Bütün xəbərlər
25 fevral, 10:06

“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin məqaləsini təqdim edir:

İnsan fərd kimi doğulur, inkişaf edə-edə şəxsiyyətə çevrilir. Bu proses hamının gözü qarşısında baş verir, amma gözə-görünməz tellərlə baş verdiyi üçün onu görmək çətindir, görə biləndə inkişaf yaş dövrünün qanunauyğunluqlarına müvafiq baş verir, görə bilməyəndə ləngiyir. Görmək üçün fərdin şəxsiyyətə çevrilmə prosesinin sirlərini bilmək lazımdır. 

Fərdin şəxsiyyətə çevrilməsi mürəkkəb prosesdir. O bir anın içərisində baş vermir. Amma bir həqiqət məlumdur ki, insan birdən-birə şəxsiyyət olmur, bu proses mərhələlərlə həyata keçir. Həmin mərhələlər haqqında həm valideynlər, həm də müəllimlər məlumata malik olduqda, onun inkişafını sürətləndirmək mümkün olur. Hər bir insan başqasından şəxsiyyət keyfiyyətləri və xarakteri ilə fərqlənir. Şəxsiyyət keyfiyyətinin və xarakterin formalaşması onun təbii-irsi imkanları və yaşlılar məkanında (oxu: ünsiyyət prosesində) əldə etdiyi təcrübə ilə bağlıdır. 

Psixoloqlar fərdin şəxsiyyətə çevrilməsinin iki mərhələsini ayırd edirlər. Birinci mərhələ üç yaşına təsadüf edir. Bu yaşda uşaqda “mən” obrazı formalaşmağa başlayır. Müəyyən edilmişdir ki, bu dövrdə uşağın tələbat-motivasiya sahəsində müəyyən dəyişikliklər nəzərə çarpmağa başlayır. Onun həm maddi, həm də mənəvi tələbatlarında məzmun dəyişiklikləri baş verir, uşağın öz istəkləri meydana gəlir. Əgər dünən o böyüklərin dediyi ilə “oturub-dururdusa”, indi bu yaşdan etibarən öz fəaliyyətini həm də istəklərinə əsasən qurmağa çalışır. Daha dəqiq ifadə etsək, uşağın davranışının istiqaməti tədricən öz səmtini “onun istəkləri” müstəvisinə keçməyə başlayır. Deyiləni kortəbii yerinə yetirməmək, onu öz istəklərinə əsasən qurmaq şəxsiyyət keyfiyyətlərinin və xarakterin yaranmasının başlanma əlamətidir. 

Uşağın “mən”inin formalaşması ilə “sən” anlayışı da yaranır. Bu tədricən “biz-onlar” ölçülərinin yaranmasını şərtləndirir. Beləliklə, şəxsiyyətin inkişafında “mən” və “biz”,  “sən” və “onlar” ölçüləri özünü göstərməyə başlayır. O hadisələri daha çox “mən” və “biz” ölçüləri əsasında qiymətləndirir və davranışında bu ölçülərə üstünlük verir. Zaman kontekstində uşağın motivasiya-tələbat sahəsində onu əhatə edən adamlarla ünsiyyətin rolu artır. Bu onlarda sosial motivlərin formalaşmasına şərait yaradır. Uşaq tək olanda istədiyi işlə məşğul olursa, yaşlı insanların arasında davranışlarını onların tələbləri çərçivəsində qurmağa çalışır. Bu zaman əgər uşağın yaşlılarla ünsiyyəti prosesi uşaqda emosional sevinc yaratmırsa, bu onun inkişafına neqativ istiqamətlərin yaranmasına yol açır.  

4-5 yaşında uşaqda həya hissi formalaşmağa başlayır. Onda öz bədəninin quruluşu haqqında təsəvvürlər formalaşır. Bədən quruluşu haqqında təsəvvürlər formalaşdıqca, o özünü kənardan görməyə başlayır. Dərk etməyə başlayır ki, o başqaları tərəfindən də qavranılır. Buna görə bir tərəfdən öz bədən sxemlərini gizlətməyə, digər tərəfdən başqalarının yanında davranışına nəzarət etməyə başlayır. Bunun nəticəsi olaraq, getdikcə başqaları ilə ünsiyyətin mənəvi tərəflərini dərk edir. Ünsiyyət prosesində etiket qaydalarını “kəşf etməyə” və onlara riayət etməyə çalışır, ətrafdakı insanlara hörmət etməyə başlayır. Bu proseslər yeniyetməlik dövrünə qədər davam edir.

Getdikcə onun ünsiyyətə daxil olduğu insanların sayı çoxalır. Bağçadan sonra məktəb həyatı başlayır. İbtidai sinfə uşaq artıq münasibətlərlə bağlı müəyyən təcrübə ilə gəlir. Bu münasibətlər sistemində uğur və uğursuzluq onun bu yaşa qədər əldə etdiyi təcrübənin səviyyəsindən asılı olur. Bundan asılı olaraq uşaq sinfin münasibətlər sistemində mövqe tutur ki, bu da onun sosial inkişaf şəraitini təşkil edir.

İnsan yeniyetməlik yaşına qədəm qoyanda şəxsiyyətin formalaşmasının ikinci mərhələsi başlayır. Bu onun mənlik şüurunun formalaşması ilə bağlıdır. Mənlik şüurunun formalaşması ona öz davranışlarının motivlərini dərk etməyə imkan verir. Mənlik şüuru mahiyyəti etibarı ilə öz strukturunda özünüdərketmə, özünütəkmilləşdirmə və həyatın mənasının axtarılması funksiyalarını öz məzmununda gizlədir. Bu zaman “mən” obrazı artıq psixoloji portret kimi şagirdin özü haqqında təsəvvürlərini əks etdirir. 

İnsanın özü haqqında təsəvvürləri ünsiyyət və fəaliyyət prosesində baş verir. Ünsiyyət prosesində o özünə başqa insanların gözü ilə baxmağa başlayır. Fəaliyyət prosesində isə əldə etmiş olduğu bilik və bacarıqlarını qabiliyyətləri müstəvisində reallaşdırır. Ünsiyyət prosesində şagird sosial normaları, stereotipləri öyrənmək imkanı əldə edir. Bunları mənimsəyəndə onda özünüqiymətləndirmə daha da təkmilləşir və öz davranışlarına nəzarət etməyə başlayır. 

Beləliklə, yeniyetmə fəaliyyətini mənlik şüuru ilə əxlaqi şüur meyarları sərhədində qurmağa başlayır. Onun fəaliyyəti əldə etdiyi bilik, bacarıq və təcrübəyə əsaslanır, onların səviyyəsinə uyğun olaraq özünü təsdiq etməyə çalışır. Bu zaman onun fəaliyyətinin müəllimlər tərəfindən düzgün qiymətləndirilməsi və ona düzgün tərbiyəedici təsir yollarının tapılması mühüm əhəmiyyət kəsb edir.  Bu axarda onun “mən” obrazı inkişaf edir. Psixoloqlar “mən” obrazı quruluşunda “real mən”, “sosial mən” və “ideal mən” və s. ayırd edirlər. 

“Real mən” obrazı uşaqlarda hələ kiçik yaşlarından formalaşır. Bu proses onun güzgüyə baxaraq, özünü tanıması ilə başlayır. Zaman kontekstində bu obrazın məzmunu onun ünsiyyətdə olduğu uşaqlarla, baxdığı filmlərin və ya oxuduğu əsərlərin qəhrəmanları ilə, bir sözlə, tanış olduğu insanlarla müqayisə axarında inkişaf edir. Bunlar onun özü haqqında təsəvvürlərin genişlənməsi müstəvisində baş verir. Özü haqqında təsəvvürlər təkmilləşdikcə, onun mənəvi keyfiyyətlər haqqında da təsəvvürləri genişlənir. Bu, mənlik şüurunun əxlaqi şüur ilə çulğalaşması fonunda baş verir. Öyrənilmişdir ki, mənəvi keyfiyyətlər haqqında təsəvvürlər mərhələli şəkildə formalaşır. Əvvəlcə təlim fəaliyyəti ilə bağlı keyfiyyətlər (zəhmətkeşlik, diqqətcillik, səy göstərmə və s.), sonra başqa adamlara münasibəti əks etdirən keyfiyyətlər (yoldaşlıq, dostluq, həssaslıq və s.), daha sonra özünəmünasibəti ifadə edən keyfiyyətlər (təvazökarlıq, qürurluluq və s.) və nəhayət şəxsiyyətin münasibətlərini səciyyələndirən mürəkkəb keyfiyyətlər (şəxsi ləyaqət, şərəf, prinsipiallıq və s.) haqqında təsəvvürlər formalaşır və inkişaf edir. Onların bu təsəvvürlərinin formalaşmasında ailənin statusu, maddi imkanları və s. özünəməxsus rol oynayır. 

Şagird özünə öz gözü ilə deyil, başqalarının gözü ilə baxanda onun “sosial mən”i formalaşmağa başlayır. “Sosial mən”in “real mən”dən fərqi odur ki, o özünə artıq başqa adamların gözü ilə baxmağı öyrənir. Beləliklə “real mən” ilə “sosial mən” arasında ziddiyyət əmələ gəlir. Bu ziddiyyətin həll edilməsində onun idrak imkanları mühüm əhəmiyyət kəsb edir. O bu imkanlar hüdudunda bu ziddiyyəti həll etməyə başlayır. Ya “real mən” “sosial mən”ə ya da “sosial mən” “real mən”ə qalib gəlir. O özünü başqalarının yanında “gizlədir” və ya başqalarının yanında təsdiq etməyə başlayır. Bu şəxsiyyət keyfiyyətlərinin və xarakterin formalaşmasında mühüm mərhələdir. 

“Real mən” ilə “sosial mən”in “mübarizəsi nəticəsində insanda “ideal mən” formalaşmağa başlayır. Bu insanın özünü necə görmək istəməsidir. “İdeal mən” insanın idealları ilə bağlı məsələdir. Bu o deməkdir ki, insan öz idealını axtarmaq üçün səy göstərir, onun keyfiyyətlərini öyrənir, o keyfiyyətlərə yiyələnmək üçün özünütərbiyə edir, idealına oxşaması üçün səy göstərir. İnsanın idealı uğrunda mübarizə aparmasında, özündə idealına xas olan keyfiyyətləri formalaşdırmasında xarakteri mühüm rol oynayır.  

Fərd gözümüzün önündə şəxsiyyətə çevrilir. Şəxsiyyətin formalaşması mürəkkəb, çətin və ziddiyyətli prosesdir. Bu onun müxtəlif insanlarla ünsiyyəti və fəaliyyəti prosesində baş verir. Bütün insanlarda şəxsiyyət keyfiyyətləri eyni məzmunda formalaşmır. Şəxsiyyət keyfiyyətlərinin formalaşmasında insanın xarakteri önəmli əhəmiyyət kəsb edir.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.