Bütün xəbərlər
17 iyun, 17:50

Yay tətilini uşaqlar da, valideynlər də səbirsizliklə gözləyirlər. Gözəl hava, uzun günlər, rahat rejim və məktəb öhdəliklərindən azad vaxt onların sosiallaşması, istirahət etməsi və fərdi maraqları ilə məşğul olması üçün unikal imkan yaradır. Lakin təhsildə fasilə də düzgün planlaşdırılmalıdır. Əks halda bu xüsusilə ibtidai və orta təhsil səviyyəsində bilik və bacarıqların itkisi ilə nəticələnə bilər. Bu səbəbdən yay tətilinin həm istirahət, həm də inkişaf dövrü kimi təşkil edilməsi vacibdir.

“Amerika təhsil tədqiqatları” jurnalında (American Educational Research Journal) dərc olunan araşdırmalara görə, 1-8-ci sinif şagirdləri yay aylarında tədris ili ərzində qazandıqları biliklərin təxminən 17-34 faizini itirirlər. Mütəxəssislər bu itkini “öyrənilənlərin yayda itirilməsi” (summer learning loss) adlandırırlar. Sorğunun nəticələrinə görə, bu baxımdan ən çox təsirə məruz qalan sahələr riyaziyyat və oxu bacarıqlarıdır.

Əgər bu itkilər hər il təkrarlanarsa, uzunmüddətli akademik inkişaf üçün ciddi nəticələr yarada bilər. Tədris ili başlayanda şagirdlər daha əvvəl öyrəndiklərini yenidən xatırlamaq üçün vaxt itirir, müəllimlər isə yeni mövzulara keçmək əvəzinə bir müddət əvvəlki dərsləri təkrar etməyə məcbur olurlar. Bu həm vaxt itkisi yaradır, həm də şagirdlərin öyrənməyə qarşı motivasiyalarının azalmasına səbəb ola bilər.

Təhsilin davamlılığı prosesində valideynlərin rolu danılmazdır. Yay aylarında şagirdlərin öyrənməyə davam etməsində valideynlərin iştirakı vacib amildir. Uşaqlarla birlikdə gündəlik oxu saatı təyin etmək, onlara suallar verməklə mütaliəni müzakirəyə çevirmək, yazı yazmağa həvəsləndirmək onların dil bacarıqlarını qoruyub inkişaf etdirmək üçün effektiv üsullardır. Məsələn, valideynlər gündə bir qısa mətn oxuyub sonra bu sualları verə bilərlər:

– Hekayənin əsas ideyası nə idi?

– Sən personajın yerində olsaydın, nə edərdin?

– Oxuduğun mətn sənə nə öyrətdi?

Bu cür suallar uşağın tənqidi düşünmə bacarığını inkişaf etdirir və onun öz fikrini ifadə etməsinə yardımçı olur.

Valideynlər övladlarının maraq dairəsini nəzərə alaraq onları müxtəlif mövzularda araşdırmalara sövq edə bilərlər. Məsələn, bir mövzu seçib bu haqda qısa təqdimat hazırlamağı tapşırmaq uşaqlarda tədqiqat və təqdimetmə bacarıqlarının inkişafına kömək edir. Ailəvi film izləmə saatları da öyrənmək fürsətinə çevrilə bilər. Filmdən sonra “Bu film sənə nə hiss etdirdi?”, “Səncə, bu hadisə real həyatda baş versəydi, nə olardı?” kimi suallar verməklə tənqidi düşünmə bacarıqlarını aşılamaq mümkündür. Bundan əlavə, gündəliklər və ya həftəlik “Günüm necə keçdi?” mövzusunda yazılar yazdırmaq həm ifadə etmək, həm də yazmaq qabiliyyətinin inkişafına təkan verə bilər.

Müəllimlər tədris ili bitməzdən əvvəl şagirdlər üçün ev tapşırıqları, müstəqil layihələr, oxu siyahıları və internet resursları ilə zənginləşdirilmiş dəstlər hazırlaya bilərlər. Bu resurslar şagirdlərə tətil zamanı məqsədli şəkildə işləmək imkanı verir.

Xüsusilə kompüterə çıxışı məhdud olan ailələr üçün çap resursları hazırlamaq faydalı olar. Hər bir sinif səviyyəsinə uyğun olaraq fonetik təlimlər, qrammatik tapşırıqlar, mətn anlama fəaliyyətləri ilə zənginləşdirilmiş dəftərlər hazırlamaq tədris prosesi ilə əlaqənin qorunmasına xidmət edə bilər.

Yay öyrənməsi yalnız ənənəvi üsullarla məhdudlaşdırılmamalıdır. Bu prosesdə alternativ öyrənmə yolları da olduqca faydalıdır. Şagirdlərə qeyri-formal öyrənmə yolları təqdim etməklə onları həm əyləndirmək, həm də maarifləndirmək olar. Məsələn:

– Oxu və ya yazı müsabiqələri təşkil etməklə şagirdlərin aktivliyini stimullaşdırmaq olar.

– Uşaqlar evdə istirahət edərkən belə təhsil podkastları və sənədli filmlər vasitəsilə dünyanı öyrənməyə davam edə bilərlər.

– Virtual muzey turları, elmi mərkəzlərə səfərlər, təbiət yürüşləri və ictimai layihələrdə iştirak yay tətilini mənalı və zəngin edən fəaliyyətlərdir.

Yay tətilləri həm də şagirdlərin fərdi maraqlarını inkişaf etdirmələri, yeni bacarıqlar öyrənmələri və yaradıcılıqlarını ifadə etmələri üçün əla fürsətdir. Layihə əsaslı öyrənmə bu baxımdan çox faydalıdır:

– Öz animasiyasını yaratmaq,

– Sadə robot düzəltmək,

– Öz gündəliyini yazmaq,

– Ətraf mühitin qorunmasına dair təşəbbüslər irəli sürmək,

– Sadə təcrübələrlə evdə elmə maraq oyatmaq.

Bütün bunlar həm əyləncəli, həm də maarifləndiricidir.

“YouTube”, “Khan Academy”, “Scratch” və “Instructables” kimi platformalar bu cür fəaliyyətlər üçün geniş imkanlar təqdim edir.

Unutmayaq ki, yay təkcə istirahət və tətil dövrü deyil, eyni zamanda fərdi inkişaf, yeni maraqlar və təhsil imkanları açan bir mərhələdir. Şagirdlərin yay aylarında tədrisdən tamamilə uzaq qalmaması üçün valideynlər, müəllimlər və icmalar birlikdə hərəkət etməli, uşaqlara balanslaşdırılmış – həm istirahət, həm də öyrənməyə əsaslanan mühit yaratmalıdırlar.

Amerikalı alimlər K.L.Alexandr, S.Pitkok və M.Boulayın “Yay tətilində bilik itkisi: nələri bilirik və nə etməliyik? (The summer slide: what we know and can do about summer learning loss) kitabında bu mövzu geniş araşdırılıb. Mütəxəssislər bildirir ki, təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir. Yay aylarında yaradılan bu maraqlı və zəngin öyrənmə təcrübələri şagirdlərin yeni tədris ilinə motivasiya ilə başlamasına zəmin yaradır.

ABŞ-nin Harvard Universitetinin “Graduate School of Education” bölməsinin araşdırmalarında qeyd olunur ki, yay tətilində öyrənməyə davam edən uşaqlar tədris ilinə daha az bilik itkisi ilə qayıdır, həm riyazi, həm də dil bacarıqları baxımından daha sürətlə irəliləyirlər. Bu isə onu göstərir ki, yay aylarında öyrənməyə uyğun mühitin qurulması yalnız cari ilin deyil, gələcək akademik uğurların da təməlidir.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı 

Şərhlər

Xəbər lenti

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.