“Süni intellektin xaç anası” - çinli qızın inanılmaz həyat hekayəsi
O, ABŞ-yə cəmi 16 yaşında, cibində pulu, dilində isə ingiliscə bircə söz belə olmadan yollanıb. Bu gün isə Fei-Fei Li 390 milyard dollarlıq süni intellekt sənayesinin təməlini qoyan alim kimi “Süni intellektin xaç anası” kimi tanınır.
“Azərbaycan müəllimi” çinli alimin həyat və elm yoluna nəzər yetirib.
Parlaq zehnin çətin başlanğıcı
Fei-Fei Li 3 iyul 1976-cı ildə siyasi qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə Çində anadan olub, böyüyüb. Öz ağlı və fərqli düşüncə tərzi ilə erkən yaşlarından diqqət çəkib. Onun parlaq zəkası bir qız uşağı üçün “çox yüksək” hesab olunurdu. O, məktəb illərini belə xatırlayır: “Düşünürəm ki, hamı kimi deyildim. Fərqli şeyləri bəyəndim. Çox kitab oxumuşam. Avropa ədəbiyyatını, hər cür elmi fantastika və elmi əsər oxumağı çox sevirdim. Uşaqlığımın əhəmiyyətli bir hissəsi çox sayda kitabın təsiri altında keçdi. Bu, düşüncə müstəqilliyimi inkişaf etdirməyimə çox kömək etdi. Ona görə də məktəbdə nümunəvi şagird deyildim. Müəllimlər “gəlin hamımız Fei-Fei-dən nümunə götürək” demədilər. Qəti şəkildə yox”.
Texnologiyaya ilkin maraq
Fei-Fei Linin həyat yolu orta məktəbdən aydın idi. O, elmə can atırdı. Sonralar xatırlayırdı: “Uşaqlıqda elm, kainat, kosmos və həyatın mənşəyi haqqında çox şey oxudum, buna görə öz aləmimdə, hətta Çində də bir alim idim. Düşünürəm ki, həqiqət axtarışında gözəl bir şeylər var. Alimin əsas fəlsəfəsi həqiqətə can atmaqdır: kainatın əsas qanunları hansılardır? Həyatın əsas qanunları hansılardır? Zəkanın əsas qanunları hansılardır? Buna görə elmi öyrənməkdə olduqca ardıcıl idim. Həyat yolum məni əvvəldən elmə aparırdı”.
Sevimli müəllimi haqqında
ABŞ-yə köçdükdən sonra Fei-Fei Li Nyu-Cersi ştatında Parsippani Liseyində təhsil alıb. “Bu təhsil ocağı çox sadə təsir bağışlayırdı, amma mənə həqiqətən kömək edən bir müəllimim var idi. Riyaziyyat müəllimim Bob Sabella. Məktəbdə mənə dəstək olmaq üçün riyaziyyat öyrənmə sinfi yaratdı. Yayda getməyə yerim olmayanda mənə yataqxanaya və yenidən kollecə köçməkdə kömək etdi”.
Bob Sabella kimi yaxşı bir müəllimlə təsadüf onun həyatını dəyişdi. B.Sabella çinli qızın istedadını kəşf etdi. Müəllimi onun elmə və ədəbiyyata marağını yönləndirdi və Fei-Fei-yə potensialının sərhədsiz olduğunu göstərdi. O gündən etibarən Fei-Fei öz gələcək taleyini özü yazmağa başladı.
Quru təmizləyici qız
ABŞ-yə köçdükdən sonra Fei-Fei ailəsi ilə birgə yaşamaq üçün ev məsələsini həll etməli, həm də ailəsinə kömək etməli idi. “Hər şey Prinstondakı Kollecin birinci kursunda başladı. Bütün ailə ilə yaşamalı idik; Nyu-Cersidə quru təmizləmə mərkəzini idarə etmək ən yaxşı bir seçim idi (gülür). Mən onu yeddi il idarə etdim. Bu, həqiqətən mənim kollec təhsilimi və aspiranturanın ilk illərini təmin etdi. Hər həftəsonu, cümə-bazar günləri quru təmizləmə ilə məşğul olurdum. İngilis dilində azacıq danışa bildiyim üçün bu işi idarə etdim. Geriyə baxanda deyə bilərəm ki, bu, həqiqətən yaxşı bir təcrübə idi, amma əlbəttə ki, asan deyildi”.
Həyat dərsləri
Həm yaşamaq, həm də təhsil xərclərini ödəmək üçün quru təmizləmə müəssisəsi onun həyatına əvəzsiz təsr göstərdi, lazımı həyat dərsləri verdi, eləcə də dünyagörüşünü və elmi yönümünü müəyyənləşdirdi. “Hər şeydən əvvəl, inanıram ki, həmişə xəyalınızı və ehtirasınızı izləməlisiniz, eyni zamanda vəzifələrinizi yerinə yetirməlisiniz. Bu, həyatın ikililiyidir. Bəzən paradoksaldır, amma həmişə düşünürəm ki, bu iki vacib hədəfi birləşdirən bir yol tapmaq lazımdır. Yalnız vəzifələrinizi yerinə yetirmədən bir xəyalı izləyə bilməzsiniz, ancaq məsuliyyət naminə xəyalı izləməyə davam etməlisiniz. Düşünürəm ki, quru təmizləməni Prinstonda fizika təhsili, nevrologiya və süni intellektlə birləşdirə bilmək və indi olduğum yerdə olmaq — hər ikisini etdiyim üçün şadam. Quru təmizləmə, Çin restoranı, sevimli itlə gəzinti və ya başqa bir şey olsun - belə təvazökar bir başlanğıc və təməl, ruh üçün çox vacibdir. Nə qədər təvazökar olsa, çətin anlarda səni daha yüksəklərə qaldırır. Bunu necə təsvir edəcəyimi bilmirəm, amma bunun həqiqətən vacib olduğunu düşünürəm. Bu, təkcə mənə aid deyil. Bu məni hər kəsin həyatını qiymətləndirməyə məcbur edir. Bu gün harada olsam da, içimdəki hər kəsə rəğbət bəsləyir. İndi quru təmizləməni idarə etməyim o demək deyil ki, başqalarının problemlərindən və qarşılaşdıqları çətinliklərdən xəbərdar olmamalıyam”.
Elm dünyasında yüksəliş
1999-cu ildə Fei-Fei Prinston Universitetini “Fizika” ixtisası üzrə bitirdi. 2005-ci ildə isə Kaliforniya Texnologiya İnstitutunda (Caltech) elektrik mühəndisliyi üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi aldı. Bu nailiyyətlər onun elmi karyerasında yeni bir mərhələnin başlanğıcı oldu. O, Prinston Universitetində (2007-2009) və Urbana-Şampeyn İllinoys Universitetində (2005-2006) çalışıb. 2013-cü ildə isə universitetin Prinston Universitetinin Süni İntellekt Laboratoriyasının direktoru oldu.
Dr. Li süni intellekt texnologiyalarında müsbət və insan mərkəzli irəliləyişi təmin etmək üçün milli və yerli siyasətçilərlə işləyir, o cümlədən ABŞ Senatı və Konqresinin bir sıra iclaslarında məsləhətçi kimi çıxışlar edir. Milli Mühəndislik Akademiyasının (NAE), Milli Tibb Akademiyasının (NAM) və Amerika İncəsənət və Elmlər Akademiyasının (AAAS) seçilmiş üzvü olan Li BMT-nin Baş Katibinin xüsusi məsləhətçisidir.
“ImageNet”: Süni intellektin görməyə başladığı an
Fei-Fei Li 2006-cı ildə “ImageNet” layihəsini yaradıb, bu, süni intellektin obyektləri və səhnələri insan kimi tanımasına imkan verən inqilabi məlumat bazası idi. Bu layihə olmadan 2010-cu illərin “dərin öyrənmə” (deep learning) inqilabı baş verməzdi. 2017-ci ildə “Google Cloud” şirkətinə süni intellekt və maşın öyrənməsi üzrə vitse-prezident və baş elmi işçi kimi qoşulub.
Fei-Fei Li 2025-ci il fevralın 4-də fizika üzrə Nobel mükafatı laureatı Çon Hopfild ilə birlikdə Londonda Kraliça Elizabet Mühəndislik mükafatına layiq görülən yeddi alim və mühəndisdən biri idi. Mükafat bildirişində deyilirdi: “Bu mühəndislərin birgə işi müasir dünyanı formalaşdıran ən maraqlı yeniliklərin arxasında olan maşın öyrənməsinin əsasını qoydu. Li “həm maşın öyrənmə alqoritmlərinin öyrənilməsini dəstəkləmək, həm də bu sahədə irəliləməni qiymətləndirmək üçün yüksək keyfiyyətli məlumat dəstlərinin təmin edilməsinin vacibliyini" sübut etdiyi üçün mükafatlandırıldı. Obyekt tanıma proqramında araşdırma aparmaq üçün istifadə olunan geniş miqyaslı bir görüntü məlumat bazası olan “ImageNet”i yaratmaqla Li kompüter görmə alqoritmlərinin öyrədilməsində və qiymətləndirilməsində mühüm rol oynayan milyonlarla işarələnmiş görüntüyə (3.5 milyona yaxın) girişi təmin etdi".
O, texnologiyadan insan ləyaqətinə xələl gətirməyəcək şəkildə istifadə etməyə çalışır. Fei-Fei Li qeyd edir ki, süni intellekt dünyanı dəyişən ilk texnologiya deyil, və inkişafa xidmət edən hər bir dəyişiklik daha yaxşıdır. "Əgər biz tarixin istənilən nöqtəsinə baxsaq, həm odlu silahın, həm buxar mühərrikinin, elektrik enerjisinin yaradılmasına doğru sürətlə irəliləyiriksə, düşünürəm ki, müzakirələr çox oxşar olacaq: texnologiya iki tərəfli qılıncdır. Texnologiya imkanları genişləndirir, lakin güclə yanaşı təhlükə də var. Düşünürəm ki, eyni şey süni intellektə də aiddir". Li təsvir etdiyi perspektivlər və təhlükələr haqqında hamıdan çox şey bilir. Onun tədqiqatları müasir süni intellektə əsaslanan görüntü tanıma sistemlərinin əsasını qoyub və AI-nin səhiyyəyə tətbiqini genişləndirib.
İlham qaynağına çevrilən alim
2017-ci ildə Fei-Fei texnologiyanın insan üstünlüklərini ortaya qoymaq məqsədilə orta məktəb şagirdlərini süni intellektlə fərqli perspektiv və təcrübə ilə tanış edən “AI4ALL” adlı xeyriyyə təşkilatını təsis etdib. Onun məqsədi süni intellekt sahəsində xüsusilə qızlar olmaqla, az təmsil olunan gənclərə qapılar açmaq idi. AI təhsilində inklüzivliyi və müxtəlifliyi artırmaq məqsədi daşıyan “AI4ALL” Fei-Fei Linin ən uğurlu layihələrindən biridir.
Li süni zəkaya insan mərkəzli bir yanaşmanın tərəfdarıdır: “AI heç vaxt insanları, xüsusən ləyaqətimizi, empatiyamızı, mərhəmətimizi, sevgimizi, özünə hörmətimizi əvəz etməməlidir, amma AI insanların imkanlarını gücləndirən və bu imkanları genişləndirmək üçün əla bir vasitədir. Süni intellekt insanlar tərəfindən yaradılıb və insanlar tərəfindən istifadə olunur və insanlar tərəfindən idarə olunmalıdır”.
Li AI ilə əlaqəli mövzularda ABŞ Konqresində təşkil olunan dinləmələrdə çıxış edib və texnologiyanın məsuliyyətli istifadəsi üçün siyasət hazırlamaq üçün yerli və milli liderlərlə əməkdaşlıq edir.
O, 2019-cu ildən etibarən Stenford Universitetinin İnsana Yönəlik Süni İntellekt İnstitutunun (HAI) həmsədri kimi fəaliyyət göstərir və süni intellektin insan mərkəzli inkişafını təşviq edir.
Onun işi yalnız maşınlara “görməyi” öyrətmədi, o, dünyaya süni intellekti başqa cür görməyi öyrətdi.
Yeni dövrün başlanğıcı: World Labs
Dr. Fey-Fey Linin əsas tədqiqat sahələri maşın öyrənmə, dərin öyrənmə, kompüter görmə, idrak və hesablama nevrologiyasıdır. Onun “Nature”, “PNAS”, “Neuroscience Journal”, “CVPR”, “ICCV”, “NIPS”, “IEEE-PAMI” və s.daxil olmaqla aparıcı jurnallarda və konfranslarda 200-ə yaxın elmi məqaləsi dərc olunub. Dr. Li müasir süni intellekt və dərin öyrənmə inqilabının yaranmasının üç hərəkətverici qüvvəsindən biri kimi qəbul edilən kritik genişmiqyaslı verilənlər bazası və müqayisəli səylər olan “ImageNet” və “ImageNet Challenge”in ixtiraçısıdır. Texniki töhfəsinə əlavə olaraq, STEM və AI-də müxtəliflik üçün aparıcı milli səsdir. Fei-Fei hələ də dayanmayıb. 2024-cü ildə o, “World Labs” adlı şirkəti təsis edib və süni intellektin ətrafdakı üçölçülü fiziki dünyanı daha dərindən anlamağı üçün 230 milyon dollar sərmayə toplayıb.
Qlobal tanınma və ilhamverici mesaj
Bu gün onu haqlı olaraq “Süni intellektin xaç anası” adlandırırlar. Bu titul nə şöhrətdən, nə də gücdən qaynaqlanır, illərlə süni intellektin necə öyrəndiyini, düşündüyünü və insanlığa necə xidmət etməli olduğunu formalaşdıran bir ömürdən doğur.
Onun nailiyyətləri dünya səviyyəsində tanınıb:
* “Time” jurnalının süni intellekt sahəsində ən nüfuzlu 100 şəxsindən biri
* “Forbes” tərəfindən Amerikanın texnologiya sahəsində ən güclü 50 qadını
* “Intel”in İnnovasiyaya görə Ömürlük Nailiyyət Mükafatı
Dr. Fei-Fei Li-nin hekayəsi bir daha sübut edir:
“Haradan başladığın deyil, inanıb çalışdığın yerdir səni zirvəyə aparan”. O, süni intellektin gələcəyini formalaşdırmaqla yanaşı, milyonlarla insana, xüsusilə də gənc qadınlara “mümkünsüz görünəni mümkün etmək” ruhunu aşılayır.
“Soruşa bilərsiniz: “Bu texnologiyaları nə üçün yaradırıq?”. Bu, sadəcə zənginləşmək və ya dünyanın ən böyük şirkətini yaratmaq istəyi ola bilməz. Bu, insanların xeyrinə olmalıdır”.
“Dünyaya fəqrli bucaqlardan baxa bildiyim üçün çox minnətdaram. Bu, mənə ortaq cəhətlərimiz və fərqlərimizi necə qiymətləndirmək barədə çoxlu empatik anlayış verir”.



