Ağdaşda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Ağdaş Dövlət Humanitar Kollecində xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunan tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimləri Pərvanə Süleymanova və Mehriban Nəbiyevanın təşkilatçılığı ilə hazırlanıb, iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir zamanı kollecin direktoru Mirvari Ağayeva çıxış edərək xalq şairi Səməd Vurğunun zəngin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi misilsiz töhfələrdən danışıb, belə yubiley tədbirlərinin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Əliyeva xalq şairi Səməd Vurğunun zəngin həyat yolu və çoxşaxəli yaradıcılığı haqqında geniş və məzmunlu mühazirə ilə çıxış edib. O, şairin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqedən, vətənpərvərlik ruhu ilə yoğrulmuş əsərlərindən, xalqın milli-mənəvi dəyərlərinin təbliğində göstərdiyi misilsiz xidmətlərdən ətraflı bəhs edib.
Daha sonra tələbələr tərəfindən Səməd Vurğunun yaradıcılığına həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar, musiqi nömrələri və səhnəciklər təqdim edilib. Konsert proqramı şəklində təşkil olunan tədbir yüksək əhvali-ruhiyyə və alqışlarla yadda qalıb.
Tədbir Azərbaycan ədəbiyyatına və poeziyasına olan sevginin bir daha bariz nümunəsinə çevrilib.



