Alimlər SAF-a qatılsalar, məktəblilərin nailiyyətləri daha yüksək olar - İqrar Nəzərov
“13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulan “H2 Pro Grand Prix Pro” kateqoriyasında yarışan komandalar məktəb-universitet-istehsalat əməkdaşlığına nail olmalıdırlar. Universitetlərdə çalışan alimlər, tədqiqatçı tələbələr prosesə cəlb olunsalar, sənayedən, istehsalatdan mühəndislər prosesə qatılsalar, festivalda yarışan məktəblilərin nailiyyətləri daha yüksək olar.
Bunu "STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov SAF-2025-in final tədbirində Elmi Komitənin hesabatını təqdim edərkən deyib.
İ.Nəzərovun sözlərinə görə, digər kateqoriyalar üzrə ölkə məktəblilərinin nəticələri qənaətbəxşdir: “Peyk texnologiyaları üzrə bacarıqlarını yarışdıran şagirdlərin nəticələri ürəkaçandır. Sürətli robotlar yarışında şagirdlər çox yüksək nəticə əldə edib: ““NextGen Creators” – Yaradıcı nəsillər kateqoriyasında şagirdlərə mühəndislik və texniki bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək imkanı yaradılıb. Müsabiqə çərçivəsində iştirakçılar verilmiş texniki tələblərə uyğun olaraq möhkəm və funksional körpü modeli dizayn ediblər. Bu proses zamanı onlar mühəndislik prinsiplərinə əsaslanan hesablama və analitik düşünmə bacarıqlarından istifadə edərək innovativ və yaradıcı həllər təqdim ediblər. Körpü xüsusi təzyiq altında sıxılıb və sınma effekti yoxlanılıb. Məktəblilərin hazırladığı 1 kiloqramlıq körpü 67 kiloqramlıq yükü götürə bilib.
İqrar Nəzərov bildirib ki, bu, kifayət qədər yüksək nəticədir. Başqa bir tapşırıqda iştirakçılar çap olunan avtomobilləri heç bir yapışdırıcıdan istifadə etmədən hərəkətə gətirməli və ən uzun yol qət etməli idilər. Məktəblilər bu sınaqdan da uğurla çıxıb və onların ən uzun yol gedən maşını 6.5 metrə çatıb”.
İ.Nəzərov qeyd edib ki, SAF 2025-də yarışan tələbələr kənd təsərrüfatı sahəsində ağıllı sistemlərə üstünlük veriblər: “Bu da bizi sevindirir, çünki hər ikisi Azərbaycan üçün vacib amildir”.



