STEM-ə yatırılan hər 1 funt 26 funt dəyər yaradır – Britaniyalı mütəxəssis

18 Noyabr, 2025 - 16:25
STEM-ə yatırılan hər 1 funt 26 funt dəyər yaradır

STEAM Azərbaycan Festivalının ikinci günündə Böyük Britaniyanın STEM Təhsil Mərkəzinin aparıcı mütəxəssisi Mark Langley “STEM təhsili: STEM təhsilinin 21 illik təkmilləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. 

O, müasir təhsil sistemində inklüzivlik, müəllim hazırlığı və STEM sahələrinin gələcək üçün strateji əhəmiyyəti barədə mühüm mesajlar verib.

Çıxışının əvvəlində Langley müəllim hazırlığının və inklüziv STEM tədrisinin gələcək səriştəli nəsillərin formalaşmasında həlledici rol oynadığını qeyd edib.

Mütəxəssis vurğulayıb ki, uşaqlar arasında STEM fənlərinə maraq yüksək olsa da, bir çox gənclər bu sahələri öz gələcəkləri ilə əlaqələndirmirlər. Onun fikrincə, bunun əsas səbəbi gənclərin STEM-i real həyatla bağlaya bilməməsi və bu sahələrdə özlərinə bənzər nümunələri görməməsidir.

Langley beynəlxalq araşdırmalara istinad edərək bildirib:
“Bütün tədqiqatlar göstərir ki, şagirdlərin müəyyən sahəni seçməsində ən mühüm faktor müəllimin tədris keyfiyyətidir. İkinci ən böyük təsir isə valideynlərin rol model olmasıdır”.

İbtidai sinif müəllimlərinin STEM biliklərinin olmasının vacibliyinə toxunan mütəxəssis Böyük Britaniyada STEM-in necə tədris edildiyindən və öz mərkəzlərində tətbiq olunan yanaşmalardan danışıb. Onun sözlərinə görə, onların mərkəzlərində fəaliyyət göstərən laboratoriya mərkəzləri universitet tədqiqat laboratoriyası təsəvvürü ilə deyil, məktəblərin real şəraitinə uyğun təcrübə modelləri ilə işləyir:

“Biz mərkəzlərimizi elə qurmuşuq ki, müəllimlər gördükləri təcrübəni tam olaraq öz məktəblərinə qaytara bilsinlər. Burada əsas məqsəd praktik və tətbiq edilə bilən tədrisdir”.

Çıxışının sonunda Langley STEM təhsilinə qoyulan sərmayənin yüksək iqtisadi və sosial geri dönüş yaratdığını vurğulayıb:
“Sənaye və ya dövlət tərəfindən STEM-ə yatırılan hər 1 funt 25 il ərzində 26 funt sosial dəyər olaraq geri qayıdır” - deyə qeyd edib.

Cəvahir Əmrahova