ADNSU-da SABAH.city üzrə yeni təyinatlar olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH.city layihəsi çərçivəsində yeni təyinatlar həyata keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, ADNSU-nun Elm departamentinin direktoru, dosent Əli Əli-zadəyə SABAH.city-nin direktoru vəzifəsinin səlahiyyətləri həvalə edilib. Əli Əli-zadə kimya üzrə bakalavr, kristal kimyası üzrə magistr təhsili alıb, M.V. Lomonosov adına Moskva Dövlət Universitetində “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorantura təhsilini başa vurub. 2022-ci ildən ADNSU-da pedaqoji fəaliyyət göstərən Əli Əli-zadə 2025-ci ildən elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində rəhbər vəzifələrdə çalışıb.
Yusif İbrahimov isə SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib. Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Yusif İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.
Qeyd edək ki, SABAH.city innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin vahid ekosistemdə inkişaf etdirilməsinə yönəlmiş layihədir. Layihə çərçivəsində ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun yaradılması universitetin süni intellekt üzrə elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsinə xidmət edəcək.




