ADNSU-da şirkət rəhbərləri tələbə və məzunlarla biznesin gələcəyini müzakirə ediblər
Avqustun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə UK Alumni Business Network (UKAB) “Speaker Series” layihəsi çərçivəsində “Dəyişən Dünyada Biznes: Sürətlə dəyişən mühitdə uğurlu biznesi dayanıqlı, innovativ və davamlı edən nədir?” mövzusunda panel görüşü keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, panel müzakirəsində “Retouch Architecture & Design” şirkətinin təsisçisi Aytac İbrahimova, Metafor Construction-Engineering şirkətinin idarəedici direktoru Sabit Rzazadə, DMS Azerbaijan şirkətinin baş icraçı direktoru (CEO) Zərxanım Ağayeva, Crispa Snacks MMC-nin təsisçisi və icraçı direktoru Nahid Cabbarov spiker qismində iştirak ediblər.
Çıxışlar zamanı spikerlər qlobal iqtisadi və texnoloji dəyişikliklər fonunda biznesin dayanıqlılığının təmin olunması, innovativ yanaşmaların tətbiqi, dəyişən bazar şəraitinə uyğunlaşma, risklərin idarə edilməsi və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Onlar uğurlu biznes modelinin qurulmasında strateji planlaşdırmanın, çevik idarəetmənin və innovativ düşüncənin həlledici rolunu vurğulayıblar.
Panel iştirakçıları, həmçinin öz biznes və karyera təcrübələrindən bəhs edərək sahibkarlıq fəaliyyətinə başlama mərhələsində qarşılaşdıqları çətinliklər, əldə etdikləri uğurlar və qazandıqları uğurlar barədə ətraflı məlumat veriblər. Gənclərə peşəkar inkişaf, liderlik bacarıqlarının formalaşdırılması, innovativ düşüncə tərzinin inkişaf etdirilməsi və dinamik əmək bazarının tələblərinə uyğunlaşma istiqamətində tövsiyələr səsləndirilib.
Görüş interaktiv sual-cavab sessiyası ilə davam edib. Tələbə və məzunlar spikerlərə biznesin idarə olunması, sahibkarlıq fəaliyyəti, karyera planlaması və gələcək inkişaf perspektivləri ilə bağlı suallar ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda iştirakçılar arasında şəbəkələşmə sessiyası təşkil olunub. Sessiya çərçivəsində tələbə, məzun və biznes nümayəndələri arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib, peşəkar əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşün əsas məqsədi tələbə və məzunları müxtəlif sahələrdə uğur qazanmış biznes liderləri ilə bir araya gətirmək, onların peşəkar inkişafına dəstək olmaq, müasir biznes mühitində uğur qazanmaq üçün zəruri bilik və bacarıqların, eləcə də real iş təcrübəsinin paylaşılmasına şərait yaratmaq olub.




