Almaniyada işsiz ali təhsilli məzunların sayı rekord həddə çatıb
Almaniyada ali təhsil müəssisələrinin məzunları arasında işsizlərin sayı cari ilin avqust ayında 372 min nəfərə çataraq rekord səviyyəyə yüksəlib. İşsizlik ən çox 30 yaşadək gənc məzunlar arasındadır.
“Azərbaycan müəllimi” xəbər verir ki, ölkənin Federal Məşğulluq Agentliyi işsiz məzunların sayının son beş ildə davamlı artdığını bildirib.
Bununla belə, Almaniyada ali təhsil işsizliyə qarşı ən mühüm təminatlardan biri hesab olunur. 2025-ci ildə ali təhsilli məzunlar arasında işsizlik səviyyəsi 3,3 faiz təşkil edib. Bu göstərici ölkə əhalisi üzrə ümumi işsizlik səviyyəsinin təxminən yarısına bərabər olub. Peşə təhsili diplomuna malik şəxslər arasında işsizlik səviyyəsi 3,6 faiz olduğu halda, heç bir peşə ixtisasına malik olmayan şəxslərdə bu göstərici 21 faiz təşkil edib.
Süni intellekt işsizliyin artmasına təsir göstərir
Federal Məşğulluq Agentliyinin məlumatları akademik ixtisaslar üzrə işsizlik göstəricilərinin də əhəmiyyətli dərəcədə fərqləndiyini ortaya qoyub. Belə ki, müəllimlik ixtisası üzrə məzunlar arasında işsizlik səviyyəsi 2 faizdən aşağı olduğu halda, sosial və humanitar elmlər üzrə məzunlarda bu göstərici 4,6 faizə çatıb. Mühəndislik ixtisasları üzrə məzunlar arasında isə işsizlik səviyyəsi 3,8 faiz müəyyən olunub.
Federal Məşğulluq Agentliyi işsizliyin artmasına iqtisadi durğunluğun və süni intellektin əmək bazarında tətbiqinin genişlənməsinin təsir göstərdiyini bildirib. Xüsusilə karyerasının başlanğıcında olan gənc işçilərin bu prosesdən daha çox təsirləndiyi qeyd olunub. Agentliyin rəhbəri Andrea Nahles süni intellektin Almaniyanın əmək bazarında köklü dəyişikliklərə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, qarşıdakı 15 il ərzində təxminən 800 min iş yerinin aradan qalxacağı, bununla yanaşı, oxşar sayda yeni məşğulluq imkanlarının yaranacağı proqnozlaşdırılır.
A.Nahles şirkətlərə xidmət göstərən sektorlarda, eləcə də bank və sığorta sahələrində analitik vəzifələr üzrə iş yerlərinin itirilməsinin daha qabarıq müşahidə olunduğunu vurğulayıb. O qeyd edib ki, ali təhsilli məzunların iş tapmaq müddəti uzansa da, onlar digər qruplarla müqayisədə əmək bazarında hələ də daha əlverişli mövqedədirlər.




