ABŞ-də müəllimin güllələnməsinə görə direktor müavini məsuliyyətə cəlb olunur

18 May, 2026 - 12:41
ABŞ-də müəllimin güllələnməsinə görə direktor müavini məsuliyyətə cəlb olunur

ABŞ-də 6 yaşlı şagirdin müəllimini silahla vurduğu hadisə ilə bağlı məktəbin keçmiş direktor müavini təhlükə barədə xəbərdarlıqlara məhəl qoymamaqda ittiham olunaraq məhkəməyə çıxarılır.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, Virciniya ştatının Nyuport Nyus şəhərində yerləşən ibtidai məktəbin keçmiş direktor müavini Eboni Parkerin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Prokurorluğun məlumatına görə, o, məktəbə gətirilən silahdakı 8 güllənin hər biri üzrə uşaq təhlükəsizliyinə laqeyd yanaşma maddəsi ilə ittiham olunur. Hər maddə üzrə maksimum 5 il həbs cəzası nəzərdə tutulur.

İstintaq sənədlərində qeyd edilir ki, məktəb əməkdaşları hadisədən əvvəl şagirdin çantasında silah olduğu barədə Eboni Parkerə bir neçə dəfə məlumat versələr də, o, lazımi tədbirlər görməyib.

Hadisə 2023-cü ilin yanvarında “Richneck Elementary School”da baş verib. Birinci sinif müəllimi Abbi Zuerner dərs zamanı şagird tərəfindən güllələnib.

Müəllim ağır yaralanaraq iki həftəyə yaxın xəstəxanada müalicə alıb, altı əməliyyat keçirib və sol əlini tam istifadə edə bilmir. Güllənin ürəyinə yaxın hissədən keçdiyi bildirilir.

Məhkəmə materiallarına əsasən, yaralı olmasına baxmayaraq, Abbi Zuerner şagirdləri sinifdən çıxarmağa nail olub, daha sonra məktəb ofisində huşunu itirib.

Ötən ilin noyabrında münsiflər heyəti müəllimin iddiasını təmin edərək ona 10 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Şagirdin anası isə uşağa nəzarətsizlik və silahla bağlı federal ittihamlarla təxminən 4 il həbs cəzası alıb. İstintaqa görə, uşaq silahı anasının çantasından götürüb.