Bütün xəbərlər
test
7 yanvar, 17:29

1990-cı ildə İstedadlı şagirdlər üçün ixtisaslaşdırılmış məktəb kimi yaradılan, bir il sonra isə qazandığı uğurlarına görə lisey statusu verilən bu təhsil müəssisəsi hazırda Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey kimi fəaliyyət göstərir. 1052 şagirdi olan bu təhsil ocağında 82 müəllim təhsilalanların təlim-tərbiyəsi ilə məşğul olur. Maraqlıdır ki, bu məktəbin müəllimlərinin təqribən 30 faizi ali məktəbi qırmızı diplomla bitirib.
Müəllimlərinin, xüsusilə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili müəllimlərinin diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında göstərdiyi yüksək nəticələr məktəbin təhsilverənlərinin peşəkarlığının yüksək olduğunu bir daha təsdiqləyir. Təqdirəlayiq məqamlardan biri odur ki, liseyin müəllimləri arasında bu məktəbi qızıl medalla bitirən 5 məzun da var. Liseyin tanınmış məzunlarından biri Qarabağ Universitetinin rektoru Şahin Bayramovdur. O, liseydə oxuduğu illərdə elmi fəallığı, məntiqi düşüncə qabiliyyəti və araşdırma yönümlü yanaşması ilə hər zaman müəllimlərinin rəğbətini qazanıb. Ş. Bayramovun sinif rəhbəri və sevimli müəllimi olan Mülkiyyə Şıxaliyeva bu təhsil ocağının əsas qurucularındandır.  

Mülkiyyə xanımı tez-tez ziyarət edən rektor lisey illərində aldığı bilik və bacarıqların  karyerası üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulayır. 

Müəllimlərinin sözlərinə görə, bu gün Şahin Bayramov ali təhsil sistemində rəhbər şəxs kimi fəaliyyət göstərsə də, lisey illərini hər zaman minnətdarlıqla xatırlayır, akademik uğurlarının bünövrəsinin burada qoyulduğunu qeyd edir.

“Azərbaycan müəllimi” 2013-cü ildən bu təhsil ocağına rəhbərlik edən, 2019-cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülən Aidə İsmayılova ilə həmsöhbət olub.

“Tədqiqata, innovativ layihələrə və olimpiadalara dəstək vermək əsas hədəfimizdir”

 –  Aidə xanım, liseyiniz son illər STEAM festivalında, “Sabahın alimləri” müsabiqəsində, həmçinin respublika və beynəlxalq fənn olimpiadalarında böyük uğurlar qazanır. Uğurlarınızın sirri nədədir?
 – Uğurumuzun əsas sirri müəllim və şagirdlərin qarşılıqlı inam, fədakarlıq və peşəkarlıqla çalışmasıdır. Məsələn, 2022-ci ildə STEAM Azərbaycan Festivalında (SAF) iştirak edən 3 komandamız qızıl, 1 komandamız bürünc medal qazandı. 2023-cü ildə də nəticələrimiz sevindirici oldu: 1 qızıl, 1 gümüş, 1 bürünc medal. 2024-cü ildə isə 3 komanda ilə təmsil olunaraq 1 gümüş, 1 bürünc medal qazandıq və “Yaxşıların yaxşısı” nominasiyası üzrə qalib seçildik.

Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində iki il region üzrə 3 və 2-ci yerlərə layiq görülüblər. Eyni zamanda liseyin 6 məzunu Prezident təqaüdçüsüdür. Xüsusilə 684 bal toplayaraq şəhər birincisi olan Səlimova Ayselin Prezident təqaüdçüsü olması bu uğura nümunədir. 9-cu sinif buraxılış imtahanlarında 300 bal toplayan Sənani Zeynallı şəhər birincisi olan məzunlarımızdandır. Aylin Xəlilli hazırda 10-cu sinifdə təhsilini uğurla davam etdirir. Qeyd edim ki, respublika üzrə bu nəticəni əldə edən 4 məktəbdən biri də bizim liseydir.

 – Texnologiya və innovasiyaya açıq olmaq üçün nələr edirsiniz? 
 – Biz fənlərarası inteqrasiyaya geniş yer ayırır, şagirdlərə akademik biliklərlə yanaşı, tədqiqat mədəniyyətini də aşılayırıq. Həm də müəllimlərimizin peşəkar inkişafı üçün seminar və təlimlər təşkil edirik. Məsələn, kimya müəllimi Səkinə Hüseynova ibtidai sinif müəllimi İlduzə İsgəndərova, tarix müəllimi Ruhiyyə Abbasova, informatika müəllimi Xəyalə Əliyeva, fizika müəllimi Gülşən Məmmədova ölkə miqyasında nümunəvi pedaqoq kimi tanınırlar.

 – Uğurlu məzunlarınızın sayı çoxdur. Belə məzunlarınızın  yetişməsində liseyin daxili metodiki sistemi rol oynayır?
 – Bizim pedaqoji strategiyamız məzunlarımızın imtahanlarda təkcə yüksək bal toplaya bilməsi ilə məhdudlaşmır, eyni zamanda tədqiqat işlərinə, innovativ layihələrə və olimpiadalara dəstək verməyi əsas hədəf sayırıq. Məsələn, “Sabahın alimləri” müsabiqəsinin qalibi olan Rəsul Həsənli Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq olimpiadada da uğur qazanıb. Fənn olimpiadalarında qazandığımız qızıl, bürünc medallar bu yanaşmanın bəhrəsidir.
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində lisey şagirdləri Quliyev Cahandar (3-cü yer) və İmamverdiyev Rəşad (2-ci yer) regionu uğurla təmsil ediblər. Bu uğurlar onu göstərir ki, məktəbimiz şagirdlərin nitq mədəniyyəti və təqdimat bacarıqlarının formalaşmasında xüsusi yanaşmaya malikdir.

– Liseyinizin elmi-innovativ fəaliyyətini genişləndirmək üçün hansı planlarınız var?
 – Fənlərarası inteqrasiya, STEAM layihələrinin şaxələndirilməsi, tədqiqat mərkəzlərinin yaradılması və rəqəmsal resurslardan daha səmərəli istifadə  prioritet istiqamətlərimizdəndir. Həmçinin xarici universitetlərlə əməkdaşlığı genişləndirməyi, məktəb daxilində elmi diskussiya mühitini daha da canlandırmağı planlaşdırırıq. Çünki həm ali məktəblərə yüksək balla qəbul olmaq, həm də innovativ düşüncə tərzini inkişaf etdirmək bugünkü gəncliyin əsas hədəfi olmalıdır.

– Belə intellektual uğurlarda valideyn və məktəb əməkdaşlığı nə dərəcədə rol oynayır?
– Valideynlərlə daim sıx əlaqədə olmaq, istedadlı uşaqları erkən yaşda müəyyənləşdirmək və onlara fərdi hazırlıq planı tətbiq etmək çox önəmlidir. Eyni zamanda, onların sosial-emosional inkişafını diqqətdə saxlayırıq. Valideynlərin prosesə qoşulması uşaqlara əlavə motivasiya verir. Məhz bu səbəbdən həm fənn olimpiadalarında, həm də təqdimat müsabiqələrində liseyimizin nəticələri yüksələn xətt üzrə inkişaf edir.

“Uşağın potensialının üzə çıxarılması üçün valideyn dəstəyi olmalıdır”

Bu uğurlu mühitin yetişdirdiyi şagirdlərdən biri də “Əlaçı” verilişinin qalibi Hicran Yolçuyevadır. Anası Gülarə Yolçuyeva bildirir ki, Hicran çox kiçik yaşlarından məsuliyyətli və yaradıcı uşaq olub:

“Hər zaman özünü inkişaf etdirməyə çalışıb. Bunun üçün müəllim-valideyn işbirliyi çox önəmlidir. Uşağın potensialının tam olaraq, üzə çıxarılması üçün valideyn dəstəyi olmalıdır. Bir valideyn olaraq məsuliyyətimi daim dərk etmiş, qızımın potensialını dəstəkləmişəm. Hicranın kiçik yaşlarından uğurları çox olub və o, uğurlarını hər zaman getdikcə artırıb. Bu gün də biz onunla qürur duyuruq, onun uğurları bizim ən böyük sevincimizdir”.

“Bu gün atılan bütün addımlar gələcək karyeramızın təməlini formalaşdırır”

Lisey şagirdlərinin uğurlu olduğu sahələrdən biri də intellektual yarışlardır. “Əlaçı” verilişində iştirak edən çoxsaylı lisey şagirdlərindən biri olan Hicran Yolçuyeva bu il qalib adını qazanıb.

 Hicran, “Əlaçı” verilişində qalib olmağının sirri nədə idi və bu uğur səni gələcək hədəflərə necə ruhlandırır?
– Bu qələbə, əslində, uzunmüddətli hazırlığımın nəticəsidir. Bütün fənlərə diqqət ayırmaqla yanaşı, əlavə materiallardan da istifadə edirəm. Ən çətin mərhələ stres və həyəcanı idarə etmək idi, lakin müəllimlərim və valideynlərimin inamı, eləcə də aparıcı İlahə xanımın səmimi münasibəti məni qələbəyə ruhlandırdı.

Ən yaddaqalan məqam isə Azərbaycan dili suallarını səhvsiz cavablandırmağım idi. Bu, mənə xüsusi qürur hissi yaşatdı. Azərbaycan dili mənim çox sevdiyim fənlərdəndir. Müəllimlərim Mustafayeva Rahilə və Məmmədova İlahə mənə daim dəstək olublar. Onların verdiyi tapşırıqları, tövsiyələri ciddi şəkildə yerinə yetirdim. Bütün sualları səhvsiz cavablandırmaqla həm müəllimlərimin, həm də ailəmin sevincinə səbəb oldum. Qalib elan olunanda duyduğum hissləri sözlə ifadə etmək çox çətindir. Zaldakı alqışlar, hamının məni təbrik etməsi yaddaşımdan heç vaxt silinməyəcək.

 Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?
– Mən tibb sahəsi üzrə oxumağı arzulayıram. Məqsədim Azərbaycan Tibb Universitetinin tələbəsi olmaqdır. Bunun üçün hazırlaşır, müntəzəm olaraq mütaliə edirəm. Eyni zamanda idmanla məşğul olur və intellektual yarışlarda iştirak edirəm. Məsələn, “First Lego League (FLL)” layihəsində qalib olmuşam, 8 ildir ki, üzgüçülüklə məşğulam. Eyni zamanda Fəxrəddin Qasımov adına musiqi məktəbində “Fortepiano” üzrə təhsil almışam. Hesab edirəm ki, bu gün atılan bütün addımlar – mütaliə, idman, yaradıcılıq və elmə maraq gələcək karyeramızın möhkəm təməlini formalaşdırır.

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova “Azərbaycan müəllimi”nə bildirib ki, region üzrə ən yaxşı 10 məktəbdən 6-nın Mingəçevir şəhər ümumtəhsil məktəbləri olması, şəhər məktəblərinin respublika fənn olimpiadalarında 2 qızıl, 4 gümüş və 6 bürünc medal qazanması Mingəçevir təhsilinin yüksək potensialının olduğunu bir daha təsdiqləyir: “Qürur duyuruq ki, belə istedadlı gənclərimiz var və onların daha böyük uğurlara imza atacağına əminik. Gələcəyimiz olan bu gənclər elmin sirlərinə dərindən yiyələnmək üçün yüksək motivasiya ilə çalışırlar. Bu, sabahımızın daha etibarlı qurulacağının ən real sübutudur”.

Sevinc Həsənova hesab edir ki, şəhər təhsili regionda daim seçilən bir model kimi dəyərləndirilir. Bu, müəllimlərin peşəkarlığının, valideynlərlə müntəzəm əməkdaşlıq əlaqələrinin qurulmasının və müasir tələblərə cavab verən pedaqoji metodların tətbiqinin nəticəsidir. Belə yanaşma təkcə akademik nailiyyətləri artırmır, eyni zamanda gələcəkdə daha böyük layihələrin və perspektivlərin reallaşacağına da inam yaradır.

Gələcək perspektivlər və elmi inteqrasiya
Liseyin gələcək hədəfləri sırasında təkcə mövcud akademik uğurları qorumaq deyil, eyni zamanda tədqiqat yönümlü pedaqogikanı gücləndirmək, şagirdlərin innovativ layihələrə daha geniş miqyasda qoşulmasını təmin etmək də dayanır. Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən “İlin ən yaxşı məktəbi” nominasiyasına layiq görülmək bu  yanaşmanın uğurlu nəticəsidir.

Liseyin qazandığı uğurlar göstərir ki, keyfiyyətli təhsil üçün sistemli, davamlı və yaradıcı yanaşma vacibdir. Peşəkar müəllim ordusu, istedadlı şagirdlər, fənlərarası inteqrasiyaya əsaslanan proqramlar və səmərəli məktəb-valideyn əməkdaşlığı dayanıqlı inkişafın təməl prinsiplərini təşkil edir. Məktəbin parlaq nəticələri, gələcək nəsillərin elmi biliklərə və mənəvi dəyərlərə sahib, rəqəmsal dünyaya uyğun formalaşacağına böyük inam yaradır.
 

1 /7

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/29816d32-e33b-420d-87f4-51f1560a1406_a2ead6a2-c2f3-4a74-b89f-e4bb16b5b7f6.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/b5e7d45b-6b06-42de-8970-2b52e868c0c5_c2abe1cc-1ee6-4687-95ae-0a96a1fcc0a9.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/b4e05cde-23da-4946-8949-f54b58429560_e35c87a4-9d22-4a95-9afb-aca6887c2dae.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/15d2f3a6-8388-4451-b6d7-03457fd555f6_1c8db257-1bf9-433a-98b0-89926ec0b48c.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/e02f5b72-363f-41ef-bb9b-16b0bdb0b527_7bb2e801-fce7-4145-9943-96f2fb1e4303.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/1a154ad8-1cb1-4261-8df8-cc2e9e384a30_8fff0304-54ad-4767-9c57-bef04d1d9ba4.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20January%202025/680aff6c-7d72-4618-ba4d-26c013a76738_3748ee92-eccc-458a-9fa9-730e52e27bb5.jpg

Xəbər lenti

8 yanvar, 23:07

“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat başlayıb

8 yanvar, 17:02

Kibertəhlükəsizliyin təmin edilməsi üçün intellektual metod və alqoritmlər işlənilib

8 yanvar, 16:55

Təhsildə emosional zəkanın rolu

8 yanvar, 16:31

Süni intellekt və problemlər 

8 yanvar, 16:29

Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümündə I dövrəyə yekun vurulub

8 yanvar, 15:23

Şabranda şagird məktəb yoldaşına xəsarət yetirib

8 yanvar, 15:10

Təhsil məzuniyyətlərinin müddətləri nə qədərdir?

8 yanvar, 14:53

Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır

8 yanvar, 13:54

Tələbələr üçün Avropada tam təqaüdlü təhsil fürsəti

8 yanvar, 13:34

Kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq üçün düşərgə təşkil edilib

8 yanvar, 12:50

Yeni virusla bağlı məktəblərdə vəziyyət necədir? – AÇIQLAMA

8 yanvar, 12:42

Xaricdə aldığı fəlsəfə doktoru elmi dərəcəsi sənədini tanıdanların sayı açıqlanıb

8 yanvar, 12:24

Məktəblərin üzləşdiyi qlobal çağırışlar - HESABAT

8 yanvar, 12:11

Bakıda “World Harmony” VII Beynəlxalq müsabiqəsi keçirilib

8 yanvar, 11:33

Bu müəllimlər güzəştli dövlət ipotekasından yararlana bilərlər

8 yanvar, 11:32
8 yanvar, 11:12

ADNSU-da maarifləndirici seminar keçirilib

8 yanvar, 11:05

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin əhatə dairəsi genişləndirilib

8 yanvar, 11:05

"STEAM Azərbaycan Festivalında Biz" tədbiri təşkil edilib

8 yanvar, 10:56

AzMİU Türkiyənin Doğu Akdeniz Universiteti ilə əməkdaşlıq edəcək

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.