Bütün xəbərlər
2 sentyabr, 15:23

Son günlərdə demək olar ki, hər kəs qohum və tanışlarının ali məktəbə qəbul olması xəbərinə görə sevinc içindədir. Onların bu uğurunun arxasında, əlbəttə ki, fədakar müəllimlər dayanır. Bütün sevgisi və biliyi ilə şagirdlərini gələcəyə hazırlayan belə müəllimlərimiz olduqca çoxdur. Onlardan biri Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və STEAM müəllimi Natəvan Fərzəliyevadır.

“Azərbaycan müəllimi” həmin müəllimi oxucularına təqdim edir.

– Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edərdiniz.

– 1987-ci ildə Ordubad şəhərində anadan olmuşam. 1993-cü ildə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam və həm ümumi orta təhsili, həm də tam orta təhsili fərqlənmə attestatı ilə bitirmişəm. 2004-cü ildə universitetə qəbul imtahanında I qrup üzrə iştirak edərək rayon birincisi olmuşam. Həmin il Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olmuşam. 2008-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildən müəllimlik fəaliyyətimə başlamışam. Artıq 17 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Riyaziyyatı həmişə “ağlın dili”, STEAM-ı isə “yaradıcılığın qanadları” hesab edirəm. Bu fənlərin vəhdəti uşaqlarda həm məntiqi təfəkkürü, həm də praktik tətbiqetmə bacarıqlarını inkişaf etdirir.

– Nə üçün müəllim olmaq istədiniz? Bu arzu haradan qaynaqlanıb?

– Müəllimlik mənim üçün sadəcə peşə seçimi deyil, həyat yoludur. Uşaqlıqdan müəllimlərimə heyranlıqla baxmışam. Onların bir kəlməsinin, verdiyi istiqamətin həyatımızı necə dəyişdirdiyini hiss etmişəm. Mən də gələcək nəsillərə belə təsir etmək, onların həyatında iz qoymaq istədim. Ailəmin dəstəyini xüsusi vurğulamalıyam. Onlar təhsili müqəddəs dəyər kimi qəbul etdiklərindən mənim seçimimdə böyük payları olub. Bu arzu məndə bir günün içində yaranmayıb, illərlə böyüyərək mənim həyat fəlsəfəmə çevrilib. Hələ 9-cu sinifdə oxuyarkən itirdiyim atamın da arzusu məni gələcəkdə müəllim kimi görmək idi. Onun bu arzusunu həyata keçirdiyim üçün özümü sevincli hesab edirəm.

– Hansı uğurlara sahibsiniz?

–  Müəllimliyə sevə-sevə sərf etdiyim əmək öz bəhrəsini verir. Amma eyni zamanda, içimdə “daha çox öyrənməli, daha çox çalışmalıyam” məsuliyyəti də yarandı. Çünki belə bir titul var. Şagird vaxtı qəbul imtahanında rayon birincisi olmağım, tələbəlik həyatımı fərqlənmə diplomu ilə başa vurmağım, müəllimlik fəaliyyətimdə sertifikasiya imtahanında yüksək nəticə göstərməyim, ən əsası, şagirdlərimin uğurları mənim üçün ən dəyərli nailiyyətlərdir.

– Şagirdlərinizin dərsə marağı necədir? Bu fənni uşaqlara necə sevdirirsiniz?

– Bəzən insanlar hesab edirlər ki, riyaziyyat yalnız formullar və rəqəmlərdən ibarətdir. Amma mən şagirdlərimə göstərirəm ki, riyaziyyat hər addımda bizimlədir – musiqidə ritm, təbiətdə simmetriya, texnologiyada alqoritmlər. STEAM dərslərində isə şagirdlər riyaziyyatı robotların hərəkətində, modellərin qurulmasında görürlər. Bu inteqrasiya uşaqlarda həm maraq yaradır, həm də “öyrəndiyim nəyə lazımdır?” sualına cavab verir.

Şagirdlərimin uğurları məni həmişə sevindirir və öz qalibiyyətimin nəticəsi hesab edirəm. Şagirdim Cəfər Səfərli dəfələrlə məktəbimizə riyaziyyat olimpiadalarından qızıl medallar gətirib. Digər yerli və beynəlxalq olimpiadalarda uğur qazanan şagirdlərimdən Aysu Fərzəliyeva, Nurgül Yəhyayeva və başqalarını qeyd edə bilərəm. 2022–2023-cü tədris ilində rayon birincisi olub qızıl medalla təltif olunan məktəbimizin 11-ci sinif şagirdi İ. İbrahim riyaziyyat fənnindən buraxılış imtahanında 100 bal toplayıb. Onların müəllimi olmaq mənim üçün böyük qürurdur.

– Dərsləri maraqlı keçmək üçün başqa hansı alətlərdən istifadə edirsiniz?

– Hesab edirəm ki, müəllim yalnız lövhə və kitabla məhdudlaşmamalıdır. Müasir dövrdə texnologiya uşaqların həyatının ayrılmaz hissəsidir. Ona görə dərslərdə interaktiv platformalardan, onlayn təcrübələrdən, simulyasiyalardan geniş istifadə edirəm. Məsələn, bir riyazi məsələni proqramlaşdırma mühitində həll etdikdə şagirdlər həm maraqla izləyir, həm də praktiki nəticəni görürlər. Bu zaman onlar öyrənməni zəruri bir vəzifə yox, kəşf yolçuluğu kimi qəbul edirlər.

– Sizcə, XXI əsrin müəllimi necə olmalıdır?

– Fikrimcə, XXI əsrin müəllimi sadəcə dərs deyən deyil, həm də yol göstərən olmalıdır. O, şagirdlərini yalnız qiymətlərlə deyil, düşüncələri ilə formalaşdırmalıdır. Müəllim öyrənməkdən heç vaxt vaz keçməməli, daim yenilikləri izləməli, biliklərini şagirdlərinə ən maraqlı və əlçatan formada çatdırmalıdır. Ən əsası isə müəllim şagirdlərinə insan kimi yanaşmalı, onları fərdi şəxsiyyət kimi dəyərləndirməlidir. Müasir müəllim bilik ötürən deyil, yol açandır.

– Sertifikatlaşdırma prosesində iştirak etmisiniz? Sizcə, bu prosesin hansı üstünlükləri var?

– Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində 51, müsahibə mərhələsində isə 35 bal toplamışam. Bu proses mənim üçün çox faydalı oldu. Çünki müəllim kimi öz bilik və bacarıqlarımı bir daha yoxlamaq, güclü və zəif tərəflərimi görmək imkanı qazandım. Sertifikasiya həm özünəinamımı artırdı, həm də gələcəkdə üzərində daha çox işləməli olduğum sahələri müəyyənləşdirdi. Mən hesab edirəm ki, bu proses müəllimlərin peşəkarlığının artmasına xidmət edən ən mühüm ən mühüm addımlardan biridir.

– Şagirdlərlə münasibətiniz necədir?

– Mənim üçün şagirdlərlə münasibətdə hörmət əsas prinsiplərdən biridir. Heç vaxt sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm. Onlara qulaq asır, suallarına cavab verir, fikirlərini dinləyirəm. Çünki bilirəm ki, özünü dəyərli hiss edən şagird daha çox öyrənməyə meyilli olur. Bəzən dərs bitəndə uşaqlar sadəcə dərsdən deyil, həyatdan da suallar verirlər. Onlarla bu açıq ünsiyyət məni daha da gəncləşdirir, mənə də yeni şeylər öyrədir.

– Fəaliyyətinizdə hansı yenilikləri etmək istərdiniz?

– Gələcəkdə daha çox layihəyönümlü dərslər təşkil etməyi planlaşdırıram. İstəyirəm ki, şagirdlərim təkcə nəzəriyyəni deyil, həm də praktik bacarıqları əldə etsinlər. Məsələn, riyaziyyat dərsində öyrəndikləri biliklə bir robot modeli yığa bilsinlər. Bu, onların dərsə marağını artıracaq, eyni zamanda gələcəkdə istənilən sahədə daha çevik və yaradıcı düşünmələrinə kömək edəcək.

– Hansı pedaqoji metodlardan istifadə edirsiniz?

– Mən dərslərimdə problemli təlim, layihə-metodu, oyun texnologiyaları və tədqiqat üsullarından geniş istifadə edirəm. Bəzən sadə bir məsələni belə şagirdlərimlə birlikdə “kəşf” edirik. Bu zaman onlar özləri nəticəyə gəldikləri üçün öyrəndiklərini daha yaxşı yadda saxlayırlar. Mənim dərs fəlsəfəm belədir: “Əgər şagird özü tapıb öyrənirsə, o bilik ömürlük qalır”.

– Bir gənc müəllim kimi fəaliyyətə yeni başlayan həmkarlarına nələri tövsiyə edərdiniz?

– Əksinə, özüm də bir gənc müəllim olaraq, cavan həmkarlarla işləməyin çox ilhamverici olduğunu düşünürəm. Onlar yenilikçi, texnologiyaya açıq və enerjili olurlar. Onlara yalnız bir tövsiyə verərdim: heç vaxt ilk çətinlikdə ruhdan düşməsinlər. Çünki müəllimlik böyük səbir və mərhələ-mərhələ təcrübə tələb edən bir sahədir. Hər bir çətinlik onların gücünü artırır. Əgər sevgi və inamla bu yolda addımlasalar, mütləq uğur qazanacaqlar.

Lakin təcrübəli müəllimlərimizin də rolunu xüsusi vurğulamaq istəyirəm. Onların illərlə topladığı bilik və müdriklik biz gənclərə həmişə yol göstərir. Belə müəllimlərdən olan, öz peşəkarlığı və idarəetmə qabiliyyəti ilə seçilən dəyərli direktorumuz Könül İsmayılovanın mən və mənim kimi gənc müəllimlərə verdiyi dəstəyi danmaq olmaz.

– Sizcə, uğur qazanmaq üçün nə etmək lazımdır?

– Məncə, uğur təsadüfi gəlmir. Uğurun əsasında üç əsas amil dayanır: zəhmət, sevgi və ardıcıllıq. Əgər gördüyün işi sevirsənsə, gecə-gündüz çalışmaq sənə yorucu görünmür. Əgər məqsədyönlüsənsə, kiçik addımlarla da olsa, irəli gedirsən. Ən əsası, öyrənməyi heç vaxt dayandırmaq olmaz. Mən hər gün öyrəndikcə həm özüm inkişaf edir, həm də şagirdlərimə nümunə oluram.

– Son olaraq həmkarlarınıza bildirmək istədiyiniz nələr var?

– Həmkarlarıma demək istərdim ki, biz sadəcə dərs demirik, həm də gələcəyi formalaşdırırıq. Bəzən bir şagirdin baxışı, bir sualı illərlə çəkdiyimiz əziyyətin nə qədər dəyərli olduğunu sübut edir. Bu peşə dünyanın ən çətin, amma eyni zamanda ən gözəlidir. Gəlin birlikdə öyrənək, birlikdə öyrədək və gələcək nəsillərə ümid olaq.

Boş yerə deyilmir: “Müəllim şam kimidir – özü yanar, başqalarına işıq vermək üçün”. Peşəsini sevən bütün fədakar müəllimlərə uğurlar arzulayıram.

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

“Məktəbli Könüllü” Proqramına II qeydiyyat başladı

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.