“Ağıllı əsa” layihəsi – Gənclər ixtiralarını patentləşdirmək istəyirlər 

25 Mart, 2026 - 13:12
“Ağıllı əsa” layihəsi

Əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması olan “Sabahın alimləri” müsabiqəsində maraqlı layihələri ilə seçilməyi və qalib olmağı bacaran şagirdlərlə tanışlığı davam etdiririk. Müsabiqədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrinin şagirdləri də fəal iştirak ediblər.

“Azərbaycan müəllimi” II yeri tutaraq gümüş medal əldə edən Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdlərindən müsahibə alıb. 

“İnsanların həyatını asanlaşdıracaq daha böyük layihələrə, ixtiralara imza atmaq istəyirəm”

Yusif Nağıyev Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin IX sinfində təhsil alır. Dərslərinə çox məsuliyyətlə yanaşır. Bildirir ki, məktəbdə tədris olunan bütün fənlərin yeri onun üçün ayrıdır, hər birinin öz əhəmiyyəti var. Lakin fizika qanunlarını, təbiət hadisələrinin necə baş verdiyini öyrənmək və onları layihələrdə tətbiq etmək Yusifə xüsusi olaraq maraqlı gəlir: “Mən aşağı siniflərdən fəal olmağa çalışmışam. "Sabahın alimləri"nə qədər bir sıra regional yarış və müsabiqələrdə iştirak etmiş, fərqli yerlər tutmuşam. Bundan başqa, keçən il qatıldığım hakaton yarışmasında yarımfinal mərhələsinə qədər yüksəlməyi bacarmışdım. Bütün bu təcrübələr məni inkişaf etdirsə də, "Sabahın alimləri" iştirak etdiyim ən böyük və ən uğurlu layihə müsabiqəsi oldu. Biz müsabiqəyə gözdən əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş "Ultrasonik sensorlu əsa" layihəsi ilə qatıldıq. Komandamızın adı “Şabran Ultrasəs komandası" idi. Cəmiyyətimizə, xüsusən də köməyə ehtiyacı olan insanlara texnologiya vasitəsilə necə fayda verə biləcəyimizi düşünürdük. İdeyamız yarananda onu gerçəkləşdirmək və daha geniş kütləyə təqdim etmək üçün “Sabahın alimləri” müsabiqəsi ən yaxşı platforma idi. Bu yolda bizə ən böyük dəstəyi fizika müəllimimiz və layihə rəhbərimiz Yaqut Cəfərova göstərdi. Onun bizə olan inamı, verdiyi istiqamət və mənəvi dəstəyi olmadan bu uğuru qazanmaq çox çətin olardı”. 

Gənc ixtiraçı qeyd edir ki, layihənin məqsədi görmə məhdudiyyətli insanların küçədə və qapalı məkanlarda daha təhlükəsiz və sərbəst hərəkət etməsini təmin etməkdir. Onun sözlərinə görə, adi əsalar yalnız yerdəki maneələri hiss edir, lakin insanın bel və ya baş səviyyəsində olan maneələri (məsələn: ağac budaqları, asılmış əşyalar, açıq pəncərələr) tuta bilmir. Layihə haqqında məlumat verən məktəbli deyir: “Bizim yaratdığımız əsa xüsusi beyindən (mikroçipdən), ultrasonik sensordan və xəbərdarlıq edən səs/titrəyiş motorundan ibarətdir. Sensor irəliyə doğru səs dalğaları göndərir və qarşıda maneə varsa, səs dalğası çırpılıb geri qayıdır. Mikroçip çox qısa müddətdə bu məsafəni hesablayır. Maneə insana təhlükəli dərəcədə yaxınlaşdıqda, əsa səs və ya titrəyişlə istifadəçiyə dərhal xəbərdarlıq edir. Layihəmiz münsiflər tərəfindən çox rəğbət və maraqla qarşılandı. Xüsusilə də layihənin sadə, amma cəmiyyət üçün çox faydalı bir həll olması onların diqqətini çəkdi. Yekun nəticələrə görə, komandamız bu layihə ilə 2-ci yerə - gümüş medala layiq görüldü”. 

Yusif Nağıyev qalib adını eşidəndə keçirdiyi hissləri belə ifadə edir: “Çox böyük sevinc və qürur hissi yaşadıq. Nəticələr elan olunanda layihə rəhbərimiz Yaqut müəllimin sevincindən həyəcanla sağa-sola qaçmasını və bizimlə necə qürur duyduğunu görmək çəkdiyimiz bütün zəhmətə dəyərdi. Bu qalibiyyət bizə çox böyük motivasiya verdi. İnandıq ki, əgər bir işə ürəklə yanaşıb əziyyət çəkirsənsə, nəticəsi həmişə gözəl olur. Mənim əsas hədəfim və ən böyük arzum Bakı Ali Neft Məktəbində təhsil almaqdır. Öz sahəmin mükəmməl mütəxəssisi olmaq, ölkəmizin inkişafına kömək edəcək və insanların həyatını asanlaşdıracaq daha böyük layihələrə, ixtiralara imza atmaq istəyirəm”. 

“Arzum layihəmizi daha da böyütmək və onu patentləşdirməkdir”

Arzu Seyidverdiyeva Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin IX sinfində təhsil alır. Yusif kimi onun da ən sevdiyi fənn fizikadır: “6-cı sinifdən bizə fizika dərsi tədris olunur və mənim üçün bu dərsin xüsusi yeri var. Çünki bu fənn təbiətin qanunlarını öyrədir və çox maraqlıdır. Biz layihəmizdə də fizikanın qanunlarına əsasən işlər görmüşük. "Sabahın alimləri"nə qədər regional yarışma olan "Gənc tədqiqatçılar" müsabiqəsində komanda yoldaşım Yusif Nağıyev və sinif yoldaşım Sübhan Aslanovla bərabər 2-ci yerə layiq görülmüşük. Bundan başqa, 7 və 8-ci siniflərdə RFM və RFO-da final mərhələsinə qədər yüksəlmişəm. Lahiyə rəhbərimiz, həmçinin də fizika müəllimimiz Yaqut Cəfərova bizə belə bir layihə haqqında məlumat verdi və biz bu yarışmaya qatılmaq qərarına gəldik. Əvvəlcə cəmiyyətə xeyirli və həmçinin də aktual mövzu axtarırdıq, bu yolda müəllimimiz hər zaman bizə inandı və dəstəklədi, onun inamı və dəstəyi bizə çox böyük kömək oldu. Əminliklə deyə bilərəm ki, Yaqut müəllimsiz bu layihədə qalib gəlməyimiz çox çətin olardı”. 

Görmə əngəlli şəxslər üçün nəzərdə tutulmuş "Ultrasonik sensorlu əsa" layihəsi haqqında danışan qalib onun bir növ insanın "görən gözləri" rolunu oynadığını qeyd edir. Layihənin münsiflər tərəfindən çox bəyənildiyini qürurla vurğulayan Arzu deyir: “Nəticələrə əsasən komandamız bu lahiyə ilə respublika üzrə "Fizika-astronomiya" nominasiyasında 2-ci yerə layiq görüldü. Qaliblər açıqlananda öz rayonumuzun adını - "Şabran" eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Çox böyük sevinc və qürur hissi yaşadıq. Qalib olan anda Yaqut müəlliməmizin gözlərindəki o sevinci və qürur hissini görmək bütün əziyyətimizə dəydi, çünki ən çox müəllimimizi qürurlandırmaq üçün qalib olmaq istəyirdim. Mənim hədəfim məktəbi bitirdikdən sonra Bakı Ali Neft Məktəbində ali təhsil almaqdır. İkinci bir arzum layihəmizi daha da böyütmək və onu patentləşdirməkdir”.