
Bir milləti inkişaf etdirən və onu yüksəldən təhsilidir. Təhsilin inkişafı isə yaradılan tədris şəraitindən və həyata keçirilən təhsil islahatlarından asılıdır. Naxçıvan Muxtar Respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ən ucqar kəndlərində belə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir.
“Azərbaycan müəllimi”nin yolu bu dəfə Ordubad rayonunun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyində yerləşən Unus kənd orta məktəbinə düşüb.
1600 metr hündürlükdə, sıldırım qayalıq, uca dağlar, göz oxşayan yaşıllıqla əhatə olunan kəndin gözəlliyini müasir tipli məktəb tamamlayır.

97 yaşlı məktəb
Unus kənd məktəbinin tarixi olduqca qədimdir. Məktəb 1928-ci ildən bu günə kimi fəaliyyət göstərir. 2008-ci ildə yenidən tikilən, ikimərtəbəli, 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi, STEAM kabinetləri, direktor, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, idman zalı və bufet yerləşir. 47 şagirdin təlim-tərbiyəsi ilə 23 nəfərlik pedoqoji heyət məşğul olur. Məktəbin kitabxana fondunda 3142 kitab var. STEAM kabinetində 1 elektron lövhə, 2 kompüter quraşdırılıb. Kabinə 3D printer, Arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Məktəbdə internetə çıxışı olan 14 kompüter və 3 elektron lövhə quraşdırılıb.
Məktəbdəki laboratoriyaların hər biri dərsliklərdə nəzərdə tutulan mövzulara uyğun müasir təcrübə avadanlıqları ilə təmin olunub. Bu da dərsləri daha yaxşı qavramağa kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.
Məktəbdə istifadəyə verilən hərbi kabinet, müasir idman zalı, açıq idman qurğuları və şahmatın tədrisi gələcəyimiz olan uşaqların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə, fiziki və əqli inkişafına xidmət edir.

“Bəzi müəllimlərin dərs saatları az olsa da, buradan getmək istəmirlər”
Hazırda gənc müəllimlərin daha çox olduğu məktəbə rəhbərliyi də gənc direktor edir. 27 yaşında direktor kimi fəaliyyətə başlayan Məsmə Mirzəyeva ilk vaxtlar çətinlik çəkdiyini deyir. Amma bir zamanlar ona dərs deyən müəllimlərin verdiyi dəstək sayəsində çətinliklərin öhdəsindən gəlib. Unus kənd orta məktəbini fərqlənmə attestatı ilə bitirən Məsmə Mirzəyeva Naxçıvan Müəllimlər İnstitutunun “Psixologiya və pedaqogika ixtisası”nı bitirib və həmin ildən öz məktəbində psixoloq kimi fəaliyyətə başlayıb. Deyir ki, məktəb heç də şəhər məktəblərindən seçilmir: “Ucqar dağ kəndində olsaq da, qışı rahat keçiririk, çünki bina istiliklə təmin olunub. Başqa rayondan gələn bəzi müəllimlərin dərs saatları az olsa da, buradan getmək istəmirlər”.
İxtisasını çox sevdiyini deyən müəllimin psixologiya ilə bağlı kitabları da stolun üstündədir. Bəlkə də psixoloq olmağı onun həm müəllim, həm də valideynlərlə rahat dil tapmasına səbəb olur: “Mən həmişə deyirəm ki, ilk növbədə, çalışmalıyıq ki, valideynlərimizi maarifləndirək. Övladlarının ixtisas seçimi ilə bağlı onlarla söhbətlər aparırıq. Uşağın potensialını müəllimlər yaxşı bilirlər, yüksək rəqabətli ixtisaslara qəbul olmaq istəyənlər kəsiləndə bu onlara psixoloji təsir edir. Ona görə də şagirdləri düzgün istiqamətləndirmək lazımdır. Şagirdlərə deyirəm ki, hansı sahəyə marağınız var, oraya üz tutun”.
Burada işləmək rahatdırmı?
Bəs ucqar kəndi seçib gələn müəllimlər nə düşünür, onlara da burada işləmək rahatdır?
Sualımıza cavab tapmaq üçün müəllimlərlə söhbətləşirik. Onlardan biri 5-ci ildir ki, burada çalışan tarix müəllimi Əli Babayevdir. MİQ üzrə müsabiqədə 52 bal toplayaraq buranı seçən müəllim Naxçıvan şəhərindən gələrək kənddə kirayə tutduğu evdə yaşayır. Hazırda nişanlı olan Əli müəllim evlənəndən sonra da ailəsi ilə burada yaşamağı düşünür. Deyir ki, gələn kimi kənd camaatı, məktəb kollektivi çox mehriban rəftar edib, qısa zamanda adaptasiya ola bilib: “Buradan getməyi düşünmürəm, yayı sərin olur, təbiəti, gözəlliyi məni özünə cəlb edir, valeh oluram”.

Əli müəllim bildirir ki, hər müəllimin özünün dərs izah etmə metodu var: “İndiki dövrdə şagirdlərlə çox yaxın olanda onlar bundan sui-istifadə edirlər. Ona görə də sərhəd saxlayıram, nə çox sərt, nə də çox yumşaq davranıram.
Dərs dediyim şagirdlər tarix fənnindən yüksək bal toplaraq ali məktəblərə daxil olublar. Bu il 4 nəfər 11-ci sinif məzununun 3-ü tarix müəllimi olmağa hazırlaşır. Nəticələri də yüksəkdir”.
O, gənc müəllim namizədlərə tövsiyə edir ki, çalışıb öz uğurları arxasınca getsinlər: “Bunu edəndən sonra yolun uzaqlığı, qarşılarına çıxan maneələrin heç bir fərqi olmur. Öz üzərlərində işləyərək uğurlarını davam etdirsinlər. Başlanğıcda qarşılaşa biləcəyi çətinliklərdən qorxmasınlar”.

“Burada çalışmağı əvvəldən istəyirdim”
İbtidai sinif müəllimi Nahidə Bayramova da Babək rayonunun Hacıvar kəndindən bura dərs deməyə gəlir. 4 ildir ki, burada çalışır və ailəsi ilə kənddə kirayədə yaşayır. Deyir ki, burada çalışmağı əvvəldən istəyib: “Ordubadın insanlarının mehriban olduğunu bilirdim. Yaşayış yerini dəyişəndə, əlbəttə ki, bir az qorxu olur. Amma kollektivi, insanları görəndən sonra insan alışır. Uşaqların da bu məktəbdə təhsil almasını istəyirəm. Yaxşı ki, bu məktəbi seçmişəm, bu kənddən, ümumiyyətlə, getmək istəmirəm”.
Müəllimin sözlərinə görə, əvvəl təcrübəsiz olduğundan balacalarla işləmək bir qədər çətin olub, amma bu məsələdə qocaman müəllimlərdən dəstək alıb: “Hər uşağa öz potensialına görə yanaşıram. Uşağın qavramasına, hətta xasiyyətlərinə, psixoloji vəziyyətinə görə tapşırıqlar verirəm. Şagirdlərin, demək olar ki, hamısı aktivdir. Monitorinqlərdə şagirdlərim yaxşı nəticələr göstəriblər.
Valideynlərlə də xüsusi əlaqələr qurur, problem olanda onlarla danışıram, problemi birlikdə aradan qaldırırıq”.
O da həmkarı kimi gənc müəllim namizədlərə ucqar dağ kəndlərində işləməyi məsləhət görür: “Əsas ucqar kəndləri seçsinlər, qorxmasınlar, elə işləməli yerlər bu kəndlərdir. Çünki şagirdlər də, kollektiv də tam fərqlidir”.
3 şagirdli sinif
Reportaj hazırladığımız dövr dərs ilinin ən son günlərinə təsadüf etdiyindən sinif otaqlarına da baş çəkmək imkanımız olur.
Dərsə mane olmadan 9-cu siniflərin dərs prosesində iştirak edirik. Sinifin cəmi 3 şagirdi var. Onların da hamısı çalışqan, məsuliyyətli, hər bir fənnə hazırlıqlıdır. Bunu biz yox, müəllimləri deyir.

Sənəm Abbasova 9-cu sinif buraxılış imtahanında 251 bal toplayıb, 1-ci qrup üzrə imtahan vermək istəyir. Deyir ki, oxumaq üçün məqsədi var: “Müəllimlərim mənə güvənir, çalışıram ki, müəllimlərin əməyini yerə vurmayım”.
Aytən Qocalı isə buraxılış imtahanında 270 bal toplayıb və gələcəkdə riyaziyyat müəllimi olmaq istəyir: “İmtahana hazırlaşanda sosial şəbəkələrə qətiyyən baxmırdım, ancaq dərs oxuyurdum. Bundan sonra da daha çox çalışaraq hədəfimə çatmaq istəyirəm”.
Sinfin digər üçüncü şagirdi bu qızlara nisbətən yaxşı oxumasa da, gələcəkdə peşə təhsili müəssisəsinə gedərək sənəd sahibi olmaq istəyir.

“Şagirdlərimlə ilə indi çiyin-çiyinə işləyirəm”
Sinifdə həmin zaman dərs deyən riyaziyyat müəllimi Tamilə Fərziyeva ilə də söhbətləşirik. 33 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan müəllim şagirdlərindən razıdır. Deyir ki, indi şagirdlərin oxuması üçün hər bir imkan var. Çünki təhsil şagirdyönümlüdür: “Düşünürəm ki, bugünkü gündə şagirdin müəllimə o qədər də ehtiyacı yoxdur. Çünki istədiyi məlumatı internet vasitəsilə də araşdırıb tapa bilir. Dövlətin şagirdlər üçün yaratdığı imkanlar olduqca yüksəkdir. Bu cür şərait müəllimlər üçün də şansdır, çünki texniki imkanlar müəllimin daha da yaxşı dərs deməyinə kömək edir”.
Müəllim deyir ki, yüksək balla ali məktəblərə daxil olan çoxlu şagirdləri olub: “500-600-dan yuxarı bal toplayan, riyazi təfəkkürlü şagirdlərim olub.
Düşünürəm ki, bizim məktəbin şagirdləri üçün əlavə hazırlığa ehtiyac yoxdur, bütün ixtisaslı müəllimlər burada dərs deyirlər. Hər sinifdə 3-5 şagird var, bu hazırlıq qruplarında olan uşaq saylarından da azdır. Hər kəs ali təhsil almağa məcbur deyil. Bir az zəif oxuyan şagirdlər hər hansı sənədə də yiyələnə bilər. Mən onları bu istiqamətə də yönləndirirəm”.

Tamilə müəllimin dərs dediyi şagirdlər indi məktəbdə onunla çiyin-çiyinə işləyirlər. Onlarla fəxr etdiyini deyir: “Həmişə şagirdlərimə deyirəm ki, valideynləriniz kiməsə borc verəndə onu geri istəyir, mən də sizə borc verirəm, onu da mənə qaytarın. Mənimlə işləyən həmkarlarım bu borcu qaytarıb”.
Məktəbin 4 məzunu imtahandan yaxşı bal toplayıb və hamısının tələbə olma imkanı yüksəkdir. Onlardan biri Rüstəm Salmanov 4-cü qrupa hazırlaşır, stomatoloq olmaq istəyir. Heç bir hazırlığa getmədən plan quraraq evdə özü hazırlaşır.

Həqiqətən də hər bir avadanlıqla təmin olunan məktəbdə keyfiyyətli təhsil almaq üçün hər çür şərait var. Müasir tələblərə cavab verən belə məktəblər muxtar respublikada təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin səmərəli fəaliyyətinə geniş imkanlar açır.
Odur ki, ən ucqar kəndlərimizdə belə yüksək nəticələr, davamlı uğurlar müşahidə olunur.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər