2026-cı ilin büdcəsində təhsil xərcləri artırılır
“Heç bir ölkənin büdcəsi ideal deyil və hökumətlər rasional büdcə siyasəti yürütməyə çalışırlar. Çünki ideal büdcə ölkənin bütün ehtiyaclarının tam ödənilməsi deməkdir. Hazırkı dövrün iqtisadi çağırışları isə ölkənin maliyyə ehtiyaclarını daha da artırıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, təkcə təhsil sahəsində həyata keçirilən genişmiqyaslı proqramların icrası üçün ayrılan 3,5 milyard manat da daxil olmaqla, 2020–2026-cı illər ərzində bu sahəyə ümumilikdə 25,3 milyard manat büdcə vəsaiti yönəldilib.
O vurğulayıb ki, təsdiq edilmiş iqtisadi inkişaf strategiyası və digər dövlət proqramlarının icrası da milyardlarla manat əlavə vəsait tələb edir. Bu baxımdan büdcə prosesində rasional və məqsədyönlü yanaşma xüsusi əhəmiyyət kəsb edir.
Azər Əmiraslanov diqqətə çatdırıb ki, 2026-cı ilin büdcə zərfi sosial yönümlüdür. Sosial xərclərin 17,1 milyard manat olması və büdcə xərclərinin 45 faizini təşkil etməsi qarşıdakı ildə də sosial siyasətin prioritet olaraq qalacağını göstərir.
Onun sözlərinə görə, 2026-cı il dövlət büdcəsində təhsil, sosial müdafiə və təminat xərclərində artımlar nəzərdə tutulub və bu artımlar icmalar üzrə xərcləri də əhatə edir.



