ADPU-nun Quba filialında beynəlxalq təcrübə və liderlik təlimi keçirilib
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında akademik heyət və tələbələr üçün “IB Liderlik zəkaları vasitəsilə parlaq gələcəyə doğru istiqamətləndirmək” mövzusunda beynəlxalq səviyyəli təlim təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim Azərbaycan Avropa Məktəbinin CEO və direktoru, həmçinin CCAAIBWS-in sədri Françesko Bankini tərəfindən edilən keçirilib.
Təlimi açıq elan edən Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva innovativ təşəbbüslərin və yaradılan geniş imkanların əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsinin mütəmadi xarakter alması professor-müəllim və tələbə heyətinin qlobal təhsil standartlarına inteqrasiyası baxımından əvəzsiz bir töhfədir.
Təlim zamanı beynəlxalq təhsil sistemində liderlik anlayışı, IB təhsil modelinin müasir çağırışlara uyğun tətbiqi, gənclərin analitik düşünmə, qərarvermə və komandada işləmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təqdimat nümayiş olunub. Təlim çərçivəsində iştirakçılar liderlik zəkalarının formalaşdırılması, qlobal vətəndaşlıq düşüncəsinin təşviqi, XXI əsr bacarıqları və akademik mühitdə motivasiya strategiyaları barədə geniş məlumat əldə ediblər.
İnteraktiv və müzakirələrlə keçən təlim zamanı tələbə və müəllim heyəti tərəfindən qonağa müxtəlif suallar ünvanlanıb, beynəlxalq təhsil təcrübələri ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları xüsusilə müasir təhsil sistemində yaradıcı yanaşma, fərdi inkişaf və akademik liderlik mövzularına böyük maraq göstəriblər.
Təlimin sonunda xüsusi fəallığı ilə seçilən əməkdaş və tələbələrə Françesko Bankininin müəllifi olduğu kitablar hədiyyə olunub. Sonra görüş filialın Heydər Əliyev Lektoriyasında davam etdirilib.
Qeyd edək ki, ADPU-nun Quba filialında beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllimlərin qlobal təhsil mühiti ilə inteqrasiyasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.



