Bütün xəbərlər
25 dekabr, 09:20

Noyabrın 29-da məktəblilərarası IX Fənn müsabiqələrinin, noyabrın 30-da isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırma mərasimi baş tutdu. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri IX Fənn müsabiqələrində 8 qızıl, 12 gümüş, 14 bürünc olmaqla 34, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 2 qızıl, 2 gümüş, 1 bürünc olmaqla 5 medala layiq görülərək ölkə üzrə bütün ümumi təhsil müəssisələri arasında birincilik qazandı. 

Elə bu səbəbdən “Azərbaycan müəllimi” olaraq son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərlə respublikada birinciliyi qoruyub saxlayan Təbiət Elmləri Təmayüllü Gimnaziyaya yollandıq.       

“Məzunlarımızın əksəriyyəti yüksək balla ən nüfuzlu universitetə qəbul olunur”

Bizi artıq “Uğur körpüsü” layihəsindən yaxşı tanıdığımız gimnaziyanın direktoru Əməkdar müəllim Nizami Əhmədov qarşılayır. Gimnaziyada olduğumuz üç saat ərzində Nizami müəllim bir an da olsun bizdən ayrılmır. Maraqlandığımız bütün məsələlər barədə özü məlumat verir, bizimlə bərabər gimnaziya binasını dolaşır. 

Nizami Əhmədov, ilk növbədə, bizə gimnaziyanın yaranma tarixi haqqında məlumat verir:

- Bu təhsil ocağı 1946-cı ildə Bakı şəhəri Abşeron rayonunun Sumqayıt qəsəbəsi 145 nömrəli ümumi məktəbi kimi fəaliyyətə başlayıb. 1949-cu ildə Sumqayıta şəhər statusu verildikdən sonra təhsil müəssisəsi Sumqayıt şəhər 2 nömrəli ümumi orta məktəbi kimi fəaliyyət göstərib, 1952-ci ildə isə hazırda yerləşdiyi yeni binaya köçüb. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin 7 avqust 1990-cı il tarixli əmrinə əsasən, Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbə Təbiət Elmləri Təmayüllü Gimnaziya adı verilib. 

Gimnaziya direktoru məktəbin fəaliyyətə başladığı ilk illərdən nizam-intizamına, tədrisin keyfiyyətinə, təhsil sisteminə verdiyi töhfələrə görə digər təhsil ocaqlarından fərqləndiyini qeyd edir:

- Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra xüsusi diqqət və qayğı göstərdiyi şəhərlərdən biri də Sumqayıt olub. Artıq bir həqiqətdir ki, gimnaziya son onilliklərdə hər il Sumqayıt məktəbləri arasında istər ali məktəblərə qəbul olanların sayına, istərsə də toplanılan balların yüksəkliyinə görə öz birinciliyini qoruyub saxlayır. 20 ilə yaxındır ki, gimnaziya əldə etdiyi nəticələrə görə yüksələn dinamika ilə irəliləyib. Buna göstərəcəyim rəqəmlərə nəzər salmaqla əmin ola bilərsiniz. 

Nizami müəllim masasına yaxınlaşır və artıq illərdir topladığı “Abituriyent” jurnallarını qarşımıza qoyub bir-bir vərəqləyərək gimnaziyanın məzunlarının qəbul imtahanlarında göstərdiyi uğurlu nəticələrini, pillə-pillə qalxdıqları və qoruyub saxladıqları ölkə üzrə birinci yer sıralamasını nümayiş etdirir:

- 2023-2024-cü tədris ilinin nəticələrinə baxsaq, buraxılış imtahanlarında 9-cu siniflərin orta balı 275, 11-ci siniflərin orta balı isə 285 olub və bu nəticə ilə respublika birincisi olmuşuq. Ali məktəblərə qəbul nəticələrinə görə, ötən il 70 məzunumuzdan 3-ü xarici universitetlərə, 1 məzunumuz olimpiada qalibi olduğu üçün blok imtahanına girmədən, 48 məzun 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub. Onlardan 6 nəfər Prezident təqaüdünə layiq görülüb. Ali məktəblərə qəbul zamanı orta balla yenə respublika birincisi olmuşuq. Hər il məzunlarımızın əksəriyyəti yüksək balla ölkəmizin ən nüfuzlu universitetlərində ödənişsiz ixtisaslara qəbul olunurlar. 

Gimnaziyanın seçilən məzunları 

Yüksək bal toplayan məzunlardan söz düşmüşkən, gimnaziyanın tanınmış məzunları haqqında soruşuruq. Təşkil olunduğu ildən bu günə kimi gimnaziyanın 47 məzununun Prezident təqaüdçüsü olduğuna diqqət çəkən məktəb rəhbəri deyir:

- 2008-ci ildə Prezident İlham Əliyev ən yüksək 700 bal toplayan məzunumuz Elvin Dadaşova yataqxanada qaldığına görə 2 otaqlı mənzil bağışlamışdı. Hazırda həmin məzunumuz “Panda School” təhsil müəssisələri şəbəkəsini yaradıb. Qürurla qeyd etdiyimiz məzunlarımızdan biri də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. 

Məktəbimiz təbiət elmləri təmayüllü olduğu üçün məzunlarımız arasında xeyli sayda həkim və mühəndis var. Almaniya, Koreya, İngiltərə, Türkiyə və digər xarici ölkələrdə oxuyan və işləyən məzunlarımız çoxdur. Onlardan biri 2019-cu ildə yüksək nəticə ilə gimnaziyanın məzunu olmuş Ərtac Novruzludur. O, hazırda Gülhanə Hərbi Tibb Akademiyasında təhsil alır, eyni zamanda hərbçidir, Türkiyədə hərb sənətinin sirlərini öyrənir.

Rəhbər amili 

Məlumdur ki, hər bir məktəbin uğurlarının kökündə pedaqoji kollektivin işə məsuliyyətli münasibətilə yanaşı məktəb, valideyn və şagird münasibətlərinin necə qurulması da mühüm əhəmiyyət daşıyır. Lakin bir məqam var ki, bütün bu məsələlərin müsbət həllini tapmasında xüsusi rol oynayır: rəhbər amili. Bu cəhətdən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın bəxtinin gətirdiyini deyə bilərik. Məktəbdə olduğumuz müddət ərzində bizimlə ünsiyyətdə olmasına baxmayaraq gimnaziyanın əməkdaşlarının Nizami müəllimə ünvanladığı bütün sual və müraciətləri cavablandırdığının, hər bir məsələyə diqqət yetirdiyinin şahidi oluruq. Hətta gimnaziyadan ayrılarkən köməkçisinin nömrəsini belə istədikdə nə sualımız olarsa, özünə müraciət etməyimizi, istənilən vaxt bizə dəstək olmağa hazır olduğunu bildirir. 

Sumqayıtın ictimai həyatında fəal iştirak edən Nizami Əhmədov 1974-cü ildə hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib. Təyinatla Sumqayıt şəhərindəki 35 nömrəli Orta Texniki Peşə Məktəbinə fizika müəllimi kimi göndərilən Nizami müəllim həmin vaxtdan fəaliyyətini təhsil sistemi ilə bağlayıb və 50 ilə yaxındır ki, bütün bilik və bacarığını gənc nəslin sağlam ruhda böyüməsinə sərf edib. 1989-1993-cü illərdə Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib və yüksək təşkilatçılıq qabiliyyətinə malik rəhbər kimi özünü təsdiq edib. Elə bu baxımdan 1993-cü ildə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru təyin edilib. Təhsil ocağının 9-cu direktoru olan Nizami müəllim fəaliyyəti boyu rəhbərlik etdiyi gimnaziyanın nüfuzunu artırmaqla yanaşı özü də uğurların zirvəsinə yüksəlib. 

Azərbaycan Prezidentinin 18 avqust 2008-ci il və 6 avqust 2013-cü il tarixli sərəncamlarına əsasən, Təbiət elmləri təmayüllü gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Prezidentinin 3 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə Nizami Əhmədov “Əməkdar müəllim” adına, 2018-ci ildə “Tərəqqi” medalına, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüb.

72 nəfərlik fəxri adlı pedaqoji heyət

Müəllimlər otağına daxil oluruq. Məlumat verilir ki, direktor və müavinlərlə bir yerdə məktəbin 72 nəfərlik pedaqoji heyəti var və onların demək olar ki, hər biri göstərdiyi xidmətə görə təltif olunub. Digər məktəblərdən fərqli olaraq burada kişi müəllimlərin az olmadığını görürük. 

Gimnaziya rəhbərinin bizimlə tanış etdiyi ilk müəllim təlim-tərbiyə işləri üzrə direktor müavini, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına və “Tərəqqi” medalına layiq görülmüş coğrafiya müəllimi Eldəniz Babayevdir. 

Eldəniz müəllim 2017-ci ildən gimnaziyada çalışır. O, təhsil ocağında hər bir şagirdə fərdi yanaşıldığını, istedadlı uşaqların aşkarlanması istiqamətində işlərin aparıldığını, onların həvəsləndirildiyini, müəllimlərin hər dərs günündə şagirdlərlə təmənnasız əlavə məşğul olduqlarını diqqətə çatdırır. Direktor müavini hər il uğurlar qazandıqlarını, “Sabahın alimləri” və digər müsabiqələrdə qalib şagirdlərinin olduğunu deyir: “10-cu sinif şagirdimiz Ağayev Bəxtiyar 2-12 dekabr tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO 2024)  iştirak edib və bürünc medala layiq görülüb. Digər şagirdimiz Tanrıverdi Davud 8 və 9-cu siniflərdə beynəlxalq riyaziyyat olimpiadalarının qalibi olub və bu il yenə iştirak edəcək”.

“İlin ən yaxşı müəllimi”, “Tərəqqi” medalı ilə təltif edilmiş Əməkdar müəllim Fazil Ellazov gimnaziyada Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir, 2 dərsliyin həmmüəllifi, 10-larla dərs vəsaitinin tərtibçisi, həmmüəllifi və redaktorudur. Şagirdlərinin hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasına həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsində, müxtəlif fənn, inşa, bədii qiraət müsabiqələrində və olimpiadalarda yüksək yerlər qazandığını deyən müəllim sertifikasiya imtahanında iştirak edərək 60-dan yuxarı yaş qrupu üzrə maksimal 100 baldan 96 bal toplayıb.

Əməkdar müəllim Mərdan İsmayılov 2009-cu və 2015-ci illərdə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb və riyaziyyat fənnindən dərs deyir, ehtimal nəzəriyyəsinin elementlərinə dair, olimpiadalar üçün riyaziyyat dərs və test vəsaitlərinin müəllifidir. Mərdan müəllim hər il ən azı 4 şagirdinin yerli və beynəlxalq olimpiadalarda yüksək yerləri qazandığını bildirir. 

Əməkdar müəllim Elman Muxtarov da riyaziyyat müəllimidir və 2019-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Elman müəllim uğurlu şagirdlərindən bəhs edərək tədris zamanı mövzuları şagirdlərə maraqlı olan şəkildə izah etdiyini, xüsusi seçilmiş uşaqlarla dərsdən əlavə məşğul olaraq müsabiqə və olimpiadalara hazırlaşdırdığını söyləyir. Güclü müəllimlərin hər bir məktəbdə olduğunu, lakin onların irəli aparılmasında işlədikləri təhsil ocağının xüsusi rolu olduğunu vurğulayır.  

Aygün Əhmədova gənc biologiya müəllimidir. Uğurlu fəaliyyətinə görə 2012-2013-cü tədris ilində “İlin ən yaxşı müəllimi” adına, 2017-ci ildə isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Beynəlxalq sertifikatlara sahib Aygün müəllim eyni zamanda biologiya fənni üzrə təlimçidir. Müxtəlif olimpiadalarda hər il qızıl və gümüş medal qazanan şagirdləri barədə danışan Aygün müəllim onlardan biri, sinif rəhbəri olduğu Əfəndiyev Eldarın 2018-ci ildə 700 balla ali məktəbə qəbul olduğunu diqqətə çatdırır. Şagirdlərini vətənpərvərlik, ailə dəyərlərinə hörmət ruhunda yetişdirən gənc müəllim hərtərəfli inkişafı üçün onları məktəbdənkənar fəaliyyətlərə də cəlb etdiklərini vurğulayır.  

Şagirdlərin hədəfləri

Müəllimlərlə tanışlıqdan sonra iki korpusdan ibarət gimnaziyanın sinif otaqlarını gəzirik. Burada 38 sinif otağının hamısına Sumqayıtın qəhrəman şəhidlərinin adları verilib. Onlardan biri də Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu şəhid Vüqar Manafovun adına sinif otağıdır. 

Bir anlıq olsa da, dərsin davamiyyətini pozuruq, şagird və müəllimlərin diqqəti bizə yönəlir. Şagirdlər ayağa qalxıb bizi salamlayırlar. Gimnaziyada ümumilikdə 934 şagirdin təhsil aldığını öyrənib onların bir neçəsi ilə söhbət etmək qərarına gəlirik. Siniflərin birində başını aşağı salıb kitaba baxan qıza yaxınlaşarıq. Elza adlı bu qızın olimpiada sualları üzərində işlədiyini öyrənirik. Elza Abdullayeva gimnaziyanın 11-ci sinfində oxuyur və sevimli fənni coğrafiyadır. 2022-ci ildə coğrafiya üzrə fənn olimpiadasında uğurlu nəticə əldə edib və bu il də iştirak üçün qeydiyyatdan keçib. 2-ci qrup üzrə ali məktəbə hazırlaşan məktəblinin arzusu buraxılış və blok imtahanlarında yüksək bal yığaraq ali məktəbə qəbul olmaqdır. Elza təhsil aldığı məktəbi disiplininə, məsuliyyətinə görə çox sevdiyini, oxuduğu mühitin onu formalaşdırdığını bildirir.   

Saleh Səfərli 10-cu sinif şagirdidir. 2021-ci ildə respublika fənn olimpiadasında iştirak edərək fizika fənni üzrə qızıl, ötən il isə bürünc medala layiq görülüb. Salehin məqsədi builki olimpiadada birincilik əldə etməkdir. Şagird müəllimi Bəxtiyar Bayramovun sayəsində fizika fənninə böyük maraq göstərdiyini, gələcəkdə ADA Universitetində “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil almaq arzusunda olduğunu söyləyir.

11-ci sinif şagirdi Aytac Baxşəliyeva isə 2022 və 2023-cü illərdə RFO-da iştirak edərək Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl, 10-cu sinifdə isə gümüş medala sahib olub. Uşaqlıqdan bu fənnə maraq göstərdiyini söyləyən Aytac gələcəkdə hakim olmaq niyyətindədir. Aytac məktəb komandasının tərkibində “Nə? Harada? Nə zaman?” oyununa qatılaraq respublika kubokunda hər il birincilik qazanıb.  

Tunar Nadirli də 11-ci sinifdə oxuyur və 2023, 2024-cü illərdə fizika üzrə RFO-da ikinci və üçüncü yerlərə layiq görülüb. Tunar fizikanı “Niyə?” sualına cavab tapdığına görə sevdiyini deyir. Oxuduğu gimnazıyanı verdiyi təhsilə, yaradılan şəraitə, şagirdin potensialının aşkarlanmasına önəm verildiyi üçün sevdiyini dilə gətirir. 

Nümunəvi fəaliyyət

Şagirdlərlə söhbəti yekunlaşdırıb gimnaziya ilə tanışlığı davam etdiririk. Burada ən müasir şəraitə malik kimya, fizika, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, idman, akt zalları, oxu zalı olan kitabxana, yeməkxana şagirdlərin istifadəsindədir. İdman guşəsinə yaxınlaşırıq və göz qamaşdıran çoxlu sayda kubok və medallara, diplomlara nəzər yetiririk. “Məktəbimizin idman uğurları da yetərincədir. Belə ki, şagirdlərimiz voleybol, basketbol,  futbol, şahmat, güləş və s. idman növləri üzrə müxtəlif yarışlara qatılır və qalib olurlar. Həmçinin məktəbimizin “Şahinlər” komandası hərbi idman-oyun yarışlarında iştirak edərək dəfələrlə çempion adı qazanıb”, - Nizami Əhmədov deyir.

Yüksək nəticə göstərmiş məzunlar üçün yaradılmış “Şərəf lövhəsi”ndəki şəkillərə baxırıq. Lövhədə şəkillərin sayı ildən-ilə artır. “Tələbə qəbulu hər bir məktəbin əsas göstəricilərindən biridir. Biz çalışacağıq ki, bu uğuru hər il əlimizdə saxlayaq. Bunun üçün  hərtərəfli imkanımız var”, - gimnaziya direktoru yekunda söyləyir. Daha yeni-yeni nailiyyətlərini işıqlandırmaq diləyi ilə müəllimli, şagirdli 1000-dən artıq insanın olduğu gimnaziyadan ayrılırıq. Gimnaziyanın divarlarını bəzəyən plakatlarda yazılmış maraqlı aforizmləri fikrimdən keçirirəm: "Əzmlə çalış, inamla irəlilə!", "Zaman heç kimi gözləmir!", "Heç vaxt təslim olma!", "Heç zaman özünü itirmə!", "Yaxın sirdaşınız kitablar olsun!", "İnanmaq bacarmaqdan yaxşıdır!", "Başqalarında qüsur axtarmayın!", "Verdiyiniz sözlərə sadiq qalın!", "Zamanınızı idarə etməyi bacarın!", "Üzr istəmək böyüklükdür!", "Güclülər deyil, iradəlilər qazanır!", "Öyrətmək - iki dəfə öyrənməkdir!", "Hər zaman gülərüz olun!"... 30-dan artıq bu kimi qiymətli nəsihətləri şagirdlər hər dəfə pilləkənləri qalxdıqca oxuyur və yəqin ki, ömürlük beyinlərinə həkk edirlər. 

Xəbər lenti

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:46

Bakı Dövlət Universiteti vakansiya elan edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.