Adaptiv öyrənmə platforması ilkin olaraq Azərbaycan dilində hazırlanacaq - Vüsal Xanlarov
“Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “OpenAI” şirkəti arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan təhsil sistemində adaptiv öyrənmə platformasının hazırlanmasına başlanılacaq. Bu platforma “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanacaq və şagirdlərə, həmçinin müəllimlərə dəstək mexanizmi kimi əvvəlcə pilot qaydada, daha sonra isə tam şəkildə tətbiq ediləcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, hazırlanacaq həll “ChatGPT” modeli üzərində qurulacaq və bu, şagirdlərin öyrənmə prosesində hansı çətinliklərlə qarşılaşdıqlarını müəyyən etməyə imkan verəcək: “Bu platforma şagirdlərin öyrənmə prosesini təhlil edəcək və onların daha səmərəli öyrənməsi üçün fərdiləşdirilmiş tədris proqramları, tədris materialları və istiqamətləndirici resurslar təqdim edəcək”.
V.Xanlarovun sözlərinə görə, platforma eyni zamanda müəllimlərə də dəstək verəcək ki, onlar hər bir şagirdin öyrənmə irəliləyişini təhlil edə və buna uyğun olaraq öz tədris yanaşmalarını və planlarını uyğunlaşdıra bilsinlər: “Platforma ilkin olaraq Azərbaycan dilində həm şagirdlər, həm də müəllimlər üçün təqdim ediləcək. Burada əsas məqsəd süni intellekt texnologiyalarından istifadə etməklə hər bir şagirdin öyrənmə xüsusiyyətlərinə uyğun fərdiləşdirilmiş yanaşmanı tətbiq etməkdir ki, şagirdlər daha effektiv şəkildə öyrənə bilsinlər”.



