Ali məktəblərə qəbul olanların qeydiyyatı bu tarixdə başlayır

24 Avqust, 2026 - 19:56
Ali məktəblərə qəbul olanların qeydiyyatı bu tarixdə başlayır

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyatdan keçmək üçün ilk növbədə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək. Bu halda onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.