Kolleclərdə bu ixtisaslar üzrə qəbul göstəricisi 93 faiz olub
“2026/2027-ci tədris ilində kolleclərdə kənd təsərrüfatı ixtisasları üzrə qəbul planının 66 faizi yerinə yetirilib. Bu, təqdim edilən ixtisas qrupları arasında ən aşağı göstəricidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva bildirib.
Onun sözlərinə görə, ən yüksək göstəricilər iqtisadiyyat və idarəetmə, eləcə də səhiyyə, rifah və xidmət ixtisasları qruplarında qeydə alınıb:
“Cari tədris ilində iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə qəbul planı 93 faiz, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə də 93 faiz yerinə yetirilib. Texniki və texnoloji ixtisaslar üzrə bu göstərici 89 faiz, təhsil ixtisasları üzrə 87 faiz olub. Humanitar və sosial ixtisaslarda qəbul planı 82 faiz, mədəniyyət və incəsənət ixtisaslarında 78 faiz yerinə yetirilib. Kənd təsərrüfatı ixtisaslarında isə göstərici 66 faiz təşkil edib”.
S.Babayeva bildirib ki, əvvəlki illərin nəticələri də iqtisadiyyat və idarəetmə, həmçinin səhiyyə, rifah və xidmət ixtisasları qruplarına marağın yüksək olaraq qaldığını göstərir.




