“Bəzən missiyamızı çətinləşdirirdilər” –Birincilər qalibiyyətə gedən yoldan danışırlar

24 Noyabr, 2025 - 11:16
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”
“Bəzən missiyamızı çətinləşdirirdilər”

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı “Ekspo” Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) yekunlaşıb. Bu möhtəşəm festivalda iştirak edən Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin 10 komandasından 3 -ü I yerin qalibi olub. Beləliklə də məktəblilər SAF 2025-də son 5 ilin ən böyük uğuruna imza atıblar.

“Azərbaycan müəllimi” Naxçıvanın ümumtəhsil məktəblərinin qalib şagirdləri ilə həmsöhbət olub, onların festival təəssüratlarını öyrənib.  

"FluTech" kateqoriyası üzrə qızıl medal qazanan “Griffin” komandasının üzvü Nicat Babaverdiyev Naxçıvan şəhər Qarnizon tam orta məktəbinin 9-cu sinif şagirdidir. Nicatın komandası SAF 2025-in qaliblərindəndir. Yarışdan bəhs edən məktəbli deyir ki, onlar iki mərhələ üzrə yarışıblar: 

“Mən simulyasiya pilotu idim. Vəzifəm verilən tapşırıqları keçərək yüksək xal əldə etmək, “Yanğını söndür və xilas et” maneələrini keçərək ən qısa vaxta finala çatmaq idi”.

Nicat deyir ki, birinci yerə çıxacaqlarına inanıblar: “Çünki biz dronumuzu maksimum dərəcədə kiçik hazırlamışdıq ki, bu da qalib olmağımıza səbəb oldu. Gələcəkdə belə yarışlara qatılmaq üçün hər zaman çalışacağıq”.

Onur Abdullayevin “Phoenix” adlı komandası da "FluTech" kateqoriyası üzrə yarışıb və birincilik qazanıb.

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi deyir ki, komandaları SAF-a birinci dəfədir ki, qatılır:

“İki aydır intensiv şəkildə hazırlaşmağa başlamışdıq. Mentorumuzla birlikdə gecə saatlarına qədər mərkəzdə qalırdıq. Çətinliklərlə qarşılaşanda komanda ilə birlikdə onları həll edirdik. Bu əzm və inadkarlığımız sayəsində birinci yerin qalibi olduq”. 

Onur deyir ki, yarışlarda böyük mübarizə aparıblar:

“Yarış başlayandan qalib gələcəyimizə əmin idik. Qalib olduğumuzu eşidəndə qürur duyduq. Orada komanda ruhunu, bir yerdə işləmək ruhunu öyrəndik. Bir neçə komanda üzvləri ilə dostluq əlaqələri qurduq. Gələn il də yarışa qatılaraq uğur qazanmağı planlayırıq”. 

Qızıl medal qazanan “İmagination Reality” komandasının mentoru Seymur Məmmədzadə ilə yarış haqqında söhbətləşirik. O, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin mütəxəssisidir. Təmsil etdiyi komanda SAF-a birinci dəfədir qatılır. Deyir ki, yarış çox gərgin və çətin keçib: 

“Rəqiblərimiz çox güclü idi. Amma yarışda rəqabət ruhu var idi. Final mərhələsində bizdən ən uzun məsafə gedə bilən rezinli maşın tələb etmişdilər. İçində elektronika vasitə olmadığı üçün bu çox çətin  mexanizm idi. Bizdən tələb olunan məsafə 3 metr 50 sm idi, modelimiz 13 metr qət edə bildi. Münsiflər hətta bəzən gücümüzü görmək üçün missiyamızı çətinləşdirirdilər”.

Qalib adını eşidəndə yaşadıqları duyğuya gəlincə isə deyir ki, yer tutacaqlarına və özlərinə inamları həmişə olub:

“Festivalda ilk dəfədir ki, iştirak edirdik və komandamızın heç bir təcrübəsi yox idi. Sevinirəm ki, mənim və şagirdlərin əziyyəti yerdə qalmadı. Uşaqları da motivasiya edirdim ki, özlərinə inansınlar. Orada atmosferin təsirində həyəcanlana bilərdilər. 64 komanda arasında qalibiyyəti qazanmaq əvəzedilməzdir”.

Bəs maraqlıdır, SAF 2025-də son 5 ilin ən böyük uğuruna imza atan komandaların uğurunun sirri nədir? Sualımızı Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin direktoru Fuad Babayev cavablandırır. Deyir ki, ilk dəfə bu qədər böyük komanda ilə Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edirdik:

“Uğurlarımızın sayının artması üçün belə bir addım atdıq. Buna da səbəb bacarıqlı uşaqlarımızın sayının ildən-ilə artmasıdır. Onları fərqli təlimlərə cəlb etdik. Çətin proses idi, çox əziyyət çəkdilər, nəticə etibari ilə qazandılar. Biz şagirdlərimizə həmişə güvənmişik. Elə kateqoriyalar var idi ki, uğur qazanacağımıza əmin idik. Yarış bizim üçün möhtəşəm keçdi. 10 komandanın 8-i mükafatla Naxçıvana qayıtdı. Hətta bir komandamız xüsusi mükafat olan “Ən yaxşı pilot” nominasiyası üzrə qalib oldu”.

Bu il ilk dəfə “Robokids” kateqoriyası üzrə iki komanda finala vəsiqə qazanıb və balacalardan ibarət komanda bürünc medala layiq görülüb. Fuad Babayev deyir ki, 5-ci sinif şagidlərindən ibarət iki komanda üçün yarış çox həyəcanlı keçib:

“Çünki həm çox balacadırlar, həm də ilk dəfə idi ki, ailələrindən uzaqlaşırdılar. Onlar xüsusi emosiyalara qatılmışdılar. Bu həyəcanın öhdəsindən gəlmək və robotlarını təqdim etmək xüsusi bacarıq istəyir. Digər çempionlar da formalaşa-formalaşa gəlir. Ona görə də, festivalda uğur qazanmağımız çox qürurvericidir”. 

Bütün komandaları təbrik edən Fuad müəllim deyir ki, uğurlarının sayının artması üçün bundan sonra da əzmlə çalışacaqlar. 

Biz də söhbətlərimizdən bu bir-birindən bacarıqlı şagirdlərin qazandıqları medalların son olmayacağlnı anladıq. Gələcək növbəti uğurlar yaxındır.