Bütün xəbərlər
7 aprel, 14:50

Aprelin 5-də Şəkidə “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” adlı forum keçirilib.

Forum Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA), Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə baş tutub. “Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Qəbələ, Oğuz, Qax, Zaqatala, Şəki, Balakən və digər rayonları təmsil edən 200-ə yaxın gənc müəllim iştirak edib.

Forumun əsas məqsədi çağdaş dövrdə yeni nəsil tərbiyəsində modern yanaşmaların tətbiqini təşviq etmək, bu istiqamətdə müəllimlərlə fikir mübadiləsi aparmaq və pedaqoji təcrübəni zənginləşdirməkdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova forumdakı çıxışı zamanı deyib ki, sürətlə dəyişən zaman və təhsilalanların getdikcə artan tələbatları müəllimlərin, xüsusilə gənc kadrların qarşısında böyük öhdəliklər qoyur:

“Bu gün məktəblərin funksiyası təkcə bilik ötürməklə kifayətlənmir. Əsas vəzifələrimiz gələcək həyata hazırladığımız gənclər üçün sağlam tərbiyə mühiti yaratmaq, onların vətənini və millətini sevən bir insan kimi yetişməsinə dəstək olmaqdır”.
Günay Mahmudova əlavə edib ki, RTİ-nin tabeliyində ümumilikdə 355 təhsil müəssisəsi fəaliyyət göstərir. Burada 90 000-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 12 500 nəfərə yaxın müəllim məşğul olur. Eyni zamanda, 8 000-ə yaxın azyaşlının təlim-tərbiyəyə cəlb edildiyi 205 məktəbəqədər təhsil müəssisəsində 1 415 tərbiyəçi-müəllim çalışır:

“Şimal-qərb bölgəsində 100 000-ə yaxın uşağın tərbiyəsindən söhbət gedir. Onların düzgün istiqamətdə böyüməsi, milli və mənəvi dəyərlərə sahib olması biz təhsil işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Bu müəllimlərin 25 faizini gənc kadrlar təşkil edir. Gənc müəllimlərin yenilikçi olması, tədris prosesinə yeni nəfəs və kreativ yanaşma gətirməsi isə təhsilimizin inkişafına müsbət təsir göstərəcək”.
Günay Mahmudova gənc müəllimlərin məsuliyyətinə diqqət çəkib. Onun sözlərinə görə, gənc kadrlar təkcə fənn biliyi ilə kifayətlənməməli, sinifdə müsbət mühitin formalaşmasına töhfə verməlidirlər:

“Məktəbdə öyrətməklə yanaşı, yaratdığınız mühit də böyük əhəmiyyət daşıyır. Şagirdlərə bir fərd kimi yanaşmaq, onları dinləmək, onlar üçün dost və məsləhətçi olmaq lazımdır. Biz müəllimlər, eyni zamanda, hər davranışımızla gənclərə nümunə olmalıyıq. Sürətlə dəyişən əsrdə müəllim ömür boyu öyrənməli, yeni təlim metodlarına yiyələnməlidir. Süni intellektin, rəqəmsal transformasiyanın sürətli inkişaf etdiyi dövrdə müəllimin səriştələri, bacarıqları da dəyişməli və təkmilləşməlidir”.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova “Azərbaycan müəllimi” qəzetində fevral ayından “Çağdaş nəsildə təşkilatlanma: yeni nəsil” adlı rubrikanın fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, bu rubrika müəllimlər üçün fikirlərini paylaşmaq və “yeni nəsli necə tərbiyə etməli, onlara hansı dəyərləri aşılamaq lazımdır?” sualına cavab axtarmaq baxımından geniş platforma yaradır:

“Müəllimlər məqalələrində öz təcrübələrini, pedaqoji təcrübədəki çatışmazlıqları və həll yollarını bölüşürlər. Bu məsələdən danışarkən xüsusi olaraq uşaqlara sosial və milli-mənəvi dəyərlərin aşılanması üzərində dayanmalıyıq. Çünki ailədə bu dəyərlər tam formalaşmayıbsa, məktəb həmin boşluğu doldurmaqda mühüm rol oynaya bilər”.
O, forumun təşkilinin məhz bu ideyaların geniş müzakirəsini aparmaq, gənc müəllimlərə daha yaxından dəstək olmaq məqsədi daşıdığını bildirib:

“Rubrikada toplanan fikirlərin praktik müstəviyə daşınması üçün regionlarda forumlar keçirməyə başladıq. İlk olaraq Şəki-Zaqatala bölgəsində həyata keçirdiyimiz bu tədbirdə gənc müəllimlərlə yanaşı, pedaqoji təcrübəsi zəngin ustad müəllimlərin də təcrübəsindən yararlanmağı hədəfləyirik. İlin sonuna qədər bütün regional təhsil idarələrində analoji tədbirlər təşkil olunacaq”.

Pərvinə Qədimova sosial şəbəkələrin gənc nəsil üzərindəki təsirindən də bəhs edərək bildirib ki, burada qadağa qoymaqla məsələ həll edilmir, əvəzində faydalı kontent yaratmaqla uşaqları düzgün istiqamətə yönəltmək mümkündür. O, müəllimlərin sosial mediada öz davranışlarına diqqət yetirməsinin vacibliyini vurğulayıb: “Əslində, biz uşaqlar üçün daim nümunəyik. Yalnız məktəb divarları arasında yox, sosial şəbəkələrdə də peşəkarlığımızı və nümunəvi davranışımızı qorumaqla onları düzgün istiqamətə yönləndirə bilərik”.

Milli Məclisinin deputatı Mehriban Vəliyeva qeyd edib ki, gələcəyimiz gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılıdır. O, 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ölkədəki mürəkkəb şəraitin aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb:

“O dövrdə gəncləri bir yerə toplamaq, təşkilatlandırmaq, onlara milli-mənəvi dəyərləri aşılamaq, Vətən ətrafında birləşdirmək çətin idi. Lakin Ulu Öndər müdrik uzaqgörənliyi sayəsində gənclər siyasətini düzgün quraraq bunu həyata keçirdi. Həmin siyasətin davamı olaraq biz 44 günlük Vətən müharibəsində qalib gəldik və bu gün qalib ölkənin vətəndaşı olaraq qürurla yaşayırıq”.
Mehriban Vəliyeva cəmiyyətdə erkən nikah, təhsildən yayınma, intihar halları kimi məsələlərin hələ də aktual olduğunu, ailənin və cəmiyyətin rolunu xüsusi qeyd edib. Eyni zamanda, təhsilin əvəzsiz əhəmiyyətinə də toxunub:

“Təhsil burada nə qədər rol oynaya bilər? Bu məsələ hər birimizi düşündürməlidir. 2020-ci ildə ümumtəhsil üzrə standartlar təsdiq olundu. Sənəddə bütün fənlər üzrə standartlarla yanaşı, dəyərlər anlayışına da ayrıca yer verilib. Lakin müəllimlər bu sahə əsasında fəaliyyətlərini daha da təkmilləşdirməlidirlər. Çünki tərbiyə prosesində boşluqlar yarandıqda cəmiyyətdə neqativ halların sayı artır”.
Deputat təhsil üçbucağı – müəllim, şagird və valideyn barədə danışıb. O, kamil insanın formalaşması üçün vacib sayılan bu üç tərəfdən birinin zəif olmasının mənfi təsirlərə gətirib çıxardığını da vurğulayıb. Mehriban Vəliyeva xarakterli gənclərin yetişməsinin vacibliyini xatırladaraq əlavə edib ki, akademik biliklə yanaşı, uşaqlara özünənəzarət, özünüidarə kimi keyfiyyətləri formalaşdırmaq da lazımdır. Çox vaxt yuxarı sinif şagirdləri peşə seçməkdə çətinlik çəkirlər, çünki uşaqlıqdan gələn mənəvi dəyərlər və xarakter bütövlüyü onlarda kifayət qədər formalaşmayıb”.

Deputat gənc müəllimlərin məsuliyyətini xüsusi vurğulayaraq, onların sinifdəki rolunun əvəzsiz olduğunu bildirib:

“Biz ancaq fəal uşaqlarla işləməyə üstünlük verməməliyik, küncdə sakit oturan, dərsə adaptasiya ola bilməyən şagirdlərə də diqqət ayırmalıyıq. Çünki çox zaman intihara meyilli uşaqlar da məhz bu kateqoriyaya daxildir. Sakit uşaq özünəqapanma və depressiya ilə təkbaşına mübarizə apara bilməyəndə vəziyyət pisləşir”.

Mehriban Vəliyeva sosial şəbəkələrin gənclərin tərbiyəsində ailə və məktəbdən də üstün mövqeyə keçdiyini bildirərək bugünkü texnologiyalar dövründə müəllimlərin öz funksiyalarını yenidən düşünməli olduqlarını vurğulayıb:

“Süni intellekt, internet artıq həyatımızın tərkib hissəsidir, gənclər daha çox virtual mühitdə formalaşırlar. Bu, milli dəyərlərin aşınmasına səbəb ola bilər. Ona görə çevik transformasiya etməli, məktəbləri təkcə akademik bilik verən məkan yox, həm də “laboratoriya”ya çevirməliyik. Gənclər burada empatiya, kommunikasiya, praktiki bacarıqlar qazanmalı, bəşəri və milli dəyərlərə bağlı vətəndaşlar kimi yetişməlidirlər”.

Deputat gənc müəllimlərə “yazaraq öyrənmə” metodunu da tövsiyə edib. O, xaricdə bu üsulun geniş yayılmasını nümunə göstərərək bildirib ki, hər dərsi yazmaq, təcrübəni məqalə halında paylaşmaq yeni yanaşmalar və metodlar kəşf etməyə imkan yaradır.

Azərbaycan Psixologiya Akademiyasının direktoru, həkim-psixiatr Ramil Hüseynzadə çıxışında “Müasir dövrdə psixoloji xəstəliklərin artımı narahatlıq doğurur”,- deyə bildirib.

O, sürətlə dəyişən cəmiyyətdə uşaqlar, yeniyetmələr, gənclər, hətta yaşlı nəsil arasında psixoloji xəstəliklərin yayılma tempinin yüksəldiyini diqqətə çatdırıb: “Təkcə autizmə nəzər yetirsək, görmək olar ki,  2000-ci ildə bu, hər 150 uşaqdan 1-də rast gəlinirdi. 2020-ci ildə isə bu rəqəm hər 36 uşaqdan 1-ə yüksəlib. Bundan əlavə, diqqət əskikliyi, hiperaktivlik, depressiya, psixopatiyalar və intihar hallarının da sayı artmaqdadır”.

Onun sözlərinə görə, əvvəllər bu xəstəliklərin irsi və ya sırf cəmiyyətlə əlaqəli olduğu düşünülürdüsə, hazırda “epigenetika” adlı daha geniş yanaşma qəbul edilir. Burada sosial mühit ən əsas faktordur:

“Ailə ilk sosial çevrədirsə, ikinci mühüm mühit məhz təhsil prosesidir. Məktəb təkcə akademik biliklərin ötürüldüyü yer yox, həm də insan xarakterinin formalaşdırıldığı, şəxsiyyətin yetişməsində həlledici rol oynayan məkandır”.

Müasir gənclərin sosial şəbəkələrdə şiddət, narsizm və yalançı pafosla tez-tez qarşılaşdığını vurğulayan psixiatr burada müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib:

“Sosial mediada uşaqlar hər şeyə məruz qala bilərlər. Biz onlara tam qadağa qoya bilmərik. Əvəzində faydalı kontent yaratmalı, onları real mühitdə daha çox ünsiyyətə cəlb etməliyik. Müəllim uşaqlar üçün psixoloji dayaq rolunu oynayaraq, onlara “nəyə yox deməyi” öyrətməli, emosional tənzimləmə və sosial inteqrasiyanın vacibliyini göstərməlidir”.

“Müasir uşaqları sadəcə “parta arxasında otur, dedi-qoduşuz dinlə!” prinsipi ilə tərbiyə etmək mümkün deyil. Onlara interaktiv yanaşma, sosial fəaliyyətlər təklif etməli, real həyatla inteqrasiya yollarını göstərməliyik ki, həm akademik, həm də mənəvi baxımdan sağlam gənclik yetişsin”. 

Rəsmi çıxışlardan sonra Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bahar” rəqs qrupunun rəngarəng çıxışı forum iştirakçılarına xoş anlar yaşadıb. Tədbirin ikinci hissəsində AGMA-nın Şəki şəhəri üzrə koordinatoru Gülnar Heydərzadənin moderatorluğu ilə geniş panel müzakirə aparılıb.

Paneldə spiker qismində Şəki rayonunun Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dursun Cavadova, Qax şəhər Namiq Abdullayev adına 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazlı İsmayılova və Şəki rayonu Köndələn kənd tam orta məktəbin direktoru Aytən Yusifova çıxış edib.
 
Onlar müasir təhsildə tərbiyəvi mühitin yaradılması, ailənin tərbiyə prosesindəki rolu, rəqəmsal dövrdə etik dəyərlərin qorunması, müəllim-şagird münasibətlərinin yeni dövrün tələblərinə uyğun qurulması kimi məsələlərdən danışıblar. Müzakirələr zamanı tərbiyənin forma və məzmun baxımından yenilənməsinin zəruriliyi, psixoloji yanaşmaların əhəmiyyəti və interaktiv təlim metodlarının üstünlükləri xüsusi vurğulanıb.

Forum iştirakçıları belə tədbirlərin təhsil sistemində keyfiyyətin yüksəldilməsində, pedaqoji təcrübənin paylaşılmasında və gənc müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər. Onlar yeni nəsil tərbiyəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu cür forumların davamlı şəkildə keçirilməsinin vacib olduğunu qeyd ediblər.

Qeyd edək ki, forum çərçivəsində gənc müəllimlər fikirlərini və təcrübələrini paylaşmaq imkanı qazanıb, eyni zamanda, müasir pedaqoji yanaşmalarla yaxından tanış olublar. Tədbirin sonunda forum iştirakçıları xatirə şəkilləri çəkdirib, növbəti belə görüşlərin digər regionlarda da təşkili ilə bağlı müsbət gözləntilərini ifadə ediblər. AGMA nümayəndələri ilin sonunadək analoji forumların ölkənin bütün regional təhsil idarələrini əhatə edəcəyini, gənc müəllimlərlə ustad pedaqoqlar arasında əməkdaşlıq mexanizmlərinin daha da gücləndiriləcəyini vurğulayıblar.

1 /9

Şərhlər

Xəbər lenti

8 aprel, 12:47

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

8 aprel, 12:37

DİM valideynlərə müraciət etdi: Aldanmayın!

8 aprel, 12:29

"Məktəbli avtobusu" yeni tədris ilindən tətbiq olunacaq

8 aprel, 12:22

Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb

8 aprel, 12:20

AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olublar

8 aprel, 12:01

UNEC-də “Elm Festivalı 2025” keçirilir – FOTOLAR

8 aprel, 11:50

Gələn həftədən meteor yağışı müşahidə olunacaq

8 aprel, 11:43

DİM: Hər şagirdin ümumi işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

8 aprel, 11:33

Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı vaxt bəlli oldu 

8 aprel, 11:24

ADNSU-da doktorantların elmi seminarı keçirilib

8 aprel, 11:23

DİM: Markerlər qazandıqları təcrübəni məktəbdə tətbiq edə bilərlər

8 aprel, 11:21

I sinfə müsabiqəsiz qəbul aparacaq liseylərin adları açıqlanıb

8 aprel, 11:15

Nazir: Əsas vəzifələrdən biri elm və təhsil arasındakı uçurumu aradan qaldırmaqdır

8 aprel, 11:05

Nazir: Elmi müəssisələrdə ixtisarlar olmayacaq

8 aprel, 10:43

Bakıda vakant bağça müəllimi yerlərinin siyahısı açıqlandı

8 aprel, 10:31

ADNSU-da Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib

8 aprel, 10:28

Bağça müdirləri və tərbiyəçi-müəllimlərin yerdəyişməsinə başlanılıb

8 aprel, 10:26

“Azercell Cup 2025” müsabiqəsinin birinci mərhələsi təşkil edilib

8 aprel, 09:30

Gənclərin dünyasında süni zəkanın imkanları müzakirə olunub

8 aprel, 09:26

Naxçıvanda TTKF əməkdaşları ilə görüş keçirilib  

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.