
Elm və Təhsil Nazirliyində görüş olacaq. Bir qrup gənc bu görüşün əsas iştirakçılarıdır. Aralarında iyunun 24-dən burada fəaliyyətə başlayanlar da var.
Məsələn, İsmət Bayramov Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən bu il məzun olub. Hazırda Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsində təcrübəçi kimi fəaliyyət göstərir. Bu, “Maarifçi” tələbə-məzun təcrübə proqramının sayəsində mümkün olub.
İsmət deyir ki, tələbə olandan bəri sosial fəallığına xüsusi diqqət yetirib. Universitetdə və başqa tələbə təşkilatlarında yer alıb. Hüquq sahəsində 60-dan artıq təlimin təşkilində rol oynayıb, 5 beynəlxalq müsabiqədə ölkəmizi təmsil edib.

Ombudsman Aparatı, Yasamal Rayon Məhkəməsi, Yasamal Rayon Prokurorluğunda, o cümlədən BDU-nun hüquq şöbəsində təcrübə keçib. Bütün bunlar onun “Maarifçi”yə seçilməsinə imkan verib: ““Maarifçi” tələbə-məzun proqramı barədə sosial şəbəkələrdən xəbər tutandan sonra nazirliyin saytından ətraflı məlumat aldım və müraciət etməyə qərar verdim. Bundan sonra nazirlikdə iş prosesinə fəal qoşularaq öz bacarıqlarımı inkişaf etdirəcəyəm”.
Gəncin hədəfləri böyükdür: “Atam mənə prokuror İsmət Qayıbovun adını verib və məni hər zaman prokuror kimi xəyal edib. Amma mən özümü daha çox norma yaradan biri kimi təsəvvür edirəm. Gələcəkdə özümü Milli Məclisdə görürəm. Qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfəmi vermək istəyirəm. Ümumiyyətlə, qanunlarla maraqlanıram. Boşluqlar olduğunu düşündüyüm qanunları təcrübəli şəxslərlə müzakirə etməyi sevirəm. Elə “Maarifçi” proqramına seçimin müsahibə mərhələsində də məndən hansı qanunlara dəyişiklik etmək istədiyimi soruşdular. Hər halda cavablarım onların xoşuna gəlib ki, seçilənlərdən biri olmuşam”.
Və “Maarifçi” tələbə-məzun proqramının iştirakçılarının elm və təhsil naziri Emin Əmrullayevlə gözlənilən görüşü başlayır.
“Dürüstlük təhsilin sevdiyi ən vacib keyfiyyətdir”
Nazir Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənclərə real iş mühitində elm və təhsil sahəsindəki proseslərlə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq imkanı yaratdığını və bu təşəbbüsün peşəkarların formalaşmasında mühüm rol oynadığını qeyd edib. Emin Əmrullayev proqramın bu il ilk dəfə olaraq ölkənin bütün regionlarını əhatə ediyinini bildirib: ““Maarifçi” təşəbbüsünün coğrafiyasının genişlənməsi daha çox gəncin bu imkandan faydalanmasına şərait yaradır. Proqram iştirakçılarının ixtisas və universitet rəngarəngliyi diqqət çəkir”.
Nazir proqramın məqsədlərindən danışarkən deyib ki, “Maarifçi“ gənclərin elm və təhsil sistemi ilə tanışlığı məqsədi daşıyır: “Bu, həm də sizin karyeranızı düzgün qurmağınız üçün faydalıdır. Gələcəkdə bu sistemdə çalışmaq istəyən gənclər bu təcrübə sayəsində, bəlkə də, işləmək istəmədiyini anlayacaq, günlərin birində özünə “Elm və Təhsil Nazirliyində işləsəydim necə olardı?” – sualını verməyəcək.
Emin Əmrullayev görüşdə gəncləri maraqlandıran sualları da cavablandırıb. Təhsil sahəsində həyata keçirilən islahatlar, mövcud qiymətləndirmə meyarları və formalarına münasibət bildirərkən deyib ki, dünyada tam mükəmməl sistem yoxdur. Onun fikrincə, Azərbaycanda həyata keçirilən imtahan modellərinə mükəmməl olduqları üçün deyil, şəffaf və ən real qiymətləndirməyə imkan verdiyi üçün üstünlük verilib: “Dürüstlük təhsilin sevdiyi ən vacib keyfiyyətdir”.
"Maarifçi” təcrübə toplayaraq öz sözünü deyə bilməsi üçün önəmli platformalardan biri olacaq
Nazirə “Maarifçi” təcrübəçilər çoxlu suallar veriblər. Onlardan biri – Aytən Cabbarzadə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində magistratura səviyyəsində təhsil alır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində təcrübə keçir:

“Azərbaycan Beynəlxalq Bankında iş təcrübəm olub. Kimya üzrə təhsil aldığım üçün müxtəlif institutlarda istehsalat təcrübələrinə qatılmışam. Bu təcrübələr məni başqalarından fərqləndirib və “Maarifçi” proqramına seçilənlərdən biri olmuşam”.
Gələcəyini dövlət qulluqçusu olaraq davam etdirmək istəyən gənc hesab edir ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramı bu istiamətdə onun təcrübə toplayaraq öz sözünü deyə bilməsi üçün önəmli platformalardan biri olacaq.
Üçüncü cəhddə “Maarifçi” oldu: “Ümidsizliyə qapılmadım…”
Sualını vermək üçün son ana qədər gözləyən Kəmalə Məmmədova isə “Coğrafiya müəllimliyi” ixtisası üzrə oxuyub. Bakı Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə magistratura təhsili alıb. Magistraturanı bitirib Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində saathesabı qaydada müəllim kimi pedaqoji fəaliyyətə, Bakı Avrasiya Universitetində isə innovasiya layihələri üzrə mütəxəssis kimi inzibati fəaliyyətə başlayıb: “Təhsil aldığım müddətdə bir neçə qrant layihənin qalibi və bir çox universitet layihələrində təcrübəçi kimi çalışmışam. Lakin bu sahədə yetişmək üçün peşəkar dəstək almamışdım. Karyeramı təhsil sahəsində quracağım üçün bu sahədə peşəkarlığımı artırmaq mənim üçün önəmlidir. Bu istiqamətdə ən doğru yol “Maarifçi” təcrübə proqramından keçir”.

Kəmalə “Maarifçi” təcrübə proqramı haqqında sosial şəbəkə platformasından xəbər tutub: “Həm birinci, həm də ikinci təcrübə proqramına müraciət etmişdim, amma uğurlu alınmamışdı. Ümidsizliyə qapılmadım, üçüncü proqrama da müraciət etdim və qazandım. Burada peşəkar kadrlardan mənə lazım olan təcrübəni qazanacağıma inanıram. Proqramda iştirak edə bilmək üçün işdən çıxdım. Hazırda nazirliyin Satınalmalar və qrantlar sektorunda təcrübə keçirəm.Təcrübəyə gəldiyim bu müddət ərzində sənədləşmə prosesi və qrant layihələrinin idarə olunması ilə bağlı praktik biliklər əldə etmişəm. Komanda daxilində müşahidə və öyrənmək imkanım olub, real iş mühiti ilə tanış olmaq mənim üçün çox dəyərli təcrübədir. Hər gün yeni məlumatlarla tanış olmaq və bu sahədəki bacarıqlarımı inkişaf etdirmək imkanı məni daha da həyəcanlandırır”.
Nazirlə görüş isə onun üçün yaddaqalan bir hadisə olub: “Bu səmimi görüş mənim üçün unudulmaz və dəyərli bir təcrübə olaraq yadda qalacaq”.
Nazir müavinləri, aparat rəhbəri ilə spesifik mövzular üzrə görüşlər, təlimlər nəzərdə tutulub
“Maarifçi” tələbə-məzun təcrübə proqramının işçi qrupunun icraçı katibi Tünzalə Vəliyevanın fikrincə, bu görüş proqram iştirakçıları üçün təhsil mühiti ilə tanış olmaq, praktiki əhəmiyyətini öyrənmək baxımından fürsət idi: “Ümumiyyətlə, proqramın gedişində iştirakçıların bir sıra təhsil idarəçiləri ilə görüşləri təşkil ediləcək. “Maarifçi” proqramının bundan əvvəlki buraxılışında nazir, nazir müavinləri, alarat rəhbəri, nazirliyin ayrı-ayrı struktur bölmə rəhbərləri ilə görüşüb, onların təhsilin idarə olunması ilə bağlı təcrübələrini öz dillərindən eşidib, ayrı-ayrı məsələlərlə bağlı fikirlərini öyrəniblər. Nazirlikdə təhsil siyasəti ilə məşğul olan rəhbər şəxslərlə birbaşa ünsiyyətdə olmaları, suallarına cavab almaları təhsilin idarə olunması prosesində daha yaxından iştirak etmələri üçün böyük şans yaradır. Nazir müavinləri, aparat rəhbəri, öz sahəsinin peşəkarları olan strektur bölmə rəhbərləri ilə spesifik mövzular üzrə görüşlər, təlimlər nəzərdə tutulub.
.jpg)
Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
Xatırladaq ki, III “Maarifçi” tələbə-məzun təcrübə proqramı, iyunun 24-dən start götürüb. Proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu həyata keçirir. Tələbə və məzunlar üçün təcrübə proqramıdır və elm, təhsil sahəsində insan resurslarını formalaşdırmaq, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, həmçinin təhsil islahatları prosesinə dəstək olmaq məqsədilə reallaşdırılır.
Proqramda iştirak etmək üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bakalavr səviyyəsinin IV kurs, eləcə də magistratura tələbələri və son 3 il ərzində məzun olan şəxslər müraciət edə bilir. “Maarifçi” proqramı ildə iki dəfə təşkil olunur. Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, tabeli qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər