Strategiya müəyyən bir plana əsaslanan təlim prosesinin əvvəlcədən təyin olunmuş məqsədlərinə çatmaq üçün istifadə edilən vasitə, metod, priyom və s. istiqamət verən ümumi bir yanaşma və ya anlayışdır. Metod yunanca üsul deməkdir və təlim nəticəsinin əldə olunması üçün istifadə olunan, məntiqi nəticəyə əsaslanan yoldur. Müəllim və ya tərbiyəçi metodların köməyi ilə təhsilalanların davranış və psixoloji-mənəvi dünyasına təsir edərək onlarda əxlaqi-bəşəri münasibətlərin inkişafına təkan verir. Bu məqsədlərə təlim-tərbiyə müddətində bir neçə yolla nail olmaq mümkündür.
Bəzən seçilmiş metod müəyyən bir sinif daxilində və ya konkret olaraq müəyyən şagird üzərində effektsiz ola bilər. Bu zaman müəllim düzgün yollar axtarıb tapmalı və onları təlim-tərbiyə prosesində tətbiq etməlidir. Təbii ki, müəllimin yeni metod kəşf etməsi həm çətin, həm də vaxt alan bir prosesdir. Buna görə də, müəllimin araşdırma aparması, müasir təlim-tərbiyə yolları ilə tanış olması və ya mövcud yollar üzərində təkmilləşdirmə aparması məqsədəuyğundur. Təlim-tərbiyə strategiyasını həyata keçirmək üçün müəllimin istifadə etdiyi bu yol isə priyom (tərz, texnika) adlanır. Priyom bir növ müəllimin mövcud metod və vasitələri tətbiq etmə tərzidir. Bəzən bu tərzlər (priyomlar) və metodlar qarışdırılsa da, bu metod yox, sadəcə olaraq metodun daxili komponentidir.
Müəllim qarşıya qoyulmuş məqsədə çatmaq üçün seçdiyi metodun tətbiqi zamanı istifadə etdiyi alətlər vasitələr adlanır. Vasitə daha geniş anlayışı özündə əks etdirir. Müxtəlif növ audiovizual materiallar, şəkillər, prezentasiyalar, dinləmə materialları, kitablar, nümunələr, təcrübə işləri, qrafiklər, oyunlar və b. təlim-tərbiyə işinə xidmət göstərən vasitələrin bir hissəsidir. Həmçinin tərbiyə prosesinin gedişatında metodların vasitələrə, yaxud vasitələrin metoda çevrilə bilməsi mümkündür. Bundan başqa, hər hansı bir situasiyada metodlara vasitə deyilməsi böyük qüsur hesab edilmir, çünki bunlar hamısı bir-birilə qarşılıqlı əlaqəlidir və birini digəri olmadan təsəvvür etmək olmaz.
Təlim-tərbiyə prosesində istifadə olunan texnikalar (priyomlar) metodun effektivlik dərəcəsini daha da artırır. Tərbiyə şəraitində istifadə olunan bu texnikaları əməli olaraq iki qrupa ayırmaq olar:
a) müsbət etik və sosial davranışların inkişafına yönəlmiş priyomlar;
b) mənfi xüsusiyyət və davranışların olmamasına istiqamələnmiş priyomlar.
Hər iki qrup bir tərbiyəçi kimi müəllimlərdən şagirdləri fərdi şəkildə daha yaxşı tanımağı, hisslərini, xarakterik xüsusiyyətlərini və düşüncə tərzlərini bilmələrini tələb edir. Birinci qrupa nəvazişin göstərilməsi, xoş hisslər, sevinc, qəmginlik, coşğu, təəssüf və s. daxildir. İkinci qrupda xəbərdarlıqlar, töhmətlər, məzəmmət, tənqidlər və s. öz əksini tapır. Əgər müəllimin pedaqoji bacarığı zəifdirsə, seçilmiş strategiya kömək etməyəcək. Məsələn, nümunə üçün, müəllim biologiya və ya həyat bilgisi dərsində şagirdləri məktəbin həyətinə ekskursiyaya aparır ki, buradakı ağaclarla, həm də əmək bacarıqları ilə tanış olsunlar. Ancaq burada iş üçün uyğun vasitələrin olmadığı məlum olur. Bu cür hazırlıqsız və plansız iş müəllimi nüfuzdan, şagirdləri isə ruhdan salır. Ona görə də müəllim öz işini uğurla başa çatdırmaq üçün planlı və məsuliyyətli olmalı, görülən işi tamamlamaq və məntiqi nəticə ilə sonlandırmaq vərdişini özündə formalaşdırmalıdır. Beləliklə, bundan sonra pedaqoji iş məqsədyönlü nəticə verəcək, şagirdlər görülən işə məsuliyyət hissi ilə yanaşacaq, onlarda işi bitirmək vərdişi formalaşacaqdır.
Əsas olan, metod, vasitə və texnikalardan səmərəli və sinif şəraitinə uyğunlaşdırılmış şəkildə istifadə olunmasıdır. Tərbiyə strategiyalarının doğru seçilməsi ən optimal,sərfəli və ən qısa zaman dilimində təlim-tərbiyə məqsədinə istiqamətlənən yolu tapmaq deməkdir.
Ən optimal və uyğun strategiyaların seçilməsi zamanı müəllim aşağdakı şərtləri nəzərə almalıdır:
a) Tərbiyəvi işin məqsədi və vəzifələri ilə tanışlıq;
b) Şagirdlərin yaş dövrləri və xüsusiyyətlərini bilmək;
c) Kollektivin tərbiyəvi-mənəvi durumunun təhlil olunması;
d) Şagirdlərin fərdi, spesifik xüsusiyyətlərinə bələd olmaq;
e) Tərbiyə işinin icrasının nəzərdə tutulduğu məkanın şəraitini bilmək;
f) Metod və vasitələr, tərbiyə işinin müddəti və s. haqqında məlumatlılıq;
g) Təlim-tərbiyə prosesinin sonunda gözlənilən nəticə.
Müəllim tərbiyəvi iş müddətində mənəvi davranışları alışdırma, fəaliyyəti stimullaşdırma və cəzalandırma, həmçinin idraki təsir kimi metodlardan istifadə edə bilər. Mənəvi davranışların alışdırılması metodu ilə şagirdlərin tərbiyəvi fəaliyyətini, ictimai-sosial davranış mədəniyyətini formalaşdırmaq mümkündür. Bu məqsədlə yaxşı davranış və davranış nümunəsi vərdişə çevrilməzdən əvvəl dəfələrlə təkrarlanmalıdır. İstedadlı və yüksək mənəvi dəyərlərə sahib müəllimlər öz işində həmişə intizamlı olurlar. İstər dərslərdə, istərsə də dərsdənkənar davranış nümunəsi kimi şagirdlərin təlim-tərbiyəsində müsbət rol oynayırlar. Onlar yaşlılara, xəstələrə kömək etmək, təbiətə, canlılara şəfqətlə münasibət ehtiva edən vərdişlər yaratmaq üçün tapşırıqlar verirlər. Bu cür işlərin həyata keçirilməsi üçün, ilk növbədə, müəllim, direktor və bəzən də bütöv pedaqoji kollektivin iştirakı ilə xeyriyyə aksiyaları keçirmək də lazımdır. Öyrənənlərin tərbiyəli olmasında ətraflarındakı insanların da mühüm rolu vardır.
Şagirdlərin şüuruna və davranışına təkcə ətrafdakı insanların nümunəsi deyil, həm də görkəmli tarixi şəxsiyyətlərin nümunəsi də təsir edir. Bu mənada görkəmli adamların həyatından bəhs edən filmlər ya da ki, bədii-elmi əsələr, film qəhrəmanları ən yaxşı nümunə vasitəsi kimi istifadə oluna bilər. Şagird nümunəvi davranış və uğurlarına görə daim motivasiya edilməli və rəğbətləndirilməlidir ki, daha da ruhlansın və öz üzərində daha çox çalışsın. Şagird yaxşı oxuyursa, olimpiadalarda uğur qazanırsa, məktəblərdə ictimai yerlərdə nümunəvidirsə, məktəbin ictimai həyatında fəal iştirak edirsə onu ruhlandırmaq lazımdır. Bu, onun gələcək inkişafı üçün olduqca önəmli hərəkətverici faktordur.
Bəs rəğbətləndirmə məktəb şəraitində necə həyata keçirilməlidir?
- nailiyyətləri barəsində tədbirlərdə, iclaslarda bəhs olunması ilə;
- haqqında məktəbin müəyyən guşəsində yazmaqla;
- diplom, tərifnamə və təşəkkürnamələrlə və s.
Bəzən müəllimin tərbiyə üsulları fərqli-fərqli şagirdlərin üzərində istənilən adekvat nəticə vermir. Məsuliyyətsizlik, rəftarda kobudluqlar, hörmətsizlik, pis vərdişlər davam edir. Düzdür, müasir təlimdə cəzalandırma metodları məqbul hesab edilməsə də, yalnız yüngül cəzalandırma metodlarından şagird şəxsiyyətinə zərər vermədən, düzgün şəkildə istifadə oluna bilər.
Bəs düzgün formada şagird hansı formalarda cəzalandırıla və ya tərbiyə oluna bilər?
- məsləhət və ya xəbərdarlıq etməklə;
- valideynini məktəbə çağırıb maarifləndirici, tərbiyəvi söhbətlər aparmaqla;
- məktəb psixoloqu ilə seanslar təşkil edib onun davranışlarının real səbəblərini və psixoloji durumunu aydınlaşdırmaqla;
- etdiyi mənfi davranışın yanlış olduğunu özünün anlamasını həyata keçirməklə;
- ehtiyac yaranarsa paralel sinfə köçürməklə və s.
Nəticə etibarilə, həm rəğbətləndirmə, həm də cəzalandırma zamanı ədalətlilik prinsipi və obyektivlik mütləq şəkildə gözlənilməlidir. Əgər cəzalandırma tətbiq olunacaqsa, yaş dövrü və fərdi xüsusiyyətlərin nəzərə alınmaması qəti və birmənalı şəkildə yolverilməzdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)