Bütün xəbərlər
20 iyun, 11:48

UNICEF-in bu ilin martında açıqladığı statistikaya görə, son il yarımda Yaxın Şərqdəki münaqişələrdə 15 000-dən çox azyaşlı öldürülüb, 34 000-dən çoxu yaralanıb, 18 000-ə yaxını isə valideynlərini itirib. Beynəlxalq təşkilatın açıqlamasına görə, təkcə Qəzzada bu ilin martınadək 10 000-dən çox uşaq malnutrisiya (kəskin qida çatışmazlığı) müalicəsi alıb. Ümumilikdə uşaqların 90 faizə qədəri qida azlığı ilə üzləşib. Bu da onların böyüməsinə və fiziki inkişafına ciddi təsir göstərir. Ümumiyyətlə, son illərdə münaqişə və müharibələr haqqında xəbərlər gündəlik həyatda çox müzakirə olunur. Acınacaqlısı odur ki, bu münaqişə bölgələrində qurban və zərərçəkənlər arasında uşaqlar çoxluq təşkil edir.

Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının 6-cı maddəsi uşaqların həyat hüququnun təmin olunmasını tələb etsə də, münaqişə bölgələrində bu hüquqlar tez-tez pozulur. Müharibə uşaqların təhsil hüquqlarını pozmaqla yanaşı, onların intellektual inkişafına da təsir göstərir. 2023-cü ilin oktyabrından başlayaraq Yaxın Şərqdə məktəblərin əksəriyyəti dağıldığından 700 000 uşaq üçün təhsil əlçatmaz olub.

Ukrayna müharibəsi isə 3,7 milyon uşağı köçkünə, 2 milyondan çoxunu isə sərhədləri keçərək qonşu ölkələrdə qaçqın durumuna salıb.

Müharibələrin uşaqlara təsiri yalnız onlara vurduğu fiziki zədələrdən ibarət deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə bölgələrində yaşayan uşaqların psixoloji sağlamlığı da ciddi təhlükə altındadır. Onlarda posttravmatik stres pozğunluğu, depressiya və təşviş hallarının sayı xeyli artıb. UNICEF-in araşdırmasına görə, müharibə şəraitində böyüyən uşaqların 60 faizi davamlı qorxu və narahatlıq yaşayır, bu isə onların inkişafına və təhsil imkanlarına mənfi təsir göstərir.

Psixoloqlar bildirir ki, sosial media və televiziya xəbərlərində yayılan müharibə görüntüləri azyaşlıların psixologiyasına ciddi zərər vurur. “Save the Children” təşkilatı uşaqlarla münaqişə və müharibə haqqında danışmağın yolları və onlara emosional dəstək üçün praktik tövsiyələr hazırlayıb.

Aşağıdakı tövsiyələr uşaqlarla bu mövzu haqqında danışmağın və onlara dəstək verməyin yollarını izah edir.

– Mövzuya toxunmaq üçün uyğun vaxt və yer seçin. Yatmazdan əvvəl bu mövzuda danışmaqdan çəkinin.

Uşaqlar xəbərləri müxtəlif yollarla eşidə bilərlər, buna görə nə gördüklərini və eşitdiklərini yoxlamaq vacibdir. Bu onları sakitləşdirmək və yanlış məlumatları düzəltmək üçün fürsətdir.

Kiçik yaşlılar ekranda gördükləri ilə reallıq arasında fərqi ayırd etməyə, uzaqda baş verən hadisələri özlərinə yaxın hiss edə bilərlər. Böyük uşaqlar isə sosial şəbəkələrdə narahatedici görüntülərlə qarşılaşa və hadisələrin gedişindən qorxa bilərlər. Əgər uşaqlar hamının öləcəyindən qorxur, bununla bağlı suallar verirlərsə, bunun baş verməyəcəyini deyərək onları sakitləşdirin.

– Uşaqlar dünyada baş verənlər barədə məlumat almaq hüququna malikdir, amma böyüklər də onları emosional gərginlikdən qorumaqda məsuliyyət daşıyırlar.

Övladınızla söhbətdə onun yaşına uyğun sözlər seçin, reaksiyalarını izləyin və narahatlıq səviyyəsinə qarşı həssas olun. Münaqişə bölgəsində yaşayırsınızsa, özünüzü kədərli və narahat hiss etməyiniz normaldır. Amma unutmayın ki, uşaqlar emosional siqnalları valideynlərdən alırlar. Buna görə, qorxularınızı ona ötürməmək üçün ehtiyatlı olmalısınız.

Üz ifadələrinizə və bədən dilinizə diqqət yetirin. Onlara təhlükədə olmadıqlarını, insanların çoxunun dünyada sülh üçün çalışdığını izah edin.

Bütün suallara cavabınızın olmaması da normaldır. “Bu haqda daha sonra danışarıq” və ya “Gəl, birlikdə araşdıraq” kimi ifadələrdən istifadə etməklə BMT və ya UNICEF-in saytlarından axtarış edə bilərsiniz. Onlara internetdəki məlumatların hər zaman düzgün olmadığını və etibarlı mənbələrin əhəmiyyətini izah edin.

– Münaqişələr ayrı-seçkilik və nifrət ritorikası yarada bilər. Zorakılıq və ayrı-seçkiliyin hər zaman yanlış olduğunu, hamımızın xeyirxahlığı yaymalı və bir-birimizi dəstəkləməli olduğumuzu vurğulayın.

– Uşağınızla birgə faydalı fəaliyyətə qoşulmaq barədə düşünün – sülh üçün plakat çəkə, şeir yaza, konsertlərə gedə, yardım kampaniyasına qatıla və ya imza toplama aksiyasına qoşula bilərsiniz.

– Söhbətləri diqqətlə yekunlaşdırın. Söhbətin sonunda uşağın sizdən narahatlıqla ayrılmadığından əmin olun. Bədən dilini, səsini və nəfəs alıb-verməsini izləməklə onun vəziyyətini qiymətləndirin. Ona qayğı göstərdiyinizi, yanında olduğunuzu və narahat olduqda həmişə sizə müraciət edə biləcəyini xatırladın.

– Münaqişə xəbərləri davam etdikcə, uşağınızla vaxtaşırı danışın. Özünü necə hiss edir? Yeni sualları varmı? Uşağınızda baş, qarın ağrısı, qarabasma, yuxusuzluq kimi keçməyən narahatlıq halları görsəniz, mütəxəssislərə müraciət edin.

– Uşaqların həyəcanlandıran xəbər başlıqlarına və narahatedici məlumatlara məruz qalmamasına çalışın. Xüsusilə kiçik yaşlı uşaqlar yanınızdaykən xəbərlərə baxmamağa çalışın. Böyük uşaqlarla isə xəbər izləmək üçün daha etibarlı mənbələrin seçilməsini müzakirə etmək olar.

Ətrafda böyüklərlə münaqişə haqqında danışarkən uşaqların dinləmədiyinə əmin olun. Onların diqqətini yayındırmaq üçün oyun oynamağa, təbiət gəzintisinə üstünlük vermək olar.

“Save the Children” bildirir ki, uşaqlara dəstək olmaq üçün əvvəlcə böyüklər özünü yaxşı hiss etməlidir. Uşaqların hadisələrə reaksiyası valideynlərin davranışından asılıdır. Onlar valideynlərin sakit olduğunu hiss etsələr, özləri də rahat olacaqlar. Xəbərləri izləmək rejiminizi tənzimləmək yaxşı olar, yəni gün ərzində müəyyən saatlarda xəbərlərə baxmaq kifayətdir. Sizi sakitləşdirən və rahatladan fəaliyyətlərə daha çox vaxt ayırın.

Uşaqların psixoloji sağlamlığını qorumaq və onların özlərini təhlükəsiz hiss etdikləri məkanı yaratmaq üçün valideyn və müəllimlərin rolu əvəzsizdir. Uşaqlara sevgi və dəstək göstərmək, onlara müharibə və qorxunun yerinə ümid və əminlik aşılamaq, gələcəyin sağlam və güclü nəsillərinin formalaşmasına təkan verəcək.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.