
Müasir dövrümüzdə qloballaşma şəraitində təhsil cəmiyyətin texnologiyaya uyğunlaşma sürətini, beynəlxalq standartlara uyğun biliklər təqdim etməklə rəqabətqabiliyyətliliyi artırır. Təhsilin həyatımızdakı rolunu araşdırsaq qeyd edə bilərik ki, təhsil sadəcə fərdi inkişafımızla məhdudlaşmır, həmçinin bizi əhatə edən bütöv cəmiyyətin formalaşmasına və tərəqqisinə istiqamət verir. Təhsilin cəmiyyətə ötürülməsində başlıca rol müəllimlərin üzərinə düşür.
Təhsilin pillələri arasında ibtidai təhsilin öz məsuliyyəti, öz çətinliyi vardır. Əsasən ibtidai sinif müəlliminin bu təhsil pilləsindəki rolu çox önəmlidir. Müəllimin pedaqoji ustalığı, medodiki bacarığı şagirdin təhsilə olan marağını artırır, gələcək təhsil pillələrinə hazırlayır, onun verdiyi təlim-tərbiyə uşağın gələcək yolunu işıqlandırır, onun şəxsiyyət kimi formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
XXI əsrdə təhsili texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Artıq müəllim sadəcə bilik ötürən deyil. Müasir müəllim həm öyrədən, həm öyrənən, həm də texnologiyanın gücünü cəmiyyətin inkişafı üçün yönəldəndir. Qloballaşma dövründə rəqəmsal bacarıqlar əsas bacarıqlardır. Bu bacarıqların müəllimlər tərəfindən ibtidai təhsil pilləsindən şagirdlərə aşılanması ilə onlar texnologiya sahəsi üzrə təməl bilik və bacarıqlara malik olurlar.
Texnologiya müəllimin rolunu daha dinamik və çevik hala gətirib. Qeyd etdiyimiz kimi, müasir müəllim həm öyrədir, həm də öyrənir. Rəqəmsal savadlılığın inkişaf etdirilməsi istiqamətində təhsil sahəsi üzrə mühüm addımlar atılır. Sürətli texnoloji dəyişikliklərə uyğunlaşmaq üçün bu yöndə müxtəlif təlimlərin keçirilməsinə ehtiyac duyulur. Bu baxımdan son illərdə müəllimlərin peşəkar inkişafını, rəqəmsal bacarıqlarını, innovativ tədris metodlarını və fənn üzrə ixtisaslaşmasını təmin edəcək təlim proqramlarının keçirilməsi mütəmadi olaraq həyata keçirilir. Belə təlimlərin məqsədi müəllimlərin ənənəvi təlim üsullarından innovativ metodlara keçidini təmin edərək müasir tədris metodlarını mənimsətmək, texnologiyalara uyğunlaşmanı sürətləndirmək, eləcə də təhsilin keyfiyyətini yüksəltməkdir. Bu ilin 26 avqust - 1 sentyabr tarixlərində müəllimlərin peşəkar kompetensiyalarını artırmaq üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən “Tədris prosesində süni zəka texnologiyaları” adlı təlimdə iştirak edərək yeni biliklər qazandım, eləcə də tədrisə yanaşma tərzini dəyişən yenilikləri öyrəndim. Təlim prosesində süni intellekt, onun mərhələləri, əsas prinsip və komponentləri, süni intellektin işini tənzimləyən etik prinsiplər, eləcə də təlim-tədris prosesində süni intellekt alətlərindən istifadə texnologiyaları ilə tanış oldum.
Süni intellekt (Sİ) maşınların insanlara bənzər şəkildə öyrənmə, məntiqi düşünmə və problemlərin həllinə yönəlmiş qərarlar qəbuletmə qabiliyyətidir. Bu kompüterlərin və ya maşınların əsas məqsədi adətən intellektual varlıqlara xas olan müxtəlif funksional tapşırıqları yerinə yetirməkdir. Sİ yalnız texnoloji yenilik deyil, həm də həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Gündəlik həyatımızda getdikcə daha da geniş yer tutan bu texnologiya düşünmə, öyrənmə, qərarvermə və problem həlletmə kimi qabiliyyətləri simulyasiya edir.
Yüksək səviyyədə təşkil edilmiş və bacarıqlı mütəxəssislər tərəfindən həyata keçirilən bu təlim kursunda öyrəndiklərimi - süni intellektin ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək və s. kimi müasir cəmiyyət üçün vacib olan məsələləri həmkarlarımla bölüşməklə auditoriyamızın inkişafına dəstək vermək qənaətindəyəm. Sİ-nin funksional imkanlarına və təkmilləşmə səviyyəsinə görə 3 növü vardır:
1. Süni məhdud intellekt (ANI - Artificial Narrow Intelligence) ən geniş yayılmış növ olaraq yalnız bir konkret vəzifəni yüksək dəqiqliklə yerinə yetirir, başqa sahələrə keçid edə bilmir. Məsələn, “Siri”, “Google Translate” və s.
2. Süni ümumi intellekt (AGI - Artificial General Intelligence) ANI-dən daha inkişaf etmiş Sİ formasıdır, insan zəkasını təqlid edə, öyrənə, həmçinin müstəqil qərarlar qəbul edərək müxtəlif problemlərə tətbiq edə bilər. Məsələn, avtonom avtomobillər və s.
3. Süni superintellekt (ASI - Artificial Superintelligence) insan zəkasını üstələyən və özünü dərk edən intellektdir. Nəzəri olaraq mümkünsüz sayılan bu növə tez-tez elmi fantastik filmlərdə rast gəlinir. İnsanlar üçün faydalı və ya təhlükəli ola biləcəyi hələ də müzakirə olunur.
Müasir texnologiyaların və süni intellektin təhsildə tətbiqi təhsilin keyfiyyətini artırır. Süni intellekt ibtidai sinif müəllimləri üçün yardımçı bir alət olmaqla yanaşı, yaradıcılığı və pedaqoji bacarıqları daha da gücləndirərək yeniliklərə uyğunlaşmanı təmin edir. İbtidai sinif müəllimləri üçün Sİ texnologiyalarının tətbiqi təhsilin fərdiləşdirilməsi, effektiv idarə olunması və şagirdlərin motivasiyasının artırılması baxımından mühüm imkanlar yaradır. Bu texnologiyalar müəllimlərin işini asanlaşdırmaqla yanaşı, şagirdlərin öyrənmə prosesini daha maraqlı və interaktiv edir.
İbtidai sinifdə Sİ-nin əsas tətbiq sahələri:
1. Fərdiləşdirilmiş öyrənmə: Sİ şagirdin bacarıq səviyyəsini analiz edərək ona uyğun tapşırıqlar təqdim edir. Məsələn, zəif oxuyan şagirdə (şagirdin zəif mənimsədiyi mövzulara daha çox diqqət ayıracaq) daha sadə mətnlər, güclü olanlara isə (güclü tərəfini isə inkişaf etdirəcək) daha çətin materiallar verilir.
Fərdiləşdirilmiş öyrənmə, həmçinin şagirdlərin mənimsəmə qabiliyyətlərini təhlil edərək təkrar öyrənmə yolları təklif edir, onların məlumatlarını analiz edərək müəllimlərə daha effektiv strategiyalar hazırlamağa kömək edir.
2. Ağıllı qiymətləndirmə sistemləri: Test və tapşırıqları avtomatik yoxlayır, nəticələri dərhal təqdim edir. Müəllimlər üçün “vaxt qənaəti” və “obyektiv qiymətləndirmə” imkanı yaradır. Şagirdlərin test nəticələrini analiz edir, zəif mövzuları müəyyənləşdirir və müəllimə fərdi müdaxilə üçün tövsiyələr verir.
3. Dərs planlaşdırma və məzmun yaradılması: Müəllimlər süni intellektdən istifadə edərək dərs planları, oyunlar və interaktiv materiallar hazırlaya bilirlər. Məsələn, “ChatGPT” kimi alətlərlə hekayələr, tapşırıqlar və izahlar yaratmaq mümkündür.
4. Səsli və vizual köməkçilər: Şagirdlər üçün interaktiv öyrənmə mühiti yaradır: Məsələn, danışan kitablar, animasiyalı izahlar. Bu, xüsusilə “vizual və eşitmə əsaslı öyrənənlər” üçün faydalıdır.
5. İştirak və davranış analizi: Sİ şagirdin dərsdə iştirakını və davranışını izləyərək müəllimə “geri bildirim” verir. Bu, erkən müdaxilə və fərdi yanaşma üçün imkan yaradır. Müəllim dərs zamanı hansı şagirdin diqqətinin yayındığını görür və ona fərdi yönəlik sual verə bilir. Həmçinin müəllimlər bu sistemlə valideynlərə şagirdin sosial inkişafı barədə məlumat göndərə bilirlər.
Nəticə olaraq qeyd edə bilərəm ki, süni intellekt artıq dünyada ibtidai sinif müəllimlərinin “yardımçısına” çevrilib. Dərs planlaşdırmadan qiymətləndirməyə, davranış analizindən fərdi öyrənməyə qədər bir çox sahədə Sİ texnologiyaları təhsilin keyfiyyətini artırır. Müəllimlər bu alətləri yaradıcılıqla və etik yanaşma ilə istifadə etdikcə, şagirdlər üçün daha zəngin və maraqlı öyrənmə mühiti formalaşır.
Sevda BALAKİŞİYEVA,
Bakı şəhəri 202 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, ibtidai siniflər üzrə metodbirləşmə sədri
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər