleskop (diametri 2 m) Moskvaya gətirilir. Bundan xəbər tutan Ermənistan EA-nın prezidenti Moskvadakı A.Mikoyanla danışır ki, bu teleskop Ermənistandakı Bürokan rəsədxanasına, oradakı köhnə teleskop isə Azərbaycana verilsin. Ermənilərin Moskvadakı böyük hamisi Mikoyan belə etməyə çalışır.

Bunu bilən SSRİ EA-nın prezidenti A.Nesmeyanov Y.Məmmədəliyevə vəziyyət haqqında teleqram göndərir. Yusif Məmmədəliyev iclas apararkən teleqramı alır. Tez iclası müavini M.Topçubaşova tapşırıb özü Moskvaya uçur. 3 gün sonra həmin teleskop qatarla Bakı çatdırılır. Onu yaxından tanıyanların çoxu qeyd edir ki, Yusif Heydər oğlunun müstəsna dərəcədə hazırcavablığı və hipnozedici qabiliyyəti var idi. Görünür ki, bu keyfiyyətləri olduğu üçün teleskopu ambarsumyanlardan qopara bilmişdir. Sonradan onun böyük uzaqgörənliyi ilə Şamaxı rəsədxanası (hətta yerini də özü müəyyən etmişdi) elm xəzinəsinə xeyli yeniliklər verdi.

İndi Ayda “Nyuton”, “Keldış”, “Vinoqradov” kraterləri ilə yanaşı həmin rəsədxananın alimi Nadir İbrahimovun şərəfinə “İbrahimov” krateri də var.

Ədəbiyyatımıza, incəsənətimizə, görkəmli elm adamları və şairlərimizə qayğı ilə yanaşan Y.Məmmədəliyevin təşəbbüsü ilə əlyazmaların qorunması üçün Əlyazmalar Fondu yaradılmışdır. 

Y.Məmmədəliyev böyük vətənpərvər alim idi. Hara getmişsə, Azərbaycan vətəndaşı olması ilə fəxr etmiş, Azərbaycanın elmini ləyaqətlə təmsil edərək Azərbaycanın adını yüksəklərə qaldırmışdır. Vətəni, qədim Bakını, ümumiyyətlə, Azərbaycanı gülüstana çevirmək, gözəlliyini artırmaq onun arzusu idi. Doğma Ordubadın, onun təbiətinin vurğunu idi. Hər dəfə gələndə nə qədər kövrək hisslər keçirərdi. Böyük alimin hətta Bakının su probleminə həsr edilmiş elmi sessiyanın təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.

Y.Məmmədəliyev 1952-ci ildən Respublika Sülhü Müdafiə Komitəsinin Rəyasət Heyətinin üzvü idi. Humanist amallı alim bu təşkilatda xeyli səmərəli fəaliyyət göstərmişdir. Sülhün carçısı kimi o, atom və nüvə silahlarının təhlükəsini qabaqcadan görərək nüvə enerjisinin ancaq sülh məqsədləri üçün bəşəriyyətin xeyrinə istifadə olunmasını təbliğ edirdi.

Y.Məmmədəliyev mədəniyyətimizin vurğunu və yorulmaz təbliğöatçısı idi. İncə zövqə və həssas qəlbə malik olan Yusif hələ kiçik yaşlarından ədəbiyyata meyil göstərər, Firdovsinin, Xaqaninin, Nizaminin, Sədinin, Füzulinin, Cavidin, Sabirin və başqalarının şeirlərini oxumaqdan yorulmazdı. Özü də ara-sıra şeirlər yazardı. Dünya ədəbiyyatında humanist ideyalar carçısı Nizami Gəncəvinin “Xəmsə"si, Sədi Şirazinin hikmətlərlə dolu “Gülüstan” və “Bustan”ı, Firdovsinin “Şahnamə”si onun ilham mənbəyi idi. Mirzə Sadıq Ordubadi, Mirzə Məmməd Ordubadi, İbrahim Ordubadi, Hacağa Fəqir Ordubadi, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi və s. görkəmli şair və yazıçılar yetişdirmiş, Ordubad topağının yazıçılar ittifaqı rolunu oynayan Ordubad şəhərində fəaliyyət göstərən “Əncüməni-şüəra” məclisi Y.Məmmədəliyevin formalaşmasına və inkişafına güclü təkan vermişdir. 

1955-ci ildə onun ədəbiyyatımıza böyük qayğısını və məhəbbətini ifadə edərək Xalq şairi Səməd Vurğun ADU-da çıxış edərək təvazökarlıqla demişdir: “Kaş ədəbiyyatımızı, onun tarixini və problemlərini Yusif Məmmədəliyev kimi biləydim”.

Dilimizə sonsuz qayğı bəsləyir və deyirdi: "Öz dilini incəliklərinədək bilməyənlərdən əsl xalq ziyalısı ola bilməz".

Bir dəfə ABŞ-dən gəlmiş alim Nizami muzeyi ilə tanış olarkən əməkdaşdan bir eksponatının altındakı farsca yazını oxuyub ingilis dilinə tərcümə etməyi xahiş edir. Həmin əməkdaşın çətinlik çəkdiyini görən Yusif Məmmədəliyev dərhal irəli gəlib yazını oxuyub ingilis dilinə tərcümə etmişdir. Bu zaman Amerika alimi təəccübünü gizlətmədən EA Prezidentinin ensiklopedik biliyinə heyran olduğunu bildirmişdi.

Astronomiya ilə bağlı Yusif Məmmədəliyevlə görkəmli alim, akademiklərin toplaşdığı bir məclisdə (İrəvanda) astranom Ambarsumyan arasında yarım saat davam edən sual-cavab hamını heyran qoyur. Sonda akademik SSRİ EA-nın prezidenti təəccübünü gizlədə bilməyərək “Bu kimyaçı alim astronomiyanın müasir problemlərini belə dərindən haradan bilir?” sualına akademik yarızarafat, yarıgerçək belə cavab verir: “Vaxtilə ehtiyac məcbur etdiyi üçün bir az öyrənmişəm”.

Y.Məmmədəliyev həm də elm tarixşünası idi. Bir çox tarixi həqiqətlərə söykənən proqnozlar vermiş və bunlar da özünü sonradan doğrultmuşdur. 

Y.Məmmədəliyev muğamlarımızın divanəsi idi. Musiqimizin, aşıq musiqisinin, incəsənətimziin və təbiətimizin vurğunu idi. Şəxsiyyətə pərəstiş dövrü illərinin ağır nəticələri az qala onu da tutacaqdı. Dəfələrlə M.Bağırovla üzləşmə təhlükəsi olub. Öz dostları arasında tez-tez deyərdi ki, üç dəfə (1937, 1948, 1950-ci illərdə) real ölümün pəncəsindən çıxmışdır. 

Y.Məmmədəliyev böyük xeyirxah insan idi. Xeyirxahlıq günəşi hər kəsin daxilində olur. Bu isə o deməkdir ki, Günəş öz nurunu hamıya eyni dərəcədə payladığı kimi humanist insanlar da öz xeyirxahlıqlarını eyni dərəcədə insanlardan əsirgəmirlər. Onun ən gözəl keyfiyyəti insanlara məhəbbət idi. Xasiyyətində, davranışında ən böyük gözəlliyi hikmətlə dolu sadəliyi, təvazökarlığı idi. Y.Məmmədəliyev gözəl ailə başçısı, səmimi, mehriban və qayğıkeş ata idi. O, övladlarını (3 qızı var idi) milli ruhda tərbiyə edər, gözəl nəsihətlər verərdi. Sonradan qızı Sevda Məmmədəliyeva filologiya elmləri doktoru kimi atasının alimlik yolunu davam etdirmişdi. 

Y.Məmmədəliyev istər rektor işləyəndə, istərsə də akademiyanın prezidenti olanda yolu Moskva, Leninqrada, Kiyevə düşəndə orada təhsil alan azərbaycanlı tələbələrlə görüşər, ehtiyaclarını öyrənib maddi və mənəvi kömək göstərərdi. Onunla çiyin-çiyinə işləmiş akademik M.Topşubaşov onu insanlıq möcüzəsi adlandıraraq deyirdi: "Yusif mənim üçün insanlıq, vətəndaşlıq və alimlik ölçüsüdür".

"Xeyir işlər görməyə tələsin!" – Şərq mütəfəkkirinin bu kəlamı alimin həyat məramı idi. Akademik A.Mirzəcanzadə yüksək insani keyfiyyətlərini qiymətləndirərək deyirdi: "Əgər haçansa insanın xeyirxahlığını ölçmək üçün fiziki vahid tətbiq etmək lazım gələrsə, onu “1YM” – Yusif Məmmədəliyevin insialları ilə adlandırmaq lazımdır”.

Yusif Məmmədəliyevin 90 illiyinə həsr olunmuş yubiley təntənəsində böyük nitqlə çıxış edən ölməz liderimiz Heydər Əliyev akademikin həyat və fəaliyyətinin geniş təhlilini verib, alim, maarifçi, ensiklopedist, ictimai xadim, böyük vətəndaş və gözəl insan olan Yusif Məmmədəliyevin Azərbaycan elminin, dövlətçiliyinin püxtələşməsinə, inkişafına göstərdiyi misilsiz töhfəni və görkəmli xidmətlərini vurğulayıb, həmişə yüksək qiymətləndirmişdir.

Görkəmli alim, akademik Y.Məmmədəliyev öz kəşflərinə və böyük elmi rəşadətinə görə “Nobel” mükafatına təqdim olunacaqdı. Yenə də işdə “erməni barmağı” göründü. 1957-ci ilin dekabr ayının 29-da, səhər saat 10-da MK-nın Siyasi Bürosunun tam tərkibli iclasında N.S.Xruşşov üçüncü məsələ olaraq Y.Məmmədəliyevin elmi kəşfinə keçən kimi bütün büro üzvləri, MK üzvləri və namizədlər fəallıq göstərdilər, onun elmi işini “Əsrin hadisəsi” adlandırdılar. Ona dair sənədlərin Nobel Mükafatları Komitəsinə təqdim olunması qərarına bir neçə dəqiqə qalmış yenə də hər şey başqa yön aldı. Birdən iclasın ünvanına gəlmiş qəfil məktub üzə çıxdı. Bu məktubu MK katibliyi təqdim etmişdi. Məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan və tank qoşunları generalı Babacanyan alimin misilsiz elmi nailiyyətlərini sözdə guya təqdir etsələr də, hərbi sirləri özündə ehtiva etdiyinə görə sənədlərin Stokholma göndərilməməsini məsləhət görürdülər.

Təmiz su çəlləyinə atılmış bu bir damcı qətran deyilmiş müsbət fikirləri bulandırdı. Gerçəkləşməyə doğru gedən ovqat dəyişdirindən adətən az danışmağı sevən DTK sədri A.Şepilovun məktubun məzmununa etirazlarına baxmayaraq ədalətin təntənəsi alınmadı. Axırda büro üzvü Mikoyan yarım saatlıq şeytani çıxışında hayk generallarınınm təşvişinə haqq qazandıraraq sözdə böyük kimyaçını bol-bol tərifləyib hərbçilərinin fikrinə şərik olduğunu bildirdi. Bununla da xalqımızın zəkaları tarixində layiq olduğu ilk Nobel mükafatı imkanı da düşmənlərimiz tərəfindən heçliyə gömüldü. Mikoyan ikinci dəfə daha bir yaşıl yarpağımızı gəmirdi. Bakı isə gizli-aşkar susurdu. Bütün bunlara baxmayaraq dünya bu gözəl alimi tanıyır və yüksək qiymətləndirir. YUNESKO-nun 2005-ci ili “Yusif Məmmədəliyev ili” elan etməsi də ona olan böyük qiymətdir. Bizim bu gün də adı Aristotel, Eynşteyn, Nils Bor və Norbert Vinerlə yanaşı tutulan dünya elmində kompüter sahəsində yeni ab-hava yaratmış professor Ələsgər Lütfizadə, 1960-cı ildə lazer texnologiyasını ilk olaraq kəşf etmiş professor Əli Cavan, 1970-ci ildə ultrasəslə canlı bioloji toxumaların (sümüklərin) qaynağı, kəsilməsi və birləşdirilməsi sahəsində kəşflər etmiş professor Elyaz Babayev və başqaları dünya alimləri içərisində öz sözlərini demiş, Azərbaycanı yüksəklərə qaldırmışlar. 

Və Prezident İlham Əliyevin 28 fevral 2005-ci il tarixli Sərəncamı ilə böyük alim, akademik Yusif Məmmədəliyevin 100 illik və 5 iyul 2025-ci il tarixli Sərəncamı ilə onun 120 illik yubileyinin qeyd olunması bir daha xalqımızın və dövlətimizin öz elminə və alimlərinə olan diqqət, qayğı və məhəbbətinin təzahürüdür. 

Ölməz o adamdır ki, öləndən sonra Vətən üçün böyük və faydalı yadigarları ilə qalır. Məhəmməd Peyğəmbər deyirdi ki, elmlə məşğul olan, öyrənən və elmi başqalarına öyrədən mərhəmətli alim, bilikli insan daim parlayan nurlu aləmə işıq saçan ulduza bənzəyir. Ən böyük, ən şərəfli, ən ləyaqətli adam elmi ilə əməli tam vəhdət təşkil edən alimdir: “Alimlər dünyada və axirətdə ümmətimin çırağıdırlar”.

Böyük alim, cəfakeş insan olan Yusif Məmmədəliyev 1961-ci il 15 dekabrda 56 yaşında Bakı şəhərində vəfat edib. Onun vəfatı Azərbaycan elmi üçün, xalqımız üçün böyük itki idi. O bir ildırım idi. Tariximizin üfüqündə çaxdı, parladı, keçdi… Keçdi deməyə adamın dili də gəlmir. Əslində Yusif Məmmədəliyev ruhən bu gün də, sabah da bizim xatirimizdə, beynimizdə, qəlbimizdə yaşayır və yaşayacaqdır. Yusif Məmmədəliyevin ölməz əsərləri dünya elminə işığını saçdığı üçün adını və xatirəsini bütün elm dünyası da yaşadır və yaşadacaqdıq. Bizim onun adı ilə dünyanın ən mədəni xalqları sırasında durmağa haqqımız var. Bu haqqı bizə böyük alimimiz Yusif Məmmədəliyev vermişdir. O bizim əbədi iftixarımızdır. Biz bu gün onu böyük ehtiramla yada salır, onun xatirəsi qarşısında baş əyir və deyirik: “Qəbrin nurla dolsun, ey böyük insan!”

Əyyar SƏFƏROV,
Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin direktoru

Şərhlər

Xəbər lenti

8 iyul, 18:01

Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlanıb

8 iyul, 16:45

Qarabağ Universiteti tibbi kadr hazırlığına başlayır – Plan yerləri müəyyənləşdi

8 iyul, 16:35

MDU "Azəralüminium"la əməkdaşlığa başlayır

8 iyul, 16:31

Yüzlərlə gənc arasından seçilib nazirlikdə təcrübəyə başladılar – REPORTAJ

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” MİQ imtahanında maksimum bal toplayan müəllim

8 iyul, 15:55

ARTİ-nin şöbə müdiri: MİQ-in elektron keçirilməsi qiymətləndirmədə insan amilini minimuma endirir

8 iyul, 14:58

“Müasir metodist” layihəsinin növbəti mərhələsi üzrə təlimlər yekunlaşıb

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 12:49

Bu gündən məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

8 iyul, 12:46

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib

8 iyul, 12:43

Sabahın hava proqnozu açıqlanıb

8 iyul, 12:04

MİQ-də metodika üzrə sualların çətinliyi ilə bağlı iddialara RƏSMİ MÜNASİBƏT 

8 iyul, 10:57

Vəfa Yaqublu: 70 minə yaxın müraciətin olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.