Süni intellektlə Azərbaycan dilinin orfoqrafik bazası yaradılacaq - Nadir Məmmədli

25 May, 2026 - 11:55
Süni intellektlə Azərbaycan dilinin orfoqrafik bazası yaradılacaq

“Heç bir ali məktəbdə nə süni intellekt, nə də kompüter dilçiliyi istiqaməti yoxdur. Bu, yalnız Dilçilik İnstitutunda mövcuddur və biz artıq bu məsələ ilə ciddi məşğul oluruq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.

O bildirib ki, ilk dəfə olaraq məhz Dilçilik İnstitutunda süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafik bazası yaradılmağa başlanılıb: “Bu, türk xalqları arasında analoqu olmayan təşəbbüsdür. Heç birində yoxdur.

Bu, ilk təşəbbüsdür və əlbəttə, çox çətin olacaq. Amma artıq başlamışıq və ilk mərhələdə sadəcə olaraq Azərbaycan dilinə aid 55 milyon söz vahidi toplaya bilmişik”.

N.Məmmədli qeyd edib ki, təkrar söz və ifadələr çıxarılanda nəticədə təxminən 220 min söz müəyyən edilib. “Faktiki olaraq dilimizdə işlənən söz ehtiyatı təxminən 220 min söz səviyyəsində görünür. İndi biz onları emal edirik. Həmin sözləri ayırd etməliyik: hansıları aktiv işlənir, hansıları işlənmir”.

Direktorun sözlərinə görə, həmin sözlər lüğətə daxil edilməzdən əvvəl tezlik lüğətindən keçiriləcək: “Tezlik lüğəti göstərəcək ki, hansı söz 100 min dəfə, 50 min dəfə, 10 min dəfə işlənib.

Təsadüfi işlənən sözləri həmin lüğətə salmaq, əlbəttə, düzgün deyil.

Bütün bunlar müəyyən elmi prinsiplər əsasında aparılır”.