İbtidai sinif şagirdlərinin STEM-ə marağını necə artırmaq olar?
İbtidai təhsil dövründə uşaqlarda elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrinə marağın formalaşdırılması onların gələcək peşə seçimi və təhsil istiqaməti üçün mühüm rol oynayır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə London Universitet Kollecinin (UCL) Mühəndislik Təhsili Mərkəzinin müəllimi Şarlot Moqan Consun məqaləsində bildirilib.
Müəllif qeyd edir ki, universitet müəllimləri və alimlər çox vaxt kiçikyaşlı uşaqlarla işləməyə hazır olmurlar. Halbuki araşdırmalar göstərir ki, elmə münasibət və gələcək peşə arzuları məhz ibtidai məktəb illərində formalaşmağa başlayır.
Məqalədə vurğulanır ki, uşaqlara STEM mövzularını izah edərkən mürəkkəb elmi terminlərdən mümkün qədər az istifadə edilməli, yeni anlayışlar isə sadə dillə izah olunmalıdır. Mütəxəssisin fikrincə, məqsəd uşaqların elmi terminləri düzgün mənimsəməsinə kömək etməkdir.
Şarlot Moqan Cons hesab edir ki, dərslərdə gündəlik həyatdan götürülən nümunələr və sadə təcrübələrdən istifadə etmək uşaqların mövzunu daha yaxşı anlamasına kömək edir. Məsələn, işığın sınmasını su dolu stəkandakı qələmlə, ultrabənövşəyi şüaların təsirini isə sadə müşahidələrlə nümayiş etdirmək mümkündür. Bu cür fəaliyyətlər xüsusi avadanlıq tələb etmədiyindən məktəblər üçün də əlverişlidir.
Müəllif həmçinin universitet nümayəndələrinə məktəblərlə sıx əməkdaşlıq etməyi, müəllimlərin tədris planı və şagirdlərin xüsusiyyətləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.
Onun sözlərinə görə, uşaqlarla diqqətlə dinləmək, suallarını təşviq etmək və hər bir şagirdin ehtiyaclarını nəzərə almaq STEM-ə marağın artırılmasında mühüm əhəmiyyət daşıyır.
Məqalədə vurğulanır ki, ibtidai sinif şagirdləri ilə uğurlu STEM fəaliyyəti mürəkkəb elmi izahlar verməkdən daha çox uşaqlarda elmə qarşı maraq, özünəinam və araşdırma həvəsi formalaşdırmağa xidmət etməlidir.




