ADNSU-da fövqəladə hallarla bağlı elmi-praktik konfrans keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı, həmçinin ADNSU-nun Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə “Ali təhsil müəssisələrində fövqəladə hallar zamanı xəbərdarlığın təşkili” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə elmi cəmiyyətlərinin fəalları, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı fənnlərin tədris olunduğu ali məktəblərin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Elmi konfransı giriş sözü ilə açan ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov bu tipli tədbirlərin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov tədbirin məqsədi barədə məlumat verib, bu cür tədbirlərin keçirilməsinin vacibliyindən və tələbələrin təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyətindən bəhs edib.
Daha sonra ADNSU Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev çıxış edərək belə elmi-praktik konfransların tələbələrin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Konfransda tələbələrin mövzu üzrə təqdimatları dinlənilib, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu barədə videoçarx nümayiş olunub.



