SAF 2025 başlayıb – CANLI
Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, regionun ən böyük festivallarından olan rəsmi açılış mərasimində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif ölkələrdən gələn qonaqlar, eləcə də özəl şirkət rəhbərləri iştirak edirlər.
Ümumilikdə festivalda təmsil olunan ölkələrin sayı 22-dir.
Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə müxtəlif ölkələrin şagirdləri, tələbələr, mentorlar və ekspertlər iştirak edirlər. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir. Festivalda iştirak üçün ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib, final mərhələsinə onların 1400-dən çoxu vəsiqə qazanıb. İştirakçıların 202-i 19 xarici ölkəni təmsil edir.



