ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib

21 May, 2026 - 17:15
ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün Mini MBA Proqramı”nın iştirakçıları üçün növbəti ustad dərsi təşkil olunub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, ustad dərsinin qonağı ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə olub.

“Azərbaycan üçün çağırışlar: Təhsil və milli inkişaf, insan kapitalı” mövzusuna həsr olunan ustad dərsində ölkənin gələcək inkişafında təhsilin rolu, insan kapitalının formalaşdırılması, qlobal rəqabət mühitində yeni bacarıqların əhəmiyyəti və müasir dövrün sosial-iqtisadi transformasiyaları geniş müzakirə olunub.

Millət vəkili vurğulayıb ki, müasir dövrdə dövlətlərin əsas inkişaf göstəricilərindən biri insan kapitalının keyfiyyətidir. O qeyd edib ki, təhsil sistemi yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda tənqidi düşüncə, liderlik, innovativ yanaşma və qlobal bacarıqlar formalaşdırmalıdır.

Ustad dərsi çərçivəsində iştirakçılarla Azərbaycanda təhsil siyasətinin prioritet istiqamətləri, əmək bazarının dəyişən tələbləri, süni intellekt və rəqəmsallaşmanın təhsil sisteminə təsiri, universitet–məktəb–iş dünyası əməkdaşlığı və gələcəyin peşələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Fariz İsmayılzadə çıxışında təhsil liderlərinin dəyişən dövrün çağırışlarına uyğun çevik idarəetmə yanaşmalarını mənimsəməsinin vacibliyini qeyd edib. O bildirib ki, məktəb və təhsil rəhbərləri yalnız inzibati funksiyaları yerinə yetirən şəxslər deyil, eyni zamanda dəyişiklikləri idarə edən, strateji düşünən və innovasiyaları təşviq edən liderlər olmalıdırlar.

İnteraktiv formatda keçirilən ustad dərsində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, beynəlxalq təcrübələr, təhsildə keyfiyyətin artırılması, insan kapitalına investisiyanın uzunmüddətli təsirləri və milli inkişaf strategiyalarında təhsilin rolu ilə bağlı müzakirələr aparılıb.

“Təhsil liderləri üçün Mini MBA Proqramı”nın əsas məqsədi təhsil sahəsində çalışan rəhbər şəxslərin idarəetmə, strateji planlaşdırma, kommunikasiya, insan resurslarının idarə olunması və liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Proqram çərçivəsində təşkil olunan ustad dərsləri iştirakçıların müxtəlif sahələr üzrə tanınmış ekspertlər və idarəçilərlə birbaşa ünsiyyət qurmasına, onların təcrübəsindən faydalanmasına imkan yaradır.

Tədbirin sonunda iştirakçılar millət vəkili ilə xatirə fotosu çəkdirib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant &müsabiqəsi çərçivəsində keçirilir.

ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib
ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib
ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib
ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib