622 uşağa sosial reabilitasiya xidməti göstərilib

19 Yanvar, 2026 - 12:39
622 uşağa sosial reabilitasiya xidməti göstərilib

“Valideyn himayəsindən məhrum və kimsəsiz uşaqlar agentliyin uşaq evi sosial xidmət müəssisələrinə yerləşdirilib, onlardan bəziləri alternativ təhsil formalarına yönləndirilib. Eyni zamanda, bu sahədə əldə olunan müsbət nəticələr uşaqların sosial və təhsil baxımından inkişafında öz əksini tapıb. Təhsildə sosial iş xidmətləri çərçivəsində 142 ailə üçün fərdi inkişaf planı hazırlanıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib. 

O bildirib ki, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə icma əsaslı sosial xidmət mərkəzlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır:

“Bu tip sosial xidmət mərkəzlərinin sayı 6-ya çatdırılıb. Mərkəzlərdə uşaqlar üçün fərdi və qrup şəklində sosial reabilitasiya xidmətləri təşkil olunur, onların valideynləri müvafiq tədbirlərə cəlb edilir. Reabilitasiya proqramlarına cəlb olunan uşaqların inklüzivliyinin dəstəklənməsi məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Uşaqların sosiallaşması üçün müxtəlif ekskursiya və səfərlər təşkil olunur. 2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xarakterli xidmət göstərilib ki, onların 622 nəfəri uşaqdır. İl ərzində mərkəzlərdə 95 maarifləndirici, təhlükəsizlik və inklüziv mədəni tədbir təşkil edilib. Həmçinin 274 nəfərə sosial məsləhət xidməti göstərilib”.