Yüksək nəticə: Şimal-qərb bölgəsinin məktəbliləri SAF-2025-dən 32 medalla qayıdıblar
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 39 komanda SAF 2025 – Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsində uğurla çıxış edərək müxtəlif kateqoriyalar üzrə ümumilikdə 32 medal qazanıb, nominasiyalar üzrə isə 12 qalib müəyyənləşib. Bu böyük uğurla bağlı qızıl medal alan komandaların təəssüratlarını öyrəndik.
Zəhmət, əzm və böyük hədəflər
Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbi təmsil edən "RoboX" komandası Mexatronika kateqoriyasında birinci yerə çıxaraq qızıl medal qazanıb.
Komandanın mentoru, riyaziyyat müəllimi Zeynəb Heydərova bizimlə söhbəti zamanı qeyd etdi ki, “hər bir uğurun arxasında böyük bir zəhmət var. Bu, bizim SAF yarışlarında ilk iştirakımızdır və qazandığımız qələbə çoxlarının arzusudur. Biz bir daha əmin olduq ki, insan bir işə əmək verdikdə, əzmkarlıq göstərdikdə, kənar fikirləri dinləmədən böyük hədəflər qoyaraq yalnız irəliyə doğru gedərsə, onun əldə etməyəcəyi heç nə ola bilməz”. O, əlavə olaraq vurğuladı ki, “Mən şagirdlərimlə fəxr edirəm. Bu uğur yalnız bizim deyil, bütün Azərbaycanın uğurudur”.
Aydın Məmmədli (10-cu sinif şagirdi) öz növbəsində bildirdi ki, “ilk dəfə beynəlxalq səviyyəli yarışda iştirak edib qızıl medal qazanmaq həyəcanı sözlə ifadəolunmazdır. Mentor müəllimimizin inamı və dəstəyi, bizim isə bu işə həsr etdiyimiz saatlar nəticəsini verdi”.
Ömərnur Omarov (10-cu sinif şagirdi) fikirlərini bölüşərkən vurğuladı ki, “Robotumuzun funksionallığının yüksək qiymətləndirilməsi gələcək layihələr üçün bizə böyük motivasiya verdi. Bu təcrübə sübut etdi ki, ardıcıl zəhmət və komanda ruhu ilə hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür”.
Qax rayonunun digər qalibləri isə “Skycore” komandasıdır (Cubesat Kateqoriyası).
Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi təmsil edən "Skycore" komandası Cubesat kateqoriyasında birinci yerə sahib çıxaraq qızıl medalla yanaşı, “Design Award” nominasiyasının qalibi də olub.
Misidə Aşurova (mentor) bizimlə söhbəti zamanı qeyd etdi ki, “şagirdlərimiz SAF 2025-də iştirak etməklə öz bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə etdilər. Onlar müxtəlif ölkələrdən gəlmiş iştirakçılarla təcrübə mübadiləsi apardılar və beynəlxalq mühitdə özlərini sınaqdan keçirdilər”. O əlavə olaraq vurğuladı ki, "Cubesat” layihəmizin “Design Award” nominasiyasına layiq görülməsi ideyamızın nə qədər innovativ olduğunun sübutudur. Şagirdlərimiz bu uğurlu təcrübədən ilhamlanaraq gələcəkdə daha böyük nailiyyətlər qazanmaq üçün motivasiya olunublar”.
Şimal Qərb bölgəsindən digər qaliblər isə Zaqatala rayonundandılar. “LegoManiya” komandası “Lego” kateqoriyasında qızıl medal qazanaraq böyük sevinc yaşayıb.
Gülüstan Mehdiyeva (mentor) qeyd etdi ki: “Şagirdlərimin sualtı tullantıları toplayan robot layihəsi ilə birinci yerə yüksəlməsi mənə qürur verir. SAF festivalı onlara tək rəqabət mühiti deyil, həm də real problemlərin həllinə töhfə vermək imkanı yaratdı”. O, şagirdlərinin komanda ruhunu yüksək qiymətləndirərək vurğuladı ki, “Onların komanda işi və festivala məsuliyyətlə yanaşması bu uğurun əsas səbəbidir. Bu qələbə gələcəyin texnoloqları olacaq şagirdlərimizin potensialının parlaq göstəricisidir”.
Ayla Laçınzadə (3b sinif şagirdi) öz növbəsində bildirdi ki: “Sualtı tullantıları toplayan robotumuzun birinciliyə layiq görülməsi bizim üçün böyük qürur oldu. Yarışma bizə komanda işinin nə qədər vacib olduğunu öyrətdi”.
Ümüd Şabanov (5b sinif şagirdi) fikirlərini bölüşərkən qeyd etdi ki: “Ən böyük təəssüratımız ideyamıza dəyər verildiyini görmək oldu, bu, bizə yeni layihələr üçün daha böyük motivasiya verdi. Birinciliyi elan etdikdə yaşadığımız sevinc bütün zəhmətimizi doğruldan an idi”.
Rayonun digər komandası, Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli tam orta məktəbin "Meg Tech" komandası “İnnovation and Entrepreneurship” kateqoriyası üzrə 1-ci yerə layiq görülərək qızıl medalla mükafatlandırılıb.
Firdovsə Nəbiyeva (müəllim, mentor) bizimlə söhbət zamanı vurğuladı ki: “Bu yarışa qatılarkən şagirdlərimin texnologiya sahəsində biliyi, savadı və araşdırma bacarığı mənə əvvəlcədən uğur qazanacağımıza dair güclü bir hiss yaratmışdı. Şagirdlərim Azərbaycan, ingilis və rus dillərində sərbəst danışaraq layihəni peşəkar şəkildə təqdim etdilər. Xüsusən də Milli STEAM Təhsil Mərkəzinin baş təhsil rəhbəri Mark Lenqli onların çıxışlarını böyük maraqla izlədi və heyranlığını bildirdi”.
Aydın Sulxayev (11a sinif şagirdi) bildirdi ki: “Layihənin texniki hissəsində yüksək dəqiqlik, analitik yanaşma və innovativ fikirlərlə seçilməyimiz, özümüzü inamla ifadə etməyimiz münsiflərə çox təsir etdi. Layihəmizin İnnovasiya və sahibkarlıq kateqoriyasında birinci yerə layiq görülməsi bizim üçün böyük stimuldur”.
Nihat Muradlı (11B sinif şagirdi) fikirlərini bölüşərkən qeyd etdi ki: “Layihənin ideyası və təqdimat bacarığı, səlis nitqim və xüsusilə ingilis dilində sərbəst çıxışım xarici qonaqların diqqətini çəkdi. SAF 2025 bizim üçün sadəcə bir yarış deyil, həm də beynəlxalq təcrübə, geniş ünsiyyət imkanları və yeni motivasiya mənbəyi oldu”.
Şimal-Qərb bölgəsinin məktəblilərinin bu möhtəşəm nəticəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova da öz fikirlərini bölüşərək qeyd etdi ki: “Şəki-Zaqatala Regional Təhsil İdarəsi olaraq SAF-2025 Beynəlxalq STEAM Azərbaycan Festivalında məktəblilərimizin əldə etdiyi 32 medal, xüsusilə qızıl medallar bölgəmizdə STEAM təhsilinin inkişafının və müəllimlərimizin peşəkarlığının bariz göstəricisidir. Bu nailiyyətlər göstərir ki, bölgə məktəblilərimizdə yaradıcılıq, texnoloji biliklər və innovativ düşüncə tərzi uğurla formalaşır. Bütün qalibləri, onların mentorlarını və valideynlərini təbrik edirəm”.
Medal qazanan komandaların tam siyahısı
Qeyd edək ki, SAF-2025 Beynəlxalq STEAM Azərbaycan Festivalında Şimal-Qərb bölgəsinin məktəbliləri tərəfindən qazanılan digər uğurlar aşağıdakılardır:
Zaqatala rayonunun komandaları:
1-ci yer (Qızıl medal): “MegTech”, “LegoManiya”
2-ci yer (Gümüş medal): “FluX”, “TurboMind”, “Meqatron”
3-cü yer (Bürünc medal): “Robokids”, “RoboMatrix”, “Roboteam”, “NovaRange”, “SolorSpace”, “Dragons”
Qax rayonunun komandaları:
1-ci yer (Qızıl medal): “RoboX”, “Skycore”
2-ci yer (Gümüş medal): “LEGOBOYS”, “Cyber Wake”, “CodeVibe”, “FPV Racer”
3-cü yer (Bürünc medal): “Blokland”, “LEGEND”
Balakən rayonunun komandaları:
2-ci yer (Gümüş medal): “Starlight”, “Smart YSS”, “Power Pair”, “2N'ergy”
3-cü yer (Bürünc medal): “PowerBoys”, “GameMaster”, “Village”, “MorphoTech”, “BrainPals”, “StarTech”
Şəki, Oğuz və Qəbələ rayonları:
Şəki: “TexnoHelp1” – 2-ci yer (Gümüş medal)
Oğuz: “GoalBots” – 3-cü yer (Bürünc medal)
Qəbələ: “RED21SAT” – 3-cü yer (Bürünc medal)
Qeyd edək ki, yuxarıda adıçəkilən medallarla yanaşı, Zaqataladan “Star”, “SPR LiONS”, “SubZero”, “Shield”, Qaxdan “Dev Duo”, “Şahinlər”, “Thunder”, Oğuzdan “Karman”, “GoalBots”, Şəkidən “Radron”, Balakəndən “Tech Creators Balakən” və Qəbələdən “RED21SAT” komandaları müxtəlif nominasiyalarda qalib olaraq mükafatlandırılıblar.


