
Məlumdur ki, idmanın insan həyatında rolu danılmazdır, xüsusilə yeniyetmələr üçün idman, onların fiziki sağlamlığı ilə yanaşı, psixoloji durumunun da möhkəmlənməsinə səbəb olur. Dərs yükləri və digər gündəlik qayğılar onların üzərinə düşsə də, məhz idman sayəsində şagirdlər nizam-intizam öyrənir, komanda ruhunu mənimsəyir və özünəinam hissini inkişaf etdirirlər. Bu mənada, İlyas Həsənov kimi peşəkar müəllimlərimizin zəhməti sayəsində yetişən sağlam düşüncəli gənc nəsil gələcəyimizin etibarlı təminatıdır.
İlyas müəllimin uğur yolu
İlyas Abbas oğlu Həsənov 1962-ci il fevralın 20-də anadan olub. 1975-ci ildən başlayaraq həyatını tamamilə idmana həsr edib. 1980-ci ildə Azərbaycan çempionu adına layiq görülməsi onun karyerasındakı ilk böyük uğurdur. 1986-cı ildə “İpəkçi” komandasının oyunçu-məşqçisi kimi fəaliyyət göstərib.1987-ci ildən idman məktəbində məşqçi-müəllim olaraq yüzlərlə istedadlı gəncin yetişməsinə töhfə verib.1992-1994-cü illərdə Şəki şəhəri İdman Komitəsinin sədri vəzifəsində çalışaraq regional idmanın inkişafına da böyük dəstək olub. Həmin dövrdə, yəni 1992-ci ildə, “NİQA” voleybol klubunu yaradıb və 1993-cü ildə həmin komandanın Azərbaycan Kubokunun gümüş medallar qazanmasında əsas pay sahibi olub. 2005-2008-ci illərdə “İpəkçi” voleybol klubunun baş məşqçisi kimi çalışaraq komandasını ölkənin yüksək liqasında 2-ci yerə yüksəldib.

2011-ci ildən etibarən Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan Şəki şəhəri 8 nömrəli beynəlmiləl tam orta məktəbdə müəllim olaraq fəaliyyətə başlayıb və burada da bir çox uğurların təməlini qoyub. Onun rəhbərliyi altında məktəbin komandaları 8 dəfə şəhər birincisi, dəfələrlə zona qalibi olub, respublika yarışlarında yüksək nəticələr əldə edərək məktəbi bütün ölkədə tanıdıblar.
“Hər uğurlu işin başında intizam durur”
İdmanın yeniyetmələr üçün əsas rolu, ilk növbədə, onların özünəinam hissini formalaşdırmasındadır. Daim məşqlərdə iştirak edən uşaqlar nizam-intizamı, dözümü və komanda ruhunu mənimsəyirlər. Bu, təkcə idmanda qalibiyyətlə nəticələnmir – uşaq kiçik uğurlarla qarşılaşdıqca, öz potensialını aydın görür və daha çox çalışmaq həvəsinə gəlir. Valideynlərin isə tez-tez “övladımın dərsləri çoxdur, vaxtı azdır” kimi narahatlığı olur, amma praktikada idmanla məşğul olan şagirdlər daha enerjili, məsuliyyətli və diqqətli olurlar. Bu da istər-istəməz onların ümumi dərs göstəricilərinə müsbət təsir edir.
.jpeg)
İlyas müəllimin rəhbərliyi altında 8 nömrəli məktəbin komandaları 2024-cü ili xatırlanacaq nailiyyətlərlə başa vurublar. Aprel ayında qızlardan və oğlanlardan ibarət basketbol komandası şəhər birinciliyində 1-ci yeri qazanıb. Qızlar xüsusilə gözəl oyun sərgiləyərək məktəbə böyük qürur bəxş ediblər. May ayında isə məktəblərarası futbol turnirində oğlanlardan ibarət komanda qalibiyyət əldə edərək uğurlar zəncirinə yeni bir həlqə əlavə edib.
Noyabr ayında Zəfər gününə həsr edilmiş turnirdə voleybol üzrə qızlar komandası 1-ci yerə layiq görülüb. Bu turnirdə milli komanda da iştirak edib və qızlarımızla aralarında yoldaşlıq görüşü baş tutub. Bu, komanda üzvlərinə əlavə güc və inam aşılayıb. Dekabr ayında keçirilən “onaltıların” region birinciliyində də şagirdlərimiz birinci yerə çıxıblar. 2025-ci ildə 20 Yanvar şəhidlərinə həsr edilmiş milli basketbol üzrə şəhər birinciliyində oğlanlar 1-ci, qızlar isə 2-ci yerə layiq görülüblər. Şəhər birinciliyi sayəsində oğlan komandasının region turunda da 1-ci yeri qazanması onların artıq yetkin, peşəkar səviyyədə oynadığını göstərib.

Ardıcıl qələbələr məktəbdə idmana olan marağı daha da artırır. Şagirdlərdə “qalib” komandalara qoşulma istəyi yaranır, bu da ümumi atmosferi daha müsbət yöndə dəyişir. Qələbə sevinci onları yeni hədəflərə ruhlandırır, beləcə hər turnirdə daha yüksək nəticələr əldə etmək üçün çalışırlar.
“Möhkəm bünövrə, yüksək zirvə”
Komandaların bütün üzvləri yarışlara məsuliyyətlə hazırlaşırlar. Yenə də bəzi şagirdlər xüsusi bacarıq və potensialları ilə seçilir: Fatimə Mustafazadə, Selcanxatun Nağıbəyli, Jasmin Abdurrahmanlı və Aysun Abbaszadə. Gələcəkdə bu şagirdlərin ciddi uğurlar əldə edəcəklərinə ümidlər böyükdür. Bu qızlar dəfələrlə məktəbin adını layiqincə qoruyublar. Onların sözlərinə görə, İlyas müəllimin motivasiyaverici çağırışları, yorğun vaxtlarda ruhlandırmaları, qələbədə olduğu kimi məğlubiyyətdə də yanımızda olması ən mühüm dəstək mənbəyidir.
Fatimə Mustafazadə deyir ki, “İlyas müəllim bizi hər məşqə yüksək motivasiya ilə çağırır. Onun “az qalıb, bir az da çalışaq” deməsi mənə həyatda da heç nədən qorxmadan irəli getməyi öyrədib”.
Selcanxatun Nağıbəyli isə basketbolun təkcə oyun deyil, xarakter formalaşdıran bir yol olduğunu vurğulayır: “Məğlubiyyəti də, qələbəni də ləyaqətlə qarşılamağı öyrəndik”.

Jasmin Abdurrahmanlı üçün “İdman, sağlam ruh, sağlam bədən deməkdir. Qələbə insana özünəinam bəxş edir. İlyas müəllim daim “heç vaxt təslim olmayın!’ mesajını verir və bu, mənə məktəbdən kənar həyatda da kömək olur”.
Aysun Abbaszadə isə komanda yoldaşları ilə birlikdə oyun keçirməyin ona “böyük dostluq və birlik hissi” aşıladığını qeyd edir.
Şagirdlərin uğurlarında müəllimlərin, valideynlərin rolu olduqca böyükdür. Müəllim uşaqlara doğru yol göstərirsə, valideynlər də onlara idmanla məşğul olmaq üçün şərait yaratmalıdırlar. Valideyn dəstəyi olmadan uşaqlar tam güclərini səfərbər edə bilmirlər. Bu dəstək isə təkcə mənəvi dəstək deyil, lazım gəldikdə maddi resursları da təmin etməyi nəzərdə tutur.

İlyas müəllim qeyd edir ki, 8 nömrəli beynəlmiləl məktəbdə yaradılan mühitin digər yerlərdən fərqi, məhz birgə inam və fədakarlıqdır. Təkcə şagirdlər deyil, məktəb rəhbərliyi və digər müəllimlər də idmanla yaxından maraqlanır, şagirdlərə dəstək olurlar. Bu ortaq ruh uşaqları daha uğurlu nəticələrə doğru aparır.
Məktəbdə yalnız basketbol və futbol deyil, digər idman növləri də inkişaf etdirilir. Gələcək illərdə müxtəlif idman növlərində şagird iştirakını artırmaq, regionlararası yarışlarda daha çox uğur qazanmaq və hətta beynəlxalq turnirlərə qatılmaq hədəflər arasındadır. Bu, məktəbin idmana və onun inkişaf perspektivlərinə nə qədər ciddi yanaşdığını göstərir.

Komanda ruhu yalnız məşqlər zamanı deyil, bütün məktəb həyatında qorunub saxlanılır. Müəllimlərin sözlərinə görə, “qələbə meydanda qazanıldığı kimi, xaricdə – yoldaşına hörmətdə, qarşılıqlı anlaşmada, dostluqda da qazanılır”. Yoldaşının problemlərini dinləmək, ona hörmət etmək, birlikdə qərarlar vermək komanda oyununun əsas açarlarıdır.
Valideynlərin ən böyük narahatlığı dərs və idman arasında balansın pozulmasıdır. Lakin planlı şəkildə hazırlıq aparılarsa, uşaq həm idmanda yüksək nailiyyətlər qazana, həm də dərslərini mükəmməl mənimsəyə bilər. Çünki fiziki fəaliyyəti yüksək olan uşaqların zehni fəaliyyəti də inkişaf edir, onlar daha enerjili və diqqətli olurlar.
“İdman sağlam gələcəyin əsas şərtidir”
İlyas müəllim bütün uğurların sirrini “çalışmaq və qarşıya qoyulan hədəfə inanmaq” kimi ümumiləşdirir. Onun sözlərinə görə, qələbə yalnız medallarla ölçülmür, həm də xarakterin formalaşmasıdır. Məktəbin müəllim-şagird kollektivi daha böyük planlar qurur, məktəbin adını daha geniş arenalarda səsləndirəcəklərinə əminliklə baxırlar. Onun fikrincə, valideynlər uşaqlarını idmana yönləndirməli, onların idmana həvəsini dəstəkləməlidirlər. Bu, gənclərin daha parlaq gələcəyinə açılan yoldur.

Bu gün Şəki şəhəri 8 nömrəli beynəlmiləl tam orta məktəbin uğur dolu səhifələrini yazan, yalnız idman bacarıqları ilə deyil, həm də komanda ruhu, xarakter və inamla fərqlənən gənclər yetişir. İlyas müəllimin illərin təcrübəsi və fədakarlığı sayəsində şagirdlər qələbədən-qələbəyə addımlayır, valideynlərin dəstəyi ilə birlikdə sağlam düşüncəli yeni nəsil formalaşır. İstər basketbol, istər futbol, istər voleybol – bütün bu idman növləri gənclərə birlik, inam və məsuliyyət kimi dəyərləri öyrədir.
Gələcəkdə bu gənclər təkcə ölkə daxilində deyil, beynəlxalq arenalarda da uğur qazanmağa hazır olacaqlar. Çünki onlara qələbənin, məğlubiyyətin və birgə mübarizənin dəyərini öyrədən peşəkar müəllimləri, dayaq duran valideynləri var. İdman, sağlam düşüncənin və sağlam gələcəyin təminatıdır. Bu yolun davamlı olması isə hər birimizin əlindədir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər