
Həyatımızın ən gözəl və qayğısız dövrü uşaqlıq illəridir. İnsan şəxsiyyəti məhz uşaqlıq yaşantılarının əsasında formalaşır və həmin dövrün xatirələrini bütün ömrü boyu qəlbində yaşadır. Bəs görəsən, ailə himayəsindən qismən məhrum uşaqlar necə böyüyür, necə təhsil alırlar?
“Azərbaycan müəllimi” bu suala cavab tapmaq üçün Sumqayıt şəhər internat tipli gimnaziyada olub.
“Uşaqların travmaları çoxdur və o travmaları biz də onlarla yaşayırıq”
Gimnaziyanın darvazasından həyətə daxil oluruq. İlk olaraq diqqətimiz köhnə tikiliyə yönəlir. Sonradan öyrənirik ki, yataqxana olan bu binada məcburi köçkün ailələri yaşayır.
Məktəbin həyətində eyni geyim formasında olan müəllimlər və sıra ilə addımlayan şagirdlərlə qarşılaşırıq.
Orta təmirli gimnaziyanın dəhlizində sakitlik və nizam-intizam hökm sürür. 1961-ci ildən fəaliyyət göstərən məktəbdə hazırda 750 şagird təhsil alır: 315-i qız, 435-i oğlan. Onların təlim-tərbiyəsi ilə 54 müəllim və 30 tərbiyəçi məşğul olur. Şagirdlərin dünyagörüşünü artırmaq üçün “Sehrli karandaş”, “Təbiəti qoruyanlar”, “Tarix sevərlər” və “Musiqi sevərlər” adlı dörd dərnək fəaliyyət göstərir. Məktəbin şagirdləri bir çox müsabiqə və olimpiadalarda uğur qazanıblar.
.jpg)
Binaya daxil olarkən ilk həmsöhbət olduğumuz Aytən Əliyevanın 21 illik pedaqoji təcrübəsi var. O, 11 ildir ki, gimnaziyanın direktor müavini vəzifəsində çalışır.
Aytən Əliyeva həm də ibtidai sinif müəllimidir. Onun sözlərinə görə, adi məktəblərlə müqayisədə bu müəssisənin işi daha məsuliyyətlidir.
İnternat tipli gimnaziyada işləməyin ağır və məsuliyyətli olduğunu bildirən müəllim şagirdlərin əksəriyyətinin yarımçıq, problemli ailələrdən olduğunu deyir: “Buradakı uşaqların travmaları çoxdur və o travmaları biz də onlarla yaşayırıq. Bəzən axşam saat 9-10-a qədər məktəbdə oluruq. Məktəbə, sinfə daxil olduqda şəxsi problemimizi unuduruq. Xəstə olsaq belə, evdə qalmağı özümüzə sığışdırmırıq. Olub ki, öz övladlarımızı evdə xəstə qoyub işə gəlmişik. Hər zaman birinci öhdəliyimiz məktəb olub.
“Şagirdlər yüksək nəticə əldə edəndə ikiqat sevinirik”
Təlim-tərbiyə işləri üzrə digər direktor müavini Mətanət Əsgərova 1991-ci ildən gimnaziyada riyaziyyat müəllimi, 2011-ci ildən isə direktor müavini kimi çalışır. 2017-ci ildə “Tərəqqi” medalına layiq görülüb:
“Əvvəllər gimnaziyamızın azsaylı şagirdi ali məktəbə qəbul olurdu. Amma son illərdə nəticələrimiz çox müsbətdir. Məktəbimizin potensiallı müəllimləri var, şagirdlərimiz müəllim yanına getmədən uğur qazanırlar. Sumqayıt təhsili öndə olduğu kimi, biz də öndə olmağa çalışırıq monitorinqlərdə yüksək nəticə əldə etmək üçün mütəmadi iş aparırıq”.

Daha sonra gimnaziyanın direktoru Fəridə Mustafayeva ilə görüşürük. 2023-cü ildən bu məktəbdə direktor işləyən Fəridə müəllim bildirir ki, gimnaziya, əsasən, aztəminatlı ailələr üçün nəzərdə tutulub:
“Gimnaziyada daha çox tək ana və ya ata himayəsində olan uşaqlar oxuyur. Onların əksəriyyətinin ali məktəbə repetitorla hazırlaşmaq imkanı yoxdur. Bizim müəllimlər onlara şərait yaradır, tərbiyə saatlarında uşaqlarımızla əlavə məşğul olurlar. Şagirdlər yüksək nəticə əldə edəndə biz ikiqat sevinirik, çünki onlar sırf bizim müəllimlərimizin məhsuludur. Builki buraxılış siniflərimiz də imtahanında yaxşı bal toplayıblar. 20 nəfərdən çox şagirdin nəticəsi 200 balı keçib. 10 şagirdimiz fərqlənmə attestatı almağa namizəddir. Keçənilki məzunlarımızın 4-ü 600, 1-i 650 baldan yuxarı nəticə göstərib. Ümumilikdə 26 məzundan 5-i fərqlənmə attestatı aldı. Hazırda gimnaziyada 29 sinif komplekti var”.
“Bura evimizdən daha yaxşıdır”
Direktor əlavə edir ki, gimnaziya 3 korpusdan ibarətdir: əsas tədris, yardımçı və yataqxana-yeməkxana korpusu.
Yataqxana korpusunda məcburi köçkün ailələri məskunlaşıb. Məktəb şagirdləri isə müəyyən otaqlardan istifadə edirlər. Hazırda 33 oğlan şagird burada qalır:
“Yataqxana 4 gün fəaliyyət göstərir. Şagirdlər 4 gecə yataqxanada yatır, 5-ci gün isə evlərinə yollanırlar. Müəssisəmiz 5 günlük iş rejimi ilə çalışır. Gimnaziyada tək Sumqayıt deyil, Şabran, Qobustan, Xızı və Bakının kənar kəndlərindən gələn uşaqlar da qalırlar. Şagirdlər elektron yerdəyişmə vasitəsilə bizim məktəbin sistemində yerləşdirilirlər. Mən təkidlə uşağı və valideyni görmək istəyirəm. Sumqayıt şəhərində bu struktura malik olan 3 gimnaziya var. Təcrübəmdə görmüşəm ki, valideynlər uşaqlarını autizm, daun xəstəsi kimi qeydiyyatdan keçirirlər, ancaq uşaqla tanış olanda görmüşük ki, onda müəyyən əqli qüsurlar var. Bunu bizim psixoloqlar müəyyənləşdirir. Eyni zamanda gimnaziyada həkim, tibb bacılarımız var. Yektil qərara əsasən, valideynlə danışıq aparır və belə uşaqları evdə fərdi təhsilə, yaxud sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə yönəldirik. Valideynlər çox vaxt bizi anlayışla qarşılayırlar”.
Yeməkxanaya baş çəkirik. Şagirdlər yeməklərini iştahla yeyirlər. Menyuda vermişel, ət, salat və dovğa var. Aşpazlar bildirirlər ki, uşaqlar üçün hər zaman həm quru, həm də sulu yeməklər hazırlanır.

Yataqxanada gecələyən 2-ci sinif şagirdi Oqtay Mustafasoy burada qalma səbəbini belə izah edir:
“Evimiz Ceyranbatandadır. Anam işləyir, atam hərbi hissədə çalışır. Məncə, bura evimizdən daha yaxşıdır”.
İlqarın acı hekayəsi
Gimnaziyanın əsas korpusuna qayıdaraq müəllimlərlə tanış oluruq.
Riyaziyyat müəllimi Samirə Əhmədova şagirdlərinə öz fənnini sevdirməklə uğur qazandığını bildirir. 2024-cü ildə müəllimlərin sertifikasiya imtahanında 54 bal toplayıb. Fəaliyyətinin ilk dövründə çətinlik çəksə də, tədricən onları dəf etməyə müvəffəq olub: “Müəllim özünü şagirdə sevdirməlidir. Bunun üçün isə şagirdlərlə səmimi olmaq, onları başa düşmək lazımdır. Bu zaman öyrətmək rahat olur. Aşağı siniflərdə riyaziyyatı əyləncəli öyrənirik. Lakin yuxarı siniflərdə daha ciddi öyrənmə ilə məşğuluq”.

İbtidai sinif müəllimi Yaqut İsayeva özünüinkişaf proqramlarında fəal iştirak edir və 3 test vəsaitinin müəllifidir. Şagirdlərlə empatiya quraraq uğur qazandığını qeyd edir: “Məktəbəqədər və ibtidai təhsil uşağın özülünü təşkil edir. Mən bütün işimi özümü və fənnimi bir müəllim kimi şagirdlərimə sevdirmək üzərində qurmuşam. Uşağın nə istədiyini biləndə, özünü uşağın yerinə qoyanda öyrətmək çox rahat olur. Təcrübəmdə belə hal yaşamışam: uşaqlara hecalarla oxumağı öyrədirdim. İlqar adlı şagirdimizin oxuya bilmədiyini görüb soruşdum ki, anan sənə bir dəfə də kitab oxutmayıb? Uşaq üzümə baxıb söylədi ki, mənim anam yoxdur. İnanın, indi də yadıma düşəndə pis oluram. Ondan sonra mən ata-ana mövzusuna toxunmadım. Artıq ata, ana kəlməsini işlətməyi yığışdırıb valideyn sözü ilə kifayətlənirəm. O uşaq indi 8-ci sinifdə oxuyur, lakin baxışları indi də gözümün qabağındadır. Təbii ki, İlqar sonradan həm oxudu, hesabı da bacardı, ancaq mənim üçün acı bir təcrübə oldu”.
Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Həlimova mütaliə ilə uşaqların qarşılaşdığı çətinliyi aradan qaldırmağa çalışır:
“Kitabxanamızda bütün əsərlər var, uşaqlar əsərləri oxuyur, özləri üçün qeydlər edirlər. Keçən tədris ilində şagirdlərim “Ən yaxşı təqdimat” müsabiqəsində uğurlu çıxışlar ediblər, Azərbaycan dilinə və ədəbiyyata aid olan yarış və olimpiadalarda uğur qazanırlar. Mən 5-11-ci siniflərə dərs deyirəm. Uşaqları oxumağa həvəsləndirmək üçün söhbətlər aparır, fərdi yanaşma tətbiq edirik. Məktəbimizdə elə uşaqlar var ki, yüksək nəticə əldə edə bilir, oxuyan olur, müxtəlif səbəblərdən valideyn uşağının müsabiqələrdə iştirakına mane olur. Çətin valideynlərimiz çoxdur. Çalışırıq ki, valideynlərlə kömək göstərək, onlarla dil tapaq. Mütəmadi valideynlərlə danışıq apardıqdan sonra sağlam münasibət qurmağa müvəffəq oluruq”.

“Məzun olanda ayrılmaq onlar üçün çətin olur”
Günay Həmzəyeva gimnaziyada yeni işləyən müəllimlərdəndir. Bu gimnaziyanın adi məktəbdən fərqləndiyini qeyd edən müəllim deyir:
“Buradakı uşaqlar bir-birinə çox bağlanır, günün çox hissəsini burada keçirir, bəziləri həftənin 5 günü burada gecələyir. Bu səbəbdən onlar doğmalaşır, bir-birləri ilə sirlərini, dərdlərini bölüşür, bir ailənin üzvünə çevrilirlər. Siniflərdə qruplaşma yoxdur. Məzun olanda ayrılmaq onlar üçün çətin olur. Məktəbimizdə müxtəlif həyat hekayələri var. Keçən il Məhəmməd adlı bir şagirdin valideynləri onu evin tək oğlu olmasına baxmayaraq, bizim məktəbə qoymuşdular. Təbii ki, birinci sinif uşağı üçün yataqxanada qalmaq çox çətin idi. Müəyyən ehtiyaclarını yerinə yetirə bilməyən bir uşaq idi və 6-7 ay mütəmadi olaraq ata-anası üçün ağladı. Problem o idi ki, ata və ana ayrılmışdı, ana bağçada dayə işlədiyindən uşağı evdə tək qoya bilmirdi”.
Tərbiyəçi-müəllimlər və psixoloq yanaşması
Tərbiyəçi-müəllimlərə yaxınlaşırıq. Həmsöhbətimiz Sevda Əliyeva gimnaziyanın keçənilki məzunu, 611 balla Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi olan Gülnur Əliyevanın valideynidir. Övladı 9 və 11-ci siniflərin buraxılış imtahanlarında yüksək bal toplayaraq qırmızı attestat alıb:
“Məktəbdəki nizam-intizam, şərait və uşaqlara göstərilən qayğı yüksək səviyyədə olduğu üçün övladlarımın da bu məktəbdə təhsil almasını istədim. Burada yaxşı uşaqlarla yanaşı, çətin uşaq və valideynlərlə də qarşılaşırıq. Məktəbdə günün birinci yarısında tədris təşkil olunur, ikinci yarısı isə tərbiyə saatlarıdır. Tərbiyəçilər günün birinci yarısında keçirilən dərsləri günün ikinci yarısında şagirdlərə mənimsədirlər. Uşaqlar yeməkxanaya getdikdən, asudə vaxt bitdikdən sonra saat 3-də dərslərimizə başlayırıq, uşaqların ev tapşırıqlarını yerinə yetirməsinə kömək edirik. Məktəbimizdəki uşaqlar dövlət tərəfindən yemək, geyim, dəftər-qələmlə təmin olunub. Yeganə çətinliyimiz ondan ibarətdir ki, məktəb-valideyn münasibətlərimiz bir az zəifdir. Valideynlər bizimlə sıx əməkdaşlıq etsələr, daha yüksək nəticə əldə edə bilərik”.
Gimnaziyanın psixoloqu Zülfiyyə Rəhimovanın sözlərinə görə, istedadlı uşaqlar gimnaziyada çoxdur. Şagirdlər arasında elə uşaqlar var ki, yetkin insanlar kimi düşünürlər:

“Həssas qrupla ayrı, xüsusi istedadlı uşaqlarla ayrı çalışıram. Müəllimlərlə də iş aparırıq, valideynləri, problemli ailələri məktəbə dəvət edərək söhbətlər aparırıq”.
Gələcəkdə kim olacam? – Arzular, məqsədlər
Zülfiyyə xanımın sinifdə bir yerə topladığı seçilən şagirdlərlə tanış oluruq.
Cavid Verdiyev 9-cu sinif şagirdidir. Dərslərini yaxşı oxumaqla yanaşı, gözəl rəsmlər çəkir:

“Əsas məqsədim uğurlu nəticələrimlə ölkəmizin gənclərini ruhlandırmaqdır. Bir çox layihələr planlaşdırıram. Layihələrin məqsədi ölkəmizin gənclərin potensialını üzə çıxarmaqdır. İngilis dili və təsviri incəsənəti çox sevirəm. Gələcəkdə rəssam olmaq istəyirəm. Təsviri incəsənət müəllimim məndəki potensialı görüb məni “Sehrli karandaş” rəsm dərnəyinə yönləndirdi. Müəllimlərimlə dost kimi danışa bilirəm”.
Mədinə Nailova 8-ci sinfin əlaçısıdır. Texniki və təbiət fənlərini çox sevir:

“Keçən il riyaziyyat fənni üzrə RFM-ə qatıldım, bu il isə coğrafiya fənni üzrə RFO-ya qatılmışam. Biologiya, astrofizika, robototexnika və ekologiyaya böyük maraq göstərirəm. Təbiəti çox sevirəm və onu qorumağı həyatda bir məqsəd olaraq görürəm. Uşaq vaxtımdan göy cisimlərini araşdırmağa maraq göstərirəm. Hər il hər hansı bir layihə üzərində çalışıram. Bu il tematik qrup və küçə heyvanlarının mühafizəsi layihələri üzərində işləyirəm”.
Məmnun valideynlər
İnternat tipli gimnaziyanın həyətində övladlarının çıxmağını gözləyən valideynləri dinləyirik. Əzəmət Sadıqova 2023-2024-cü tədris ilində gimnaziyanın qırmızı attestatla məzunu olmuş və 522 balla Azərbaycan Dövlət Gömrük Akademiyasının İnformasiya təhlükəsizliyi fakültəsində təhsil alan Həmid Zəkiyevin anasıdır. Digər övladı isə gimnaziyanın 8-ci sinif şagirdidir:
“Bu məktəbin verdiyi təhsil məni çox qane edir. Şagirdlərlə müəllimlərin davranış tərzi, qanun-qayda çox yaxşı qurulub”.

Günel Şəfiyevanın hər 3 övladı gimnaziyanın şagirdidir:
“Oğlum Fazil Şəfiyev 11, Fəqan Şəfizadə 8, Gülər Şəfizadə 5-ci sinifdə oxuyurlar. Mən bu məktəbi ona görə seçmişəm ki, burada tədris, təlim-tərbiyə mükəmməldir, müəllimlər işlərinə qarşı çox məsuliyyətlidir, uşaqlara ciddi nəzarət edilir”.
Sumqayıt şəhər internat tipli gimnaziyada keçirdiyimiz vaxtda yüksək nizam-intizamın şahidi olduq. Müəllimlərin şagirdlərə ana qayğısı ilə yanaşmasını gördükdə sevinməmək mümkün deyil. Gimnaziyanın gündəlik fəaliyyəti ilə tanış olarkən dövlətimizin göstərdiyi qayğını bir daha hiss etdik.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər