Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb

3 Noyabr, 2025 - 12:49
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb
Ali təhsilin əlçatanlığı və əhatəliliyi artırılıb

Ali təhsil müəssisələrinə qəbulun, müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri təhlil edilir. Rəqəmlər, sadəcə mövcud vəziyyəti göstərmir, həm də gələcəyi müəyyənləşdirir, hətta daha böyük gələcəyə hesablanmış qərarlara təsir edir. Həmin rəqəmlər Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurumların nümayəndələrinin və ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə bu günlərdə təşkil edilən müzakirələrdə əsas istinad  mənbəyi olub. Toplanma səbəbi isə növbəti tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun proqnozlaşdırılması idi. 

Azərbaycan Texniki Universitetində reallaşan müzakirələr növbəti tədris ili üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində ali təhsil müəssisələrinə tələbə qəbulu layihələrinin hazırlanması məqsədilə artıq ikinci ildir təşkil edilib. Müzakirələrdə ali təhsil müəssisələrinin nümayəndələri fəal iştirak edərək öz təkliflərini səsləndirib, yeni ilin qəbul planında nəzərə alınmasını vacib hesab etdikləri məqamlara diqqət çəkiblər.



Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli müzakirələri açaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd növbəti tədris ili üçün qəbul planının hazırlanmasıdır. Bu prosesdə müşahidə olunan çətinliklərə diqqət çəkən müşavir qeyd edib ki, müzakirələr nəticəsində atılması nəzərdə tutulan addımların uzun perspektivdə nələrə gətirib çıxaracağı ilə bağlı düşüncələr ortaya çıxır və bu, görüləcək tədbirlərin düşünülmüş, məqsədyönlü olmasını təmin edir.  

Təhlillərin nəticələri növbəti tədris ili üzrə tələbə qəbulunun proqnozlaşdırılmasında nəzərə alınır

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri: bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə qəbulun nəticələrinin statistik təhlilinin əhəmiyyətinə diqqət çəkib. Təhlillərin nəticələri növbəti tədris ili üzrə tələbə qəbulunun proqnozlaşdırılmasında nəzərə alınır.
Müzakirələrdə ali təhsil müəssisələrinə bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə qəbulun nəticələrinin statistik təhlili təqdim edilib. 

Təhlillər nə deyir?

Elm, ali və peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Ülvi İsmayılov təqdimatla çıxış edərək ixtisas təsnifatında dəyişikliklərə diqqət çəkib. O, əmək bazarında aktuallığını itirən bir çox ixtisasın təsnifatdan çıxarıldığını, bəzi ixtisasların ixtisas qrupunun dəyişdiyini, dövrün tələbinə uyğun olaraq yeni ixtisasların təsnifata salındığını qeyd edib. Beləliklə, bakalavriat səviyyəsi üzrə müəyyən olunan 153 ixtisasdan 7-si tamamilə yeni ixtisas olub. 2025-2026-cı tədris ilində həmin ixtisaslardan bir neçəsində tələbə qəbulu planlaşdırılıb. Daha öncə əsas (baza ali) tibb təhsili səviyyəsində olan “İctimai səhiyyə” ixtisası bu təhsil səviyyəsindən çıxarılaraq  bakalavriat səviyyəsinin səhiyyə ixtisasları qrupuna daxil edilib”.

İxtisasları Nazirlər Kabineti, ixtisaslaşmaları Elm və Təhsil Nazirliyi müəyyən edib təsdiqləyir

Ü.İsmayılov bildirib ki, köklü dəyişikliklər magistratura səviyyəsində baş verib. Aktuallığını itirən təxminən 40-a yaxın ixtisas yeni redaksiyada verilib və ya tamamilə təsnifatdan çıxarılıb. 20 yeni ixtisas təsnifata daxil edilib. Ümumilikdə 129 ixtisas altında 928 ixtisaslaşma müəyyən edilib. 
O qeyd edib ki, indiyədək ixtisaslar və ixtisaslaşmalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Artıq yeni təsnifatda ixtisasları Nazirlər Kabineti, ixtisaslaşmaları isə Elm və Təhsil Nazirliyi təsdiqləyir.
Rezidentura səviyyəsində 44 ixtisas müəyyən olunub. Onlardan 8-i yeni ixtisasdır.
Ülvi İsmayılov 2025-2026-cı tədris ilinin statistik göstəricilərindən danışarkən deyib ki, bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 63025 tələbə qəbulu yeri planlaşdırılıb. Həmin yerlərin 48 faizinə, yəni 29962 yerə qəbul dövlət sifarişi əsasında aparılıb: “Ümumilikdə sosial qrupa aid olanları və xüsusi təyinatlı təhsil müəssisələrini nəzərə alanda deyə bilərik ki, hər 2 tələbədən biri dövlət hesabına təhsil alır”.

Son 4 ildə qəbul yerləri 17, dövlət sifarişli yerlər isə 22 faiz artıb

Ülvi İsmayılov bakalavriat səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə son 4 ildə həm qəbul yerlərinin sayında, həm də dövlət sifarişli yerlərin sayında müsbət dinamika müşahidə olunduğunu deyib: “Son 4 ildə qəbul yerləri 17 faiz, dövlət sifarişli yerlər isə 22 faiz artıb. Ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri müəssisələr və ixtisas qrupları üzrə fərqli olsa da, ümumilikdə faktiki qəbulun nəticələri göstərib ki, plan yerləri 97 faiz dolub”. 

Nazirlik əməkdaşı bakalavriat səviyyəsində ən çox ixtisasın texniki və texnoloji ixtisas qrupunda formalaşdığını qeyd edib: “Bu qrupda bakalavriat səviyyəsi üzrə 45 ixtisas müəyyən olunub. Qəbul planının 24 faizi məhz bu ixtisas qrupunun payına düşüb. Dövlət sifarişli yerlərin payı da burada yüksək həddədir. 29962 dövlət sifarişli yerin təxminən 40 faizi bu ixtisas qrupunun payına düşüb. Sözügedən qrupda faktiki qəbul 94 faiz təşkil edib”.

Eyni zamanda digər ixtisas qrupları üzrə də statistik nəticələri diqqətə çatdıran Ülvi İsmayılov, xüsusilə bəzi ixtisas qruplarında tələbə qəbulu planlaşdırılan zaman optimallaşdırma proseslərinin həyata keçirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, təhsil ixtisasları qrupunda son illərdə bir çox optimallaşdırılma prosesi həyata keçirilib. Müəllimlərin işə qəbulu imtahanlarının nəticələri, ümumi təhsil müəssisələrində mövcud vakansiyalar nəzərə alınmaqla xüsusilə humanitar yönümlü müəllimlik ixtisaslarında qəbul yerlərinin sayı azaldılıb: “Son illərdə müəllimlik ixtisaslarında qəbul yerlərinin sayı təxminən 15 faiz, bəzi ixtisaslar üzrə hətta 30 faizdən çox azaldılıb. Bu daha çox “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Tarix müəllimliyi”, “Xarici dil müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisaslarında olub”.

Texnika və texnoloji ixtisaslar qrupuna aid olan bir çox ixtisasların aid olduğu sahələr üzrə dövlətin bir çox strateji sənədlərində konkret hədəflər müəyyən olunub. Bu səbəbdən son illərdə qəbul planlarında da, dövlət sifarişli yerlərin sayında da müsbət dinamika müşhidə olunub.

Kəmiyyətlə yanaşı, keyfiyyət baxımından da optimallaşdırılma müşahidə olunduğunu vurğulayan Ü.İsmayılov xüsusilə “Mühəndislik” ixtisasında qiyabi təhsil alma formasında tələbə qəbulunun 2 ildir planlaşdırılmadığına diqqət çəkib. O, əsas (baza ali) tibb təhsili səviyyəsi və bakalavriat səviyyəsinin səhiyyə ixtisasları qrupunda qəbul yerlərinin hamsının yalnız dövlət sifarişi əsasında planlaşdırıldığını və bütün yerlərin dolduğunu bildirib.

Magistratura səviyyəsində 82 faiz faktiki qəbul qeydə alınıb

2025-2026-cı tədris ili üzrə magistratura səviyyəsində 17558 qəbul yerlərinin 40 faizi, yəni 7094 yer dövlət sifarişi əsasında planlaşdırılıb və planlanan qəbul yerlərinin  82 faizi dolub.
Rezidentura səviyyəsi üzrə 2025-2026-cı tədris ilində bütün yerlər dövlət sifarişi əsasında nəzərdə tutulub. Faktiki qəbul 75 faiz təşkil edib. 
Doktoranturada da bir çox optimallaşdırma tədbirləri həyata keçirilib. Ümumilikdə 1177 tələbə qəbulu planlaşdırılıb. 753 nəfər qəbul olunub. Onların 64 faizi ali təhsil, 36 faizi elmi müəssisələrə qəbul olub.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qoyulan hədəflərə nail olunub

Ülvi İsmayılov əlavə edib ki, ali təhsildə qoyulan hədəfə nail olunub: ““Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsilin əlçatanlığının və əhatəliliyinin, o cümlədən dövlət sifarişli yerlərinin sayının artırılması və dövrün sonunda ali təhsil müəssisələrinə qəbul olanların sayının 75 min nəfərə çatdırılması hədəf olaraq müəyyən edilib. Biz deyə bilərik ki, artıq ali təhsil müəssisələrinə qəbulda 75 min nəfərin qəbul olunması ilə bağlı hədəfə çatmışıq”.

Yaşlanma problemi: elmi kadrların 63 faizi 50 yaşından yuxarı olanlardır

Elm, ali və peşə təhsili şöbəsinin aparıcı mütəxəssisi İlkin Məmmədovun ali təhsil müəssisələrində elm istiqaməti üzrə təqdim etdiyi təhlillərdə ölkədə 38 ali təhsil müəssisəsindən daxil olan və həmçinin beynəlxalq elmi bazaların açıq məlumatlarına istinad olunub. Kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə aparılan bu təhlillər 2 əsas istiqaməti əhatə edib. Ali təhsil müəssisələrinin fəaliyyətinin 2 əsas sütunu - elmi kadr potensialı və elmi məhsuldarlıq göstəriciləri təhlil edilib. Ali təhsil müəssisələrində çalışanların elmi dərəcələri, yaşı təhlil edilib. Məlum olub ki, elmi dərəcə tələbinə baxmayaraq, ali təhsil müəssisələrində elmi dərəcəsi olmayan kifayət qədər kadr çalışır. Ali təhsil müəssisələrində çalışanların 37 faizi 50 yaşdan aşağı yaş kateqoriyasında olanlar, böyük əksəriyyəti, 63 faizi 50 yaşından yuxarı olanlardır: “Buradan belə bir nəticə çıxarmaq olar ki, ali təhsil müəssisələrində elmi-pedaqoji kadrlarla bağlı yaşlanma problemi var. Bu, ali təhsil müəssisələrinin diqqət etməli olduğu məsələlərdən biridir”.

Elmi məhsuldarlıq göstəriciləri daha geniş məfhum olduğundan təhlillərdə elmi nəşrlər əsas götürülüb. Burada isə xüsusilə “Scopus” elmmetrik bazasının məlumatlarından istifadə edilib. Son 3 ilin nəticələri göstərib ki, bu sahədə müsbət dinamika müşahidə olunub. 2024-cü ildə nəşr sayı 2022-ci illə müqayisədə 2 dəfədən çox artaraq 2087-dən 5251-ə çatıb. Eyni zamanda elmmetrik bazadan əldə olunan məlumatlara əsasən Q1 və Q2 kateqoriyalı nəşrlərdə də 2022-2024-cü illərdə müsbət dinamika müşahidə olunub və bu kateqoriyalı nəşrlərin ümumi nəşrlərin içərisindəki payı davamlı olaraq artıb. Müvafiq kateqoriya üzrə nəşrlərin payı 2024-cü ildə 55 faiz təşkil edib.

Doktorantura səviyyəsində daha doğru və real tələbə qəbulu planı ortaya çıxacaq

Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “Azərbaycan müəllimi”nə müsahibəsində müzakirələrin nəticələrindən danışıb: “İlkin proqnoz layihələri hazırlanmadan öncə müzakirələr zəruridir. Bu tədbirdə məqsəd ali təhsil müəssisələrinə proqnozlaşdırılan tələbə qəbulu layihələrinin hazırlanmasına hazırlıq xarakteri daşıyır. Məqsəd ali təhsil müəssisələrinin növbəti tədris ili üçün tələbə qəbulu proqnozlaşdırılmasında düzgün və məqsədəuyğun layihələr təqdim edilməsidir”. 

Şöbə müdiri keçən il keçirilən tədbirin müsbət təsiri olduğunu vurğulayıb: “Ötən il keçirilən müzakirələr hesabatlarda effektiv oldu. Əvvəlcədən ali təhsil müəssisələrinə verilmiş təlimat əsasında qəbul planının formalaşdırılmasının şahidi olduq. Düşünürük ki, bu davam etdirilməlidir”.

Bu il həm də elmi hesabatların təhlili aparılıb: “Elmi müəssisələrdən nazirliyə təqdim edilən elmi hesabatları da təhlil etmişik. Təhlillər əsasında ilkin hesabat hazırlayıb təqdim etdik. Doktorantura səviyyəsində daha doğru və real tələbə qəbulu planlarının ortaya çıxacağına ümid edirik”.