
Son illərdə texnologiyanın sürətli inkişafı təhsildə yeni imkanlarla yanaşı, yeni çətinliklər də yaradır. Bir çox hallarda məktəblərdə texnoloji vasitələrdən – planşet, smartfondan faydalanma zəruri olsa da, onlardan istifadə bəzi problemlərə də yol açır. Bunun nəticəsidir ki, müasir müəllimlər artıq yalnız dərs deməklə kifayətlənmirlər, onlar həm də sosial şəbəkə, oyun və digər rəqəmsal vasitələrə qarşı da “mübarizə” aparırlar. Şagirdin diqqətini cəlb etmək, onu “TikTok”dan, “Instagram”dan uzaqlaşdırmaq yeni pedaqoji yanaşmalar tələb edir.
Bu reallıq təkcə bizim ölkəyə aid deyil. Dünyanın bir çox ölkəsində məktəblərdə mobil telefon istifadəsi müzakirə mövzusuna çevrilib. Bəzi mütəxəssislər telefonların dərs prosesinə mənfi təsir etdiyini bildirirlər. Digərləri isə texnologiyanın təhsilə düzgün inteqrasiyasının vacibliyini vurğulayırlar. Məsələn, 2018-ci ildən Fransada 15 yaşadək şagirdlərə məktəbdə telefon istifadə etmək qanunla qadağandır. Hindistanın bəzi ştatlarında bu cür cihazlardan yalnız fövqəladə hallarda istifadə mümkündür. Finlandiyada isə məsələ məktəb rəhbərliklərinin ixtiyarına buraxılıb. UNESCO-nun 2023-cü il hesabatında vurğulanır ki, məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması şagirdlərin diqqət və intizam səviyyəsinin artmasına səbəb olur.

Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. Bir müddət əvvəl 300-dək ümumi təhsil müəssisəsində smartfon və digər ağıllı cihazlardan istifadə qadağan olundu. Pilot layihə çərçivəsində tətbiq edilən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, şagirdlər məktəbə telefon və digər elektron cihazlar gətirməməli və dərs zamanı onlardan istifadə etməməlidirlər. Effektivliyi nəzərə alınaraq layihənin tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulur.
Məqsəd isə sadədir: şagirdin diqqətini dərsə yönəltmək və təhsilin keyfiyyətini artırmaq.
Mövzunun aktuallığını nəzərə alaraq, valideyn və müəllimlərin fikirlərini öyrənib məsələyə fərqli baxış bucaqlarından yanaşmağa çalışdıq. Gəlin bu fikirlərə birlikdə nəzər salaq.
“Dərsdə telefondan istifadə tələb olunursa, valideynlər öncədən məlumatlandırıla bilər”
İki yeniyetmə məktəbli anası olan ingilis dili müəllimi Elnurə Alışanova hesab edir ki, məktəbin texniki təminatı aşağıdırsa, bəzi qiymətləndirmələrdə telefondan istifadə məqbuldur. Lakin onun sözlərinə görə, dərs zamanı smartfonlardan istifadə uşağın diqqətini yayındırır və hazır materiallara meyli artırır:
“Xüsusən “ChatGPT” kimi süni intellekt proqramlarının istifadəsi uşaqları hazıra öyrəşdirir və tənbəlləşdirir. Buna görə dərs müddətində vacib olmadığı təqdirdə ağıllı cihazlardan istifadə olunmamalıdır. Müəllimlər də dərs müddətində mövzu ilə əlaqəli deyilsə, istifadəni məhdudlaşdırmalıdırlar. Valideyn kimi uşaqların məktəbə smartfon aparmasına qarşıyam. Əgər məktəb texnoloji vasitələrdən kasaddırsa və dərsdə telefondan istifadə tələb olunursa, valideynlər öncədən məlumatlandırıla bilər. Bu halda uşağa sırf həmin gün üçün məktəbdə telefondan istifadəyə icazə verilməli və bu da məhdud formada olmalıdır. Müəyyən istisna hallarını nəzərə alaraq smartfon istifadəsi məktəblərdə məhdudlaşdırılmalıdr. Valideynin uşaqla əlaqə saxlaması üçün adi telefonlardan istifadə məqsədəuğundur. Ağıllı telefonların istifadəsi diqqətin yayınmasına, ayrı-seçkiliyə gətirib çıxarırsa, bu, istifadəni şərtləndirən zamanları çıxmaqla, valideyn-müəllim-direktorun birgə nəzarəti ilə tənzimlənməli və ya məhdudlaşdırılmasına razılıq verilməlidir”.
“Öz təcrübəmdən bilirəm ki, telefonla çox vaxt keçirən uşaqlarda oxu vərdişləri zəifləyir”
Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Günel Mürşüdova isə smartfonların mənfi təsirlərinə diqqət çəkir:
.jpeg)
“Smartfonlar uşaqlarda diqqətsizlik, səbirsizlik və aqressivlik yaradır. Məktəblərdə smartfonlardan istifadə şagirdlərə qadağan olunmalıdır, müəllimlərə isə yox. Elə məktəblər var ki, orada şərait olmadığından müəllimlər dərsdə şagirdlərə öz telefonları ilə nəsə göstərir, səsi dinlədir. Bunu özüm əvvəllər çox etmişəm. Həm də “Rəqəmsal bacarıqlar” fənnini tədris edirəm. Buna baxmayaraq, hesab edirəm ki, qadağan edilmə ən yaxşı qərardır. Şəxsən öz təcrübəmdən bilirəm ki, telefonla çox vaxt keçirən uşaqlarda oxu vərdişləri zəifləyir. Oyun, videolar sayəsində uşaqlar üçün kitab oxumaq çox cansıxıcı olur, məktəbdə keyfiyyət düşür. Valideyn kimi deyə bilərəm ki, bizdə uşaqlar telefondan çox az istifadə edirlər. Amma yay aylarında istifadə edəndə çox aqressiv olduqlarını, həyatdan təcrid olunduqlarını deyə bilərəm. Çünki telefondakı videolar, oyunlar maraqlı gəldiyindən uşaqlara kitab oxumaq çətin gəlir. Ümumi olaraq uşaqda diqqət əskikliyi yaranır, həmçinin nəticələri gözlə görüləcək dərəcədə aşağı düşür. Telefondan fərqli olaraq, məktəblərdə kompüterlərdən istifadə olunmalıdır. XXI əsr şagirdinin kompüter bacarığı olmalı, proqramlaşdırma bilməlidir. Amma telefon sadəcə fikir yayındırmaqdan başqa bir şey deyil. Telefon istifadə edən şagirdlərdə səbir azalır, qarşısındakı insanı dinləmək belə istəmirlər”.
“Şagirdlərlə maarifləndirici söhbətlər aparmaq lazımdır”
Astaranın Rüdəkənar kənd ümumi orta məktəbinin müəllimi Firuzə Mirzəyeva bu məsələyə daha yumşaq yanaşır. O, düşünür ki, telefonlardan istifadə məsələsi şagirdlərə maariflənmə yolu ilə başa salınmalıdır:
.jpeg)
“Smartfonlar dərsi daha canlı və maraqlı edə bilər. Mühüm olan bu vasitələrin düzgün və məqsədyönlü istifadəsidir. Düşünürəm ki, müasir dövrdə dünyanın müxtəlif ölkələrində dərs zamanı telefonlardan geniş istifadə edilir. Smartfonların mənfi xüsusiyyətləri ilə yanaşı, müsbət cəhətləri də çoxdur. İnkişaf olan yerdə mənfilik də olmalıdır. Sadəcə, bundan nəticə çıxarıb düzgün istiqamətlənmək lazımdır. Telefondan düzgün istifadə etməkdən ötəri şagirdlərlə maarifləndirici söhbətlər aparmaq lazımdır”.
“Bu məsələdə müəllimlərlə birgə valideynlər də məsuliyyət daşıyır”
VIII sinif şagirdi Tunar Əhədovun atası, mühasib Anar Əhədovun fikrincə, telefonlardan istifadə məktəb-valideyn əməkdaşlığı çərçivəsində həll edilməlidir:
.jpeg)
“Bir uşaq bir ailəni təmsil edir və ailə özü smartfonun uşaq üçün nə kimi müsbət və mənfi cəhətləri olduğunu uşağa izah etməlidir. XXI əsr texnologiya əsridir və uşaqların bundan uzaq tutulması məqsədəuyğun olmaz. Əsas məsələ düzgün istifadənin öyrədilməsidir. Bu məsələdə müəllimlərlə birgə valideynlər də məsuliyyət daşıyır. Bu məsələ məktəb və valideyn münasibətləri çərçivəsində öz həllini tapsa, daha uyğun olar”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər