100 mindən çox beşyaşlı uşaq məktəbəhazırlıq qruplarına gedəcək
Ölkə üzrə 100 mindən çox beşyaşlı uşaq məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb olunacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib.
Onun sözlərinə görə, bu göstərici ölkəmizdə beşyaşlı uşaqların 93 faizini əhatə edir:
“Bu il ucqar kəndlərdə uşaqların məktəbəqədər təhsillə əhatəsinin artırılması məqsədilə icma əsaslı qruplar üzrə 34 minə yaxın yer ayrılıb. İnanırıq ki, yaxın aylarda bu yerlərə də uşaqların qəbulu prosesi başa çatacaq. Bundan əlavə, valideyn-dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində isə 10 minə yaxın yer nəzərdə tutulub”.
E.Bağırov qeyd edib ki, növbəti illərdə əsas hədəflərdən biri məktəbəqədər təhsildə əhatəliliyin artırılması, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların əməyinin stimullaşdırılması olacaq.




