
Çoxsaylı araşdırmalar göstərir ki, səhərlər uşağın bağçaya və ya məktəbə getməkdən imtina etməsi daha dərin bir problemin – narahatlığın əlaməti ola bilər.
Yayın sonuna yaxın yeni başlayan bağça-məktəb mövsümü bəzən valideynlər və uşaqlar üçün böyük stress qaynağına çevrilir. Amerika Psixoloqlar Assosiasiyasının materiallarında qeyd olunur ki, uşaqlar dərs ilində idman, musiqi, dərslər, hazırlıq kursları, ev tapşırıqları və başqa işlərlə çox yüklənirlər. Buna görə də yeni dərs ili başlamazdan əvvəl həm həyəcan, həm də nigaranlıq normal qəbul olunmalıdır. Valideynlər uşağa bu hissləri ayırd etməkdə yardım göstərməlidir.
Məktəb ləvazimatlarının alınması, məktəbə aid kitablarla tanışlıq uşağın rahatlamasına kömək edə bilər. Adətən, uşaqlar yayı “azadlıq dövrü” kimi qəbul edirlər, buna görə də yenidən ciddi rejimin başlanması onlarda bu azadlığın itirilməsi hissini yaradır.
Övladında narahatlıq və gərginlik müşahidə edən valideynin ona “Sən məktəbi sevirsən. Niyə narahatsan ki?” deməsi uşağın hisslərini ciddi qəbul etməmək və ona hörmətsizlik təsiri bağışlaya bilər. Əksinə, onun duyğularını bölüşməsinə şərait yaratmaq lazımdır.
Amerika Narahatlıq və Depressiya Assosiasiyasının (ADAA) məlumatına görə, bu qorxu məktəb yaşlı uşaqların 2-5 faizini əhatə edə və özünü müxtəlif formalarda göstərə bilər. Assosiasiyanın mütəxəssisləri müxtəlif yaş mərhələlərində fərqli narahatlıqlarla bağlı tövsiyələrini açıqlayıblar.
- Uşaq bağçasında narahatlıq
Körpənin uşaq bağçasına gedərkən narahat və qayğılı olduğunu görmək valideynlər üçün çox çətinlik yarada bilər.
Təxminən 8 aylıqdan başlayaraq uşaqlarda ayrılma narahatlığı yaranmağa başlayır. Bu, uşağa əsas qayğı göstərən insanın yanında olmayanda ağlaması və qışqırması ilə müşahidə olunur. Pediatorlar bildirir ki, bu dövrdə uşaqlarda “obyektin davamlılığı” adlı yeni bacarıq formalaşır - yəni uşaq artıq ətrafında olmayan insanları və əşyaları xatırlaya bilir. Başqa sözlə, körpə valideynlərin yoxluğunu hiss edir və onun istiliyi, nəvazişi və qayğısı üçün darıxır. Həm də bu yaşda uşaqlar zaman anlayışına malik olmurlar, buna görə də valideynin bir saatlıq, yoxsa iki günlük yoxluğunu fərqləndirə bilmirlər.
Onlardakı narahatlıq hissi, əsasən, bağçaya aparılarkən ağlamaq və ya valideynlərdən bərk-bərk yapışıb ayrılmamaq istəyi ilə özünü göstərir. Adətən, onlar bir müddət sonra sakitləşirlər və uşaq bağçasının tərbiyəçiləri bu vəziyyətin öhdəsindən peşəkarcasına gəlməyi bacarırlar.
ADAA-nın psixoloqları belə hallarla üzləşən valideynlərə uşaqla “gizlənqaç” kimi oyunlar oynamağı tövsiyə edirlər. Belə oyunlar uşağa valideynin həmişə geri qayıdacağını öyrədir. Körpəni qısa müddətlik nənə, baba və ya başqa qohumun yanında qoyub getmək də faydalı ola bilər.
Uşaq bağçasına apararkən vidalaşma qısa, sevgi dolu və aydın olmalıdır, məsələn, “Mən gedirəm, amma günün sonunda qayıdacağam”. Bu prosesi uzatmaq uşağın stressini artırır. Valideynin gizlicə getməsi isə onun etibar hissini zədələyə bilər.
Bəzən uşağı bağçaya fərqli şəxslərin aparması da faydalı ola bilər. Uşağın sevdiyi oyuncaq və ya ədyalını bağçaya aparmasına icazə vermək də ona rahatlıq gətirə bilər.
- Məktəbəqədər hazırlıq dövrünün narahatlığı
Demək olar ki, bütün valideynlər övladlarının məktəbi maraqla qarşılayacağını düşünsələr də, bəzən əksi də olur. Uşaqların məktəbə getməmək üçün müqavimət göstərməsini normal qarşılamaq lazımdır. Bu müqavimətin müxtəlif səbəbləri ola bilər.
“Məktəb” anlayışı uşaqlar üçün abstraktdır. Onlar üçün yeni mühit, tanımadıqları insanlar və qaydalar qorxulu görünə bilər. Valideyndən ayrılma narahatlığı da davam edə bilər.
Uşaq valideyninə “Məktəbdə sən də qalacaqsan?” və ya “Mütləq getməliyəm?” kimi suallar verə bilər. Onda mədə, baş ağrısı, ürək bulanması və ya ağlamaq kimi fiziki və emosional əlamətlər özünü göstərə bilər. Bunun öhdəsindən gəlmək üçün psixoloqlar məktəbəqədər və ya ibtidai sinfə gedən uşaqların dərslər başlamazdan bir neçə gün əvvəl məktəbi gəzməsini tövsiyə edir. Valideynin uşağı yeni mühitə həvəsləndirməsi, sosiallaşması üçün evdə oyuncaqlarla rol oyunları oynaması, məktəb səhnələrini canlandırması da faydalıdır.
Məktəbin ilk günü özü ilə gəzdirməsi üçün valideyni xatırladan kiçik bir əşya vermək uşağa rahatlıq hissi gətirə bilər. Problemlər uzun müddət davam edərsə, müəllimlə danışmaq lazımdır.
- İbtidai sinifdə məktəb narahatlığı
Dərslərin tələbləri uşağı yora və stressə sala bilər. Həmçinin diaqnoz qoyulmamış öyrənmə çətinlikləri (məsələn, oxu və ya riyaziyyatda) uşağı daha çox narahat edə bilər. Ümumi və sosial narahatlıq da səbəblərdən ola bilər. Bu uşaqlar gündəlik vəziyyətlərdən, sinif qarşısında danışmaqdan və ya dostların yanında səhv etməkdən qorxa bilərlər. Bu da baş ağrısı, ürəkbulanma, yuxusuzluq kimi fiziki əlamətlər yarada bilər. Bəzi uşaqlar məktəb avtobusuna minməkdən və ya məktəbə daxil olmaqdan imtina edə bilərlər.
Əgər bu hallar hər gün təkrarlanarsa, uşağın fiziki şikayətləri davam edərsə, onun həkim müayinəsinə ehtiyacı ola bilər. Fiziki sağlamlıqla bağlı problem yoxdursa, onun hisslərini dinləmək, emosiyalarını qəbul etmək və birlikdə həll yolları tapmaq lazımdır.
Bullinq və ya evdəki münasibətlər də ona təsir edən amillərdən ola bilər. Bu halda uşaq psixoloqu ilə məsləhətləşmək lazımdır. Koqnitiv davranış terapiyası və lazım olduqda dərman müalicəsi tətbiq edilə bilər. Ən əsası valideyn, müəllim və mütəxəssisin əməkdaşlığı uşağın məktəbdə özünü rahat hiss etməsinə təsir göstərir.
Parents.com saytının bu mövzuda məqaləsində deyilir ki, məktəb və bağça ilə bağlı narahatlıqlar uşaqların inkişaf yolunda rastlaşdıqları təbii mərhələlərdən biridir. Bu narahatlıqlara əhəmiyyət verməmək və ya kiçiltmək əvəzinə onları düzgün anlamaq və uşağın yanında olmaq vacibdir. Uşaqlar valideynlərinin dəstəyini və anlayışını hiss etdikcə həm emosional, həm də sosial baxımdan daha dayanıqlı olurlar. Doğru yanaşma onların təhsil həyatını asanlaşdırmaqla yanaşı, gələcəkdə çətinliklərlə mübarizə bacarıqlarını da gücləndirir.
Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər