“Robot 6 top götürə bilir” – Tələbələrin sıfırdan başladığı layihə uğur qazandı
Bu günlərdə Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən “VEX V5 Robotics Competition” Azərbaycan turnirində Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin “RoboTeam” və “Peşəkarlar” komandaları uğurlu nəticə göstəriblər. Yarışda komandaların üzvləri sıfırdan yığdıqları robotu və onun iş prinsipini təqdim ediblər.
"Azərbaycan müəllimi" komandaların bəzi iştirakçıları və mentoru ilə həmsöhbət olub.
İlk olaraq Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Baytarlıq və heyvandarlıq” ixtisası üzrə təhsil alan, "Peşəkarlar" komandasının üzvü Polad Nağıyev fikirlərini bölüşür: "Komandamız 4 nəfərdən ibarət idi. Mən robotun mühəndisiyəm. Robotu müəyyən dəstək alaraq sıfırdan yığdıq. Yığılan robot 4 motordan ibarət idi. Bu motorlardan 1-i topu çəkir, 1-i topları atır, digər 2-si isə təkərləri idarə edirdi. Robot 6 top götürə bilir və 15 saniyəlik avtonom var idi. Bunu da komanda şəkilində kodlaşdırdıq. Respublika turnirində 2 nəfərlik komandalar şəklində mübarizə aparırdıq. Komanda olaraq 4-cü yeri qazansaq da ruhdan düşmürük, daha böyük uğurlara doğru addımlamağa çalışırıq".
Növbəti müsahibimiz “RoboTeam” komandasının üzvlərindən Şahin Quliyevdir. Ş.Quliyev proqramla idarə olunan sanaye avadanlıqları ixtisasının 2-ci kurs tələbəsidir. O deyir ki, turnirdə bəzi çətinliklər olsa da, öhdəsindən gəlməyi bacarıblar. Müsahibimiz bu yarışın ünsiyyət bacarıqlarını artırdığını, komanda şəklində işləməyin müsbət tərəflərini kəşf etdiyini bildirir: “Robotumuzu sıfırdan yığdıq. Bəzən toplar yaxşı götürmürdü, bu nasazlığı müəyyən mənbələrdən dəstək alaraq təmir etdik. Komanda şəkilində robotu kodlaşdırdıq, sonra isə respublika turnirinə qoşulduq. Yarışa iki komanda ilə qatılmışdıq. Sonda nəticələrə əsasən 3-cü yerin qalibi olduq. Bu nəticə daha irəli getmək üçun motivasiyamız oldu”.
Yarışda hər incə detala diqqətlə yanaşdıqlarını deyən İlkin Rəsulov “Peşəkarlar” komandasının üzvü, “Binaların tikintisi və istismarı” ixtisası üzrə III kurs tələbəsidir: "Bir neçə gün əvvəl “VEX V5 Robotics Competition” Azərbaycan turnirində iştirak etdik. Yoldaşlarımla birgə yarışa hazırkaşarkən həyəcanlı, eyni zamanda məsuliyyətli idik. Ən kiçik səhv böyük uğursuzluq demək idi. Bacardığımız qədər yaxşı olmağa çalışdıq və yarışı 4-cü yerdə bitirdik. Düşünürəm ki, bu qələbə gələcəkdə inkişafımızda böyük rol oynayacaq".
Son olaraq komandanın mentoru Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Rahib Qarayev də fikirlərini bizimlə bölüşür. O, bu turnirin və qazandıqları uğurların tələbələrin şəxsi və karyera inkişafında mühüm yer tutacağını bildirir.
“Bir mentor və müəllim olaraq ən xoşuma gələn hal, tələbələrimizin boş olan vaxtlarını XXI əsrin bacarıqlarını mənimsəyərək özlərini gələcəkdəki peşələrinə hazrlamaqlarıdır. İkinci isə onu deyə bilərəm ki, tələbələr yarışlarda iştirak edərək komanda halında işləməyi bacarırlar, bu da onlarda ünsiyyət, liderlik və digər bacarıqlarını tez bir zamanda artırmağa kömək edir".



