Bütün xəbərlər
24 fevral, 19:03

Kür çayının sahilində yerləşən, 1247 şagirdi, 88 müəllimi olan Mingəçevir şəhər Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəb Mərkəzi Aran regionunun tanınan təhsil müəssisələrindəndir. Bura həm də Mingəçevirin şagird sayı ən çox olan məktəbidir. Bu təhsil ocağında ibtidai siniflərlərdən başlayaraq dərslərin müasir təhsil vasitələri və metodlarla keçirilməsi, valideynlərin öyrənmə prosesində fəal iştirakı məktəbin hər bir şagirdinin gələcəyinin uğurlu olmasına zəmin yaradır. 

İdarəetməni təkmilləşdirmək niyyətində olan və bunun üçün öz bacarıqlarını da təkmilləşdirən məktəb direktoru Aysel Xəlilova 2021-ci ildə ADA Universitetinin Qazax filialında keçirilən təlimlərə qoşularaq "Bir müəllimin manifesti" proqramının iştirakçısı olub. Daha sonra 6 həftə ərzində ABŞ məktəblərində təlim-tədris prosesini yaxından izləyib, valideyn iclaslarının təşkili, təlim metodları və kurikulum yenilikləri ilə maraqlanıb. O, məktəbi də ABŞ-də topladığı, eyni zamanda, beynəlxalq təlimlərdən qazandığı təcrübə əsasında inkişaf etdirməyi planlaşdırır.

Direktorun sözlərinə görə, bu beynəlxalq təcrübə məktəbdəki innovativ yanaşmaların, valideyn və müəllimlərin əməkdaşlığının daha da güclənməsinə səbəb olub.

Məktəblilərin beynəlxalq uğurları

Məktəbin istedadlı şagirdlərinin  beynəlxalq arenada potensiallarını nümayiş etdirməsi və uğur qazanması buradakı təhsil sisteminin keyfiyyətinin yüksəkliyini təsdiqləyir. Məsələn, bu tədris ilində 6-cı sinif şagirdi Ziya Abdullazadə Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının 1-ci turunda gümüş medala, 4-cü sinif şagirdi Dəniz Hüseynli isə bürünc medala layiq görülərək Nyu-York şəhərində keçiriləcək final turda iştirak hüququ qazanıblar: 

“Bu nailiyyətlər məktəbimizdə şagirdlərin istedadının erkən yaşlardan inkişaf etdirilməsinin və təhsilin müasir yanaşmalarla dəstəklənməsinin birbaşa nəticəsidir. Uğurlar şagirdlərimizin qlobal səviyyədə rəqabətə hazır olduqlarını deməyə əsas verir. Biz məktəbdə “Könüllü məktəblilər” layihəsinə start verdik. Layihənin komandasına cəlb edilən şagirdlər yalnız məktəbin nizam-intizamının qorunmasında deyil, həm də müxtəlif layihələrdə bilavasitə iştirak edirlər. Onlar “Şagird davranış qaydaları”nı təhlil edir, hesabatlar hazırlayır və məktəbin sosial fəaliyyətlərinin artırılması, oxu bacarıqlarının formalaşdırılması ilə bağlı müxtəlif təşəbbüsləri reallaşdırırlar.

Bundan əlavə, məktəbdə 10 şagirddən ibarət Şagird Şurası yaradılıb. Şura müəllim və yaradıcı şagirdlərlə birgə müxtəlif tədbirlər keçirir. 

Əlbəttə, akademik bacarığı yüksək olan bəzi şagirdlərin komanda ilə işləmə bacarığının formalaşmasında çətinliklər yarana bilir. Ona görə də bu məsələni vaxtında həll etmək üçün xüsusi tədbirlər görürük. Məqsədimiz bütün şagirdlərin həm fərdi, həm də komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirməkdir".

İbtidai siniflərin tədris prosesi

Aysel müəllim bildirir ki, uğurun sirləri təməl biliklərə söykənir. Bu baxımdan məktəbdə ibtidai siniflərin fərqli tədris metodlarına xüsusi önəm verilir. Sözügedən siniflərə daxil olaraq buradakı dərs prosesi ilə yaxından tanış olduq. 

"Şagirdlərimizin məktəbli formasında dərsə gəlməsi, “Şagird davranış qaydaları”na əməl etməsi onların nizam-intizam və öyrənməyə olan həvəslərinin açıq sübutudur”,- deyən  4-cü sinif müəllimi Nəzakət Cəfərli şagirdlərini tez-tez sınaq imtahanlarına cəlb edir və bununla onların ümumi nəticələrini analiz edir. 

Sona Cabbarova isə şagirdlərin diqqətini dərsə cəlb etmək üçün yeni, əyləncəli və əyani metodlardan istifadə etdiyini qeyd edir.

Yasəmən Yolçuyevanın öz dərsində interaktiv metodlara üstünlük verildiyinin əyani şahidi də olduq. Dərsdə mövzunu slaydlar vasitəsilə izah edən müəllim əyani vasitələrdən də istifadəyə üstünlük verməklə şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə yardım edir. Yasəmən müəllimin dediyinə görə, bu metod şagirdlərin yalnız nəzəri biliklər deyil, həm də praktiki təcrübə qazanmasına şərait yaradır.

“Şagirdlərin bilik səviyyəsinin yüksəkliyi müəllimdən asılıdır”

38 ildir ki, ibtidai sinif müəllimi işləyən Zəhra Əmirova kurikulum üzərində qurulan metodların gözəçarpan nəticələr verdiyini, şagirdlərin praktiki bacarıqlarının daha da inkişaf etdiyini vurğulayır. Rollu oyunlar, əyləncəli dərs metodları və obrazların səhnələşdirilməsi şagirdlərin yaddaşına daha yaxşı təsir göstərir.

38 illik pedaqoji təcrübəsi olan Elmira Səmədova şagirdlərin bilik səviyyəsinin yüksəkliyinin müəllimdən asılı olduğunu bildirir. Şagirdləri ilə birlikdə "Yaşıl sinif" layihəsini hazırlayan müəllim deyir ki, belə bir sinfin hazırlanması şagirdlərin əməkdaşlıq və yaradıcı yanaşmalarını gücləndirir. Bu layihə həm şagirdlərin dərsdə fəal iştirakı, həm də valideynlərin məktəblə sıx əlaqəsinin təzahürüdür.

Məzunun elmi fəaliyyətinin nəticələri beynəlxalq səviyyədə tanınır

Uğurlu məzunlar yetişdirmənin təməli ibtidai siniflərdən başlanır. Bu mərhələdə uşaqların əldə etdiyi fundamental biliklər onların gələcək akademik və peşəkar uğurlarının zəminini yaradır. 8 nömrəli tam orta məktəbdən məzun olan tanınmış həkim, ziyalı və alimlər buranın ən böyük qürurudur.

Məktəbin fəaliyyət dövründə buranı yüksək nailiyyətlərlə bitirib ali məktəbə 700 balla daxil olan yeganə məzunu İsmayıl Kazımovdur. Hazırda o, nüfuzlu şirkətlərdən birində çalışır.

 Digər bir məzunumuz Yusif Əfəndizadənin isə məktəb illərində qazandığı fundamental bilik və elmi düşüncə tərzi onun gələcəkdə kimya elminə yönəlməsində mühüm rol oynayıb. Hazırda Fransada “Nukleozid, nukleotid və RNT-gen kimyası” üzrə doktorantura təhsili alan bu gənc kimyəvi sintez, kimyəvi biologiya və gen kimyası sahəsində mühüm elmi nailiyyətlər əldə edir. Onun tədqiqatları t-RNT analoqlarının stabil sintezi və bioaktiv molekulların inkişafına yönəlib. Yusif Əfəndizadənin elmi fəaliyyətinin nəticələri beynəlxalq səviyyədə də tanınır. 

Yusifin riyaziyyat müəllimi, 8 nömrəli məktəbdə çoxsaylı uğurlu məzunun yetişməsində rolu olan Çimnaz Mustafayeva bütün şagirdlərinə övlad qayğısı ilə yanaşdığını, amma bununla belə, onlara qarşı çox tələbkar olduğunu bildirir. O, bu uğurların arxasında müəllim və şagirdin birgə zəhmətinin dayandığını qeyd edir: “Ali məktəbə bu il də yüksək balla daxil olan məzunlarımız var. Zülfiyyə Mahmudova 658, Şəbnəm Əgərova 646 bal toplayıb. Biz onların hər biri ilə fəxr edirik!”.

Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəb innovativ tədris metodları ilə şagirdlərin akademik və sosial inkişafını təmin edir. Direktor Aysel Xəlilovanın beynəlxalq təlimlərdən qazandığı təcrübə, müəllimlərin şagirdlərinə səmimi yanaşması, dərslərdə interaktiv metodların tətbiqi, uğurlu məzunların nailiyyətləri məktəbin təhsil sistemindəki yüksək keyfiyyətin və dəyərin təzahürüdür. Hər bir şagirdin gələcək uğurlarının təməli bu məktəbdə atılan əsas addımlarda dayanır.

1 /2

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.