Bütün xəbərlər
30 iyun, 11:12

Düşünürəm ki, gələcəyin təhsili yalnız elm, bilik ötürmək məqsədi daşımayacaq. Əsas hədəf əxlaqi dəyərlərin, davranış qaydalarının və sosial məsuliyyət hissinin formalaşdırılması olacaq. Çünki müasir dövrün reallıqları göstərir ki, informasiya əldə etmək heç vaxt bu qədər asan, əlçatan olmayıb. Artıq bilik üçün məktəb binasına getməyə ehtiyac yoxdur – smartfon, internet bağlantısı kifayətdir. Statistikalara görə 2024-cü ilin sonunda dünya əhalisinin 66%-i internetə çıxış əldə edib və bu nisbət gənclər arasında 90%-ə qədər yüksəlib. 

Bu sürətli və nəzarətsiz informasiya axını bilik əldə etmə imkanlarını artırsa belə, insani və əxlaqi dəyərləri təhdid də edir. Milyonlarla uşaq internetdə həm müsbət, həm də zərərli məzmuna məruz qalır. UNESCO-nun 2023-cü il hesabatına görə məktəblilərin 56%-i onlayn məkanda zorakılıq və ya neqativ davranış formaları ilə qarşılaşır. Bu, görünən statistikadır, indi siz təsəvvür edin, görünməyən, şüuraltıda özünə yer tapan nə qədər zərəli məlumatlar vərdişə çevrilir. 

Buna görə də təhsil sisteminin yeni prioriteti texniki, elmi-nəzəri bilikdən çox, insani dəyərlərin qorunması və inkişaf etdirilməsi olmalıdır və olacaq da. Gələcəyin məktəbləri uşaqlara nəyi öyrənməkdən daha çox, necə yaşamağı, necə davranmağı və necə insan olmağı öyrədəcək. Bu dəyişikliyi vaxtında qəbul etməsək, texnologiya ailəmizə müdaxilə edəcək, övladlarımızı bizdən alacaq və onların şəxsiyyətini anonim, dəyərlərsiz virtual məkanlar formalaşdıracaq. 

Bunun simptomlarını indidən görürük, artıq məktəblər uşaqlar üçün də, valideynlər üçün də vacib təhsil məkanı olmaqdan çıxıb. Onlar təhsili daha rahat, daha əlçatan mühitdə əldə etməyə yönəliblər. 

Yazıya bu qədər geniş girişlə başlamağının səbəbi son zamanlar sosial mediada sertifikasiya ilə bağlı gedən söz-söhbət oldu. Görünən odur ki, müəllimlər bal yarışına girib, sertifikasiya balları, etirazları ilə səhifələr gözlərimizi qabar edib. Bu tendensiya heç bir halda düzgün deyil. Dünya təhsil sistemi qiymətləndirməni “at yarışı”na bənzədib bundan uzaqlaşmaq istəyir, amma təəssüf ki, uşaqların qəbul balları ilə müəllimlərin sertifikasiya ballarının eyni formada yarışdığını görürük. Bunu biz müəllimlər edirik. Əminəm ki, sertifikasiya xoş niyyətlə, Azərbaycan təhsilinin illərlə yığılıb qalan problemlərini aradan qaldırılması, inkişaf etdirilməsi üçün atılan addımdır. 

Hansısa qüvvələr sertifikasiya ilə bağlı elə imic yaradıb, sanki bununla kimsə kiməsə qarşı düşmənçilik edir, müəllimi gözdən salmaq istəyirlər. Bir neçə ildir həyata keçirilən sertifikasiya haqqında ilk illər ciddi etiraz dalğası başladı. Nəticəsiz olduğunu görəndə isə ikinci və başqa dalğa hərəkətə keçdi. İndi də fənlər arasında müqayisələr aparıb, “O fənn çətin olub, bu fənn asan olub. “Niyə bu fəndə maksimum bal yoxdur, o fəndə var?” və sairə fikirlərlə yersiz müzakirələr açılır. 

Sertifikasiya vacibdir, lazımlıdır, amma onu belə reklam və antireklam ünsürü kimi istifadə emək tamamilə yanlışdır. Bu, ciddi şəkildə nəzərə alınmalı, ikrah doğuran söhbətlərə son qoyulmalıdır. 

Bütün bunlarla yanaşı, düşünürəm ki, sertifikasiyanın formatında dəyişiklik edilib, ikinci səviyyəyə keçməyin vaxtıdır. Məncə, bu günə qədər aparılan proses düzgün, faydalı oldu, Elm və Təhsil Nazirliyi öz yanaşması ilə böyük ictimai qüvvə ilə üz-üzə gəlib bu addımı atmaqda haqlı olduğunu sübut edə bildi. Məhz buna görə elm və təhsil nazirinə təşəkkür düşür. Çünki, qınaqdan qorxmadı, bütün dedi-qodulara sinə gərdi və yüksək amallar üçün döyüşdü. 

İkinci mərhələyə keçid isə ona görə vacibdir ki, bir müəllimi müəllim edən sadəcə onun biliyi yox, digər səriştə və bacarıqlarıdır. Faktoloji biliyi yaxşı səviyyədə olmayan müəllimlər var ki, həm sevilir, həm ciddi hörmət, həm də yaxşı öyrətmə bacarığına sahibdir. Onun digər bacarıqları biliyinin tam olmamasını pərdələyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək, alim formalaşdırmaq deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi-biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Cəmiyyətə robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanlar qazandırmaq daha vacibdir. 

Yazının əvvəlində də verdiyim giriş məhz bunu ifadə etmək üçün idi. Müəllimin sinifdə sevilməsi, qəbul edilməsi artıq biliyi ilə yox, insani dəyəri ilə ölçülür. Əslində, bu, həmişə belə olub, amma XX əsrin bizə bəxş etdiyi müəllim modeli, məktəb formatı hələ də yaxamızdan yapışıb, əziyyət verir. XX əsrə qədər bütün məktəblər, mədrəsələr tədris proqramları əxlaqi və mənəvi dəyərləri aşılamaqda məsul idi. Sonralar bu, sadəcə əzbərçiliyə və diplom xəstəliyinə çevrildi.

Təklifim budur ki, müəllimin göstəricilərini dəyərləndirmək üçün məsələyə daha fərqli yanaşılmalı, birinci mərhələni uğurla başa çatmış hesab edib, ikinci mərhələyə başlamalı, müəllimin biliyi ilə yanaşı, digər səriştə və bacarıqlarını da ölçməliyik. Qiymətləndirməni də bunun əsasında aparmalıyıq. Bu məqamda bir neçə ölkənin sertifikasiya ilə bağlı yanaşmasını qeyd etmək istərdim:

- ABŞ və Kanada kimi ölkələr müəllimlərin təlim proqramını bitirdikdən sonra xüsusi testlər vasitəsilə fənn biliyi və pedaqoji bacarıqlarını ölçür. 

- Finlandiya, İngiltərə və Sinqapurda isə müəllim hazırlığı o qədər ciddi və keyfiyyətlidir ki, əlavə testlərə ehtiyac qalmır. Bu ölkələrdə təhsil müəssisələrinin özləri ciddi seçim və hazırlıq aparır.

- Ən uğurlu yanaşma İngiltərə və Sinqapurda tətbiq olunur: burada yeni müəllim bir neçə il mentor dəstəyi ilə işləyir, sonda isə qiymətləndirilmə nəticəsinə uyğun şəkildə tamhüquqlu müəllim olur.

- ABŞ və Kanadada müəllim müəyyən illər ərzində yenidən qiymətləndirmədən keçməli, yaxud inkişaf proqramlarında iştirak etməlidir.

- Finlandiya və Sinqapurda isə lisenziya birdəfəlik verilir, çünki müəllim hazırlığı sisteminin özü çox güclüdür.

- Xüsusilə İngiltərə, Kanada və ABŞ-də bu sertifikatın yenilənməsi şərtdir.

- Finlandiyada bu məcburi deyil, amma məktəblər, təhsil idarələri müəllimləri aktiv şəkildə dəstəkləyir və inkişaf mühiti yaradır.

Aşağıdakı cədvəl aydın göstərir ki, dünyanın qabaqcıl təhsil sistemlərində tədrisin keyfiyyətini təmin etməyin müxtəlif yolları var. Bəziləri imtahanlar, rəsmi sertifikatlarla, digərləri isə keyfiyyətli müəllim hazırlığı, güclü praktik təcrübə və etimadla bunu həyata keçirir. Son sütündakı CDP “davamlı peşəkar inkişaf” ifadəsinin abreviaturudur. 

Düşünürəm ki, güclü sistem qurub, müəllimlərin göstəricilərinin dəyərləndirilməsini aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə həyata keçirə bilsək, daha uğurlu nəticələr əldə edə bilərik:

1. Şagirdin və valideynin müəllimi dəyərləndirməsi – 15 bal
2. Şagirdin mənimsəmə faizi – 15 bal
3. Müəllimin özünü qiymətləndirməsi – 10 bal
4. Rəhbərliyin müəllimi qiymətləndirməsi – 10 bal
5. Müəllimin peşəkar inkişaf portfeli – 20 bal
6. Müəllimin bilik nəticəsi – 30 bal

Hədəf konseptində bu sistemin adını Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi (PKPD) qoymuşuq. Bu sistem düzgün tətbiq edilsə, müəllimi hərtərəfli dəyərləndirmək və haqqı olanı vermək imkanı yaranar. Ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://shamilsadiq.az/pedaqoji-kadrlarin-pergormans-deyerlendirilmesi

Belə hərtərəfli qiymətləndirmə bizə nə verəcək?

1. Müəllimin təkcə biliyini yox, pedaqoji bacarıqlarını da ölçmək;
2. Müəllimlərin yaxşı nəticə toplamaq üçün hazırlıqlara getməyinin qarşısını almaq və məktəbdəki fəaliyyətini düzgün qurmağa yönləndirmək;
3. Şagirdyönümlü yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi müəllimlərə də tətbiq etmək; 
4. Sadəcə yaddaşı yaxşı olan, müəyyən bilikləri əzbərləyib fərqlənən müəllimlərlə fədakarlıqla, gecəsini gündüzünə qatıb insan yetişdirməyə köklənən müəllimlərin fərqini düzgün dəyərləndirmək;
5. Məsuliyyəti sadəcə test hazırlayan qurumun üzərindən götürüb məktəbin, ailənin, şagidin, müəllimin arasında bölüşdürmək.

Bu gün dünya təhsili dönüş nöqtəsindədir. Sadəcə, biliyə əsaslanan sistemlərin iflasa uğradığı, insani və mənəvi dəyərlərin ön plana çıxdığı çağdayıq. Bu çağırışı vaxtında anlamasaq, texnologiya, rəqəmsal dünya uşaqlarımızı bizdən daha tez anlayacaq və onlara öz istədiklərini verəcək. Vaxtında təhsilin ruhunu dəyişsək – sinif otaqlarını mənəvi məktəblərə çevirsək, müəllimi sadəcə bilik ötürücüsü yox, dəyər aşılayan mentor kimi yetişdirsək, gələcək bizim olacaq. 

Gələcəyin məktəbi gələcəyin müəllimi ilə qurulacaq. Həm bilikli, həm də dəyərli müəllimlə!

Şəmil SADİQ,
Təhsil texnoloqu, dosent

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.