Ali məktəblərə qəbul qaydası dəyişdirilir?- DİM sədrindən AÇIQLAMA  

6 May, 2026 - 15:24
Ali məktəblərə qəbul qaydası dəyişdirilir?- DİM sədrindən AÇIQLAMA  

“İmtahanların tamamilə ləğv olunması ilə bağlı fikirlər reallığı əks etdirmir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində səsləndirib.

“Bəzən belə yanaşmalar səsləndirilir ki, imtahanlar ləğv olunsun, kim istəyir ali məktəbə daxil olub oxusun, ümumiyyətlə, müsabiqə olmasın. Təsəvvür edin, bu, nəyə gətirib çıxara bilər”, - deyə o qeyd edib.

M.Abbaszadə qeyd edib ki, bəzi inkişaf etmiş ölkələrdə yalnız buraxılış imtahanı əsasında ali məktəbə tələbə qəbulu həyata keçirilir: “Orada imtahan formal olaraq buraxılış imtahanıdır və ali məktəblər qəbul prosesini onun nəticələrinə əsasən aparırlar.
Azərbaycanda da müəyyən mənada bu model tətbiq olunur. Belə ki, buraxılış imtahanının nəticəsi ilə təxminən 300 bal toplayaraq bəzi ixtisas qruplarında ali məktəbə qəbul olmaq mümkündür”.

Onun sözlərinə görə, əlavə fənlər üzrə ikinci mərhələ imtahanlarının olub-olmaması isə müzakirə mövzusu olaraq qalır: “Üç fənn üzrə keçirilən ikinci mərhələ imtahanlarının zəruriliyi daim müzakirə edilir. Bu məsələdə sifarişçi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir və bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

DİM sədri vurğulayıb ki, kütləvi qiymətləndirmənin ləğvi və qəbul prosesinin tam şəkildə ali məktəblərə həvalə olunması gündəmdə deyil: “Kütləvi imtahanların keçirilməsi və vahid standartların tətbiqi vacibdir. Məqsəd odur ki, gənclər ali təhsil müəssisələrini elə bilik və bacarıqlarla bitirsinlər ki, müasir əmək bazarında özlərinə yer tapa bilsinlər”.