Müəllimlə direktor arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Xəzər rayonu Ramiz Qasımov adına 216 saylı tam orta məktəbdə direktor vəzifəsini icra edən Çinarə Cəbrayılova ilə ingilis dili müəllimi Sədaqət Babayeva arasında yaşanan mübahisə nəticəsində müəllimin xəstəxanalıq olduğu iddiaları yayılıb. Məktəb rəhbərliyindən iddialara aydınlıq gətirilib.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, ingilis dili müəlliminin davranışları ilə əlaqədar bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə təhsil müəssisəsinin rəhbərliyinə şikayət olunub. Nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
04.11.2025-ci il tarixində məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, Məktəb Həmkarlar Komitəsinin sədri qeyd olunan ingilis dili müəllimi ilə söhbət aparıblar. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb.
Qeyd olunan müəllimin davamlı xarakter almış bu kimi hərəkətləri məktəbdaxili pedaqoji mühitin və tədris prosesinin pozulmasına səbəb olur.



